Paşinyan Bişkekə getmir: imtinanın iki səbəbi var – Ekspert açıqladı

Paşinyan Bişkekə getmir: imtinanın iki səbəbi var – Ekspert açıqladı
 

Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitinə qatılmayacaq. Diqqətçəkən məqam isə Ermənistanın Rusiyanın bütün formatlarından imtina etməsidir.

Paşinyan sanki Putinlə qarşılaşmaqdan yayınır. Bir müddət öncə rəsmi İrəvanın Roma Əsasnaməsini ratifikasiya etməsi də diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Paşinyanın Bişkekə getməkdən imtina etməsinin iki səbəbi var:

Birincisi, Putinlə bir araya gəlməkdən çəkinir, çünki Rusiyanın etirazına baxmayaraq, Ermənistan Roma Əsasnaməsini ratifikasiya etdi. Moskva-İrəvan xəttində təmaslar da minimuma enib, Ermənistanın anti-Rusiya siyasətini gücləndirməsi Kremldə qəzəb doğurur. Paşinyan Bişkekə getsəydi, baş verənlərə görə Putinə hesabat verməli olacaqdı. Digər tərəfdən, erməni baş nazir bununla Qərbdə onu dəstəkləyənlərə Rusiyadan imtina etdiyini göstərir.

İkincisi, Moskvanın sammit çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünü təşkil etmək planını pozmaqdır. Ermənistan Xarici İşlər Nazirliyi bu görüşdən iştirakdan imtina etdi. Bunun fonunda Paşinyan Bişkekə getsəydi, Putin liderlər səviyyəsində üçtərəfli görüşü təşkil edəcəkdi.

Asif Nərimanlı

Ermənistan Rusiya masasında görüşdən bacardığı qədər imtina edəcək, çünki bu platformada kommunikasiya və sərhədin delimitasiyası məsələsində onun istədikləri yer almır. Əvəzində Qərb masasında təmasların baş tutmasına çalışır, Qranada görüşü də buna hesablanmışdı. Lakin Bakı imtina etməklə bu oyunu pozdu. İrəvan da Bişkekdən imtina etməklə demarş edir. Hərçənd nə qədər müqavimət göstərə biləcəyi də sual altındadır. Çünki Qarabağ məsələsi danışıqlar masasından çıxandan sonra proses kommunikasiyanın necə açılacağı və sərhədin delimitasiyası üzərində inkişaf edəcək. Qərb masasında bu məsələlər bizim gündəliyimizə uyğun qoyulmadığı üçün prosesin inkişafında Azərbaycanın hansı masanı seçəcəyi həlledici olacaq”.

Turan Rzayev

0.015024185180664