"Sustainability" elmi jurnalında
“Ərzaq iğtişaşı” proqnozuna reaksiya

 

Bu yaxınlarda alimlər iqlim dəyişikliyi səbəbindən ərzaq tədarükünün kəsilməsinin yaxın onilliklərdə Böyük Britaniyada iğtişaşlara səbəb ola biləcəyi barədə açıqlamlar verib.

"Sustainability" elmi jurnalında dərc olunan məqalədə deyilir ki, buğda, çörək, makaron və dənli bitkilər kimi əsas məhsulların qıtlığı növbəti 50 il ərzində sosial narazılığın ən çox ehtimal olunan səbəbləridir. 

"Ərzaq tədarükü ilə bağlı daha hansı regionlarda problemlər yaşana bilər" sualı ətrafında Ölkə.Az-a danışan ekoloq Ənvər Əliyev hesab edir ki, vəziyət elə də qorxulu deyil:

"Hələlik heç kim bilmir ki, 2050-ci ilə qədər planetin başına nə iş gələcək. Bu, sadəcə, ehtimaldır. Ancaq məsələ bundadır ki, elə regionlar var ki, orada adambaşına düşən torpaq sahəsi çox böyükdür. Yəni 1 kvadrat kilometr torpaqda 2 nəfər adam yaşayır. Əsas taxıl istehsalçısı olan ölkələr (Rusiya, Kanada, Qazaxıstan, Ukrayna və s.) də bu regionlara daxildir. Bu ölkələrdə əkinçilik mədəniyyətinin aşağı olması problemi var.

Torpaqlardan istifadə məsələsinə gəldikdə isə Almaniya kimi ölkələrdə daha yüksək həcmdə taxıl götürür. Amma Rusiyada biabırçılıqdır. Təsəvvür edin ki, dünyadakı qara torpaqların təxminən 50%-i Rusiya ərazisində olsa da, burada taxılın yetişdirilməsində problem olduğuna görə onun heç yarısını da verə bilmirlər. Hansı ki, Rusiyadakı torpaqları digər ölkələrdəkindən 2-3 dəfə yaxşıdır. Bu məsələlərə nəzər salsaq, qorxu yaradacaq bir şey yoxdur". 

Qida tədarükünün kəsilməsinə səbəb olan əsas amillərdən birinin əhalinin artım tempi olduğunu deyən ekoloqun fikrincə, bu məsələ də öz həllini tapacaq. Coğrafiyaçı alim dünyada əhalinin artım tempinin əvvəlki qədər olmadığını xatırladaraq bildirib ki, artımın çox olduğu regionlarda tibbi müdaxilə ilə vəziyyəti normallaşdırmaq olar:

"Mənə elə gəlir ki, əhalinin artım tempi indiki kimi davam etməyəcək. Maksimum dərəcədə belə olacaq ki, böyük inkişaf etmiş ölkələrin hamısında nizamlanma aparılsa, yaxın onilliklərdə böyük artım olmayacaq. Hazırda Hindistanda bir az problem var, Çin vəziyyəti stabilləşdirir.

Bir ailədə iki nəfərdən artıq uşaq yoxdursa, bu o deməkdir ki, böyük artım olmayacaq. Digər regionlarda - Afrikada isə vəziyyət elədir ki, gigiyenik normaların qorunmaması, aclıq, xəstəliklər və s. səbəblərə görə təbii artım çox azdır. Burada əhalinin tibbi xidmətlərlə təminatı elə vəziyyətdədir ki, bəzən görürsən, ölümlər o artımı sıradan çıxarır. Ona görə də düşünürəm ki, əhalinin artımı ilə bağlı problem olmayacaq. 2050-ci ilə qədər mənə elə gəlir ki, əhali stabil qala bilər. Hələlik bu da proqnozdur.

2050-ci ilə qədər kataklizmalar olmasa, ərzaq cəhətdən problemlər az olacaq. Dünyada əhalinin acından ölməsindən söhbət gedə bilməz".

Ə.Əliyev həmçinin deyib ki, dünyada silahlanma məsələsi də nizama salınsa, vəziyyət müsbətə doğru dəyişəcək:

"Bu dəqiqə planetimizdə silaha verilən pulla əhalinin azı 50%-ni saxlamaq olar. Silahlanmaya həddindən artıq pul ayrılır. Vəziyyət bu templə davam edə bilməz. Əgər dövlətlər dünya üzrə silahlanmanı stabilləşdirə və öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilsələr, torpaqların və bitkilərin məhsuldarlığını artırmaq, keyfiyyət göstəricilərini yaxşılaşdırmaq olar.

İnsan şüuru elədir ki, çətinliyə düşəndə müləq nəsə fikirləşəcək. Bütün dediklərimi nəzərə alsaq, dünyada aclıq olması ehtimalı sıfıra bərabərdir. Sadəcə, insanın təfəkkürü və planetimizin imkanlarından dürüst istifadə etmək ən vacib məsələlərdəndir.

Mənə elə gəlir ki, planet bu qədər əhalini, hələ üstəlik, bundan 30% daha artıq əhalini dolandıra biləcək gücdədir".

Billurə Yunus

 

0.033355951309204