"Tənqidlərin yaranması tamaşaçı rəyinin nəzərə alınmamasından qaynaqlanır"- Qulu Məhərrəmli

 

Texnoloji yeniliklərin yarandığı XXI əsrdə televiziya cəmiyyətin həyatında böyük rol oynayır. Media, kütləvi informasiya sahəsində televiziya sahəsi hələ də öz diqtəsini qoruyub saxlayır. Lakin ənənəvi və yeni medianın rəqabətdə olduğu dövrdə cəmiyyətin televiziya sahəsi ilə bağlı zidd fikirləri, mənfi düşüncələri ilə rastlaşa bilirik. Televiziya tənqidçisi, publisist, BDU-nun professoru Qulu Məhərrəmlidən mövzu haqqında fikirlərini aldıq:

İndiki televiziya yaradıcılığı bir çox insanların tənqidinə məruz qalır. Bu tənqidlərə əsasən, televiziyada hansı dəyişikliklər tətbiq edilməlidir?

Televiziya sahəsi həmişə tənqid olunub. Tamaşaçı həssaslığı, digər tərəfdən peşəkar tənqid ictimaiyyət zəif verilişləri müşahidə edəndə, etik normalar pozulan zaman televiziya verilişlərini tənqid edirlər. Tənqid eləmək adi tamaşaçı səviyyəsində də normal bir haldır. Əgər bir verliş tamaşaçı üçün maraqlı, faydalı deyilsə, onu məlumatlandırmadığı halda, yalnız vaxt itkisinə yol verirsə, tamaşaçı verilişi tənqid edəcək. Tənqidlərin yaranması televiziyada zəif verilişlərin çoxalması və tamaşaçı rəyinin nəzərə alınmamasından qaynaqlanır. Peşəkar səviyyə təmin olmayınca belə tənqidlər davam edəcək. Bizim üçün məzmun önəmlidir, ancaq televiziya üçün məzmunun daha maraqlı şəkildə çatdırılması önəmlidir. Televiziya rəhbərləri, prodüserlər nəzərə almalıdır ki, televiziya açıq bir sahədir. Çünki tamaşaçı həm yerli kanallara, həm də digər ölkələrin kanallarına baxaraq müqayisə edir. Müqayisə zamanı ortaya çıxan problemləri aradan qaldırmalı və verilişlərin səviyyəsini yüksəltməyə çalışmalıdırlar.


Televiziya sahəsində bir çox aparıcılar xoş səlis nitqə malik deyillər və bir sıra sözləri səhv tələffüz etməklə yanaşı, aparıcı kimi dil normalarına riayət etmirlər. Aparıcılar üçün xüsusi dil lüğəti yaradılmalıdır?


Televiziya aparıcılarının vəzifələri çox ağırdır. Çünki onlara olan tələbat artmaqla yanaşı, gözləntilər də yaranır. Əgər aparıcı özünün intellekti, ünsiyyət qabiliyyəti ilə tamaşaçını, studiaya gələnləri ələ ala bilmirsə, bu çox təəssüf doğuran haldır. Televiziyada dil normaları aparıcı üçün çox önəmli şərtlərdən biridir. Nitq bir prosesdir və aparıcının təfəkkürünü, yanaşma tərzini əks etdirir. Çox zaman özəl televiziyalarda şou proqramların aparıcıları öz nitqləri üzərində işləmirlər, problemlərə yol açırlar. Nəticədə ciddi narazıçılığa səbəb olur. Ana dili üzrə monitorinq mərkəzi var ki, mərkəz daim monitorinqlər keçirir və nəticələrini ölkə ictimaiyyətinə təqdim edir, televiziyaların özlərinə də iradlar çatdırır. Hesab edirəm ki, aparıcılar gözəl nitq qabiliyyətinə malik olana qədər bu proses davam etməlidir.

Fatimə Mustafayeva,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi

"Paralel.az"

0.018970966339111