Xəbərsizlik, yoxsa qərblilərin HƏMAS-la gizli işbirliyi

Xəbərsizlik, yoxsa qərblilərin HƏMAS-la gizli işbirliyi
 

Artıq üçüncü gündür ki, HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatı dünyanın diqqət mərkəzini bu bölgəyə fokuslayıb. Bu qarşıdurmada kimin haqlı, kimin haqsız olmasına və ya beynəlxalq hüquq normalarının pozulması ilə bağlı fikirləri şərh etmək niyyətim yoxdur. Müasir dünyamızda beynəlxalq hüquq anlayışı şərtdir. Çünki mövcud şəraitdə qanun şah deyil, güc qanundur. Kim güclüdürsə, qanun da onun tərəfindədir.

Bu gün hamını maraqlandıran və şok edən amil HƏMAS-ın İsrailin gözləmədiyi halda belə hazırlıqlı şəkildə qısamüddətli olsa da uğurlu əməliyyat reallaşdırmasıdır. 

Əksər ekspertlər üçün də belə bir əməliyyatın hazırlanması, həyata keçirilməsi qaranlıq məqamlar və açıq suallar doğurur. Bunlara cavab olmadığından baş verənlər haqqında ciddi fikir yürüdə bilmirlər. Yəni əməliyyatın mahiyyətini hələ də tam aça bilmirlər. 

Çünki belə bir əməliyyata uzunmüddətli hazırlıq işləri gedib və dünyada ən prestijli MOSSAD kimi xəfiyyə orqanının plandan xəbəri olmayıb.  Digər ciddi məqam isə ondan ibarətdir ki, Qəzza bölgəsi ilə İsrail arasındakı ciddi hasarlardakı 80-ə yaxın boşluqdan istifadə edərək sərhədi yararaq sürətli əməliyyatı reallaşdırıblar.

Sərhəddəki bu boşluqları və zəif yerləri müəyyən etmək üçünsə HƏMAS ciddi müşahidə həyata keçirib. Bu da bir günə müəyyən edilməyib. Necə ola bilir ki, İsrail xüsusi xidmət və kəşfiyyat orqanları bundan xəbərsiz olub. 

Növbəti bir amil isə 1973-cü il müharibəsinin 50 illik yubleyi ərəfəsində reallaşdırılıb. Hansı ki, uzunmüddətli münaqişə həyatı yaşayan tərəflər hər hansı “sürpriz”lə üzləşməsin deyə, xüsusən belə tarixlərə diqqət yetirir və belə hallara hazır vəziyyətdə olurlar.

HƏMAS-ın bu uğurlu əməliyyatına səbəb kimi, son vaxtlarda israil daxilindəki yaranmış ictimai-siyasi vəziyyət də səbəb ola bilər. Bundan daxildəki qüvvələrin də özü məqsədləri üçün istifadə etməsi ehtimalı istisna edilmir.

Ən ciddi məqam isə belə bir əməliyyat İsrail xüsusi xidmət və kəşfiyyat orqanlarının xəbəri olmadan, xarici ölkələrin də iştirakı, dəstəyi ilə gizli şəkildə həyata keçirilib.

Bütün bu və digər elemetlər İsrailin, xüsusən də MOSSAD-ın dünyada formalaşan imicinə ciddi zərbə vuran amillərdir. 
Baş verən hadisələr onu göstərir ki, HƏMAS-ın belə bir əməliyyat hazırılığına xarici güclər və ölkələr ciddi dəstək verib. 

Hazırkı mərhələdə bu hərbi əməliyyatdan uduzan tərəf İsrail və Qərbdir. Udan tərəf isə İran və Rusiyadır. İran və Rusyaya sərhədlərindən kənarda belə bir münaqişənin baş verməsi, üzləşdikləri beynəlxalq basqılardan “nəfəs alması” baxımdan hava-su kimi lazımdır. Rusiyaya Qərbin diqqətini müəyyən müddətə Ukraynadan yayındırıb özünü yenidən toparlamaq üçün lazımdır. 

İrana da üzləşdiyi beynəlxalq basqılardan özünü yayındırmaq üçün Yaxın Şərqdə belə bir münaqişənin baş verməsi hava-su kimi lazımdır. Məhz ona görə də İran HƏMAS-ın İsrailə qarşı hərbi əməliyyatlarına ciddi siyasi və mənəvi dəstək verməkdədir. Tehranın HƏMAS-a hərbi dəstəyi də istisna deyil. Düzdür, Tehran bunu inkar etsə də, HƏMAS artıq Tehran tərəfindən maliyyə, silah-sursat və canlı qüvvə dəstəyi aldığını inkar etmir. Tehran birbaşa olmasa da, Livandakı “Hizbullah” və Suriyada qüvvələri vasitəsi ilə HƏMAS-a dəstək verə bilər. Tehran hərbi əməliyyatların daha da kəskin xarakter alıb digər region ölkələrinin də bu prosesə qoşulmasında maraqlıdır. Tehran bu yolla həm özünə tuşlanan təzyiqlərdən müvəqqəti də olsa yayınır, həm də belə böhranlardan Yaxın Şərqdə təsir gücünü qoruyub saxlamağa, regional güc kimi təqdim etməyə çalışır. Ona görə də Tehran Fələstin probleminin davam etməsində maraqlıdır. Yəni Fələstin münaqişəsindən öz maraqlarını təmin etmək niyyətini güdür. 

Tehran eyni zamanda yaranmış durumdan son vaxtlarda İsrailin başda Səudiyyə Ərəbistanı olmaqla ərəb dünyası ilə yaxınlaşması istiqamətindəki proseslərdə yeni imkanlar əldə edib mövqeyini gücləndirmək istəyir. 

HƏMAS-İsrail toqquşmasında və Yaxın Şərqdə vəziyyətin genidən gərginləşib region ölkələrini əhatə etməsində təbii ki, digər güclər də maraqlıdır. Lakin hazırda konkret olaraq hansı güclər olması barədə ortada dəlillər yoxdur. Müəyyən mülahizələr mövcuddur.

Birincisi odur ki, “İbrahim müqaviləsi”ndən sonra ərəb dünyası ilə İsrail arasında əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Bu da həm bəzi region ölkələrini, həm də bəzi gücləri ciddi narahat edir. Bu yaxınlaşmadan narahatlıq keçirən ölkələrdən biri də İrandır. Tehran İsraillə ərəb ölkələri arasındakı münasibətlərin yaxınlaşmasını özünə qarşı ciddi təhlükə kimi görür. Ona görə də HƏMAS-ın bu hücumundan ərəb dünyası ilə İsrail arasındakı yaxınlaşmasını pozmaq və yenidən əvvəlki kimi düşmən mövqeyə sürükləmək niyyətini güdür. Yəni İran ən müxtəlif gedişatlardan istifadə etməklə bölgədə öz dominantlığını təmin etməyə çalışır.

İkinci ciddi bir arqument isə G-20-lərin Hindistanda keçirilən sammitindəki yeni logistik marşrutla bağlıdır. Belə ki, G-20-lərin sammitindən Qərblə Şərqi birləşdirən yeni Cənub nəqiyyat dəhlizi layihəsi təqdim edilib. Yüklərin Hindistan limanından İrandan yan keçməklə Körfəzə, oradan ərəb ölkələri və İsrail üzərindən Aralıq dənizi ilə Avropa ölkələrinə və əks istiqamətdə yüklərin çatdırılması nəzərdə tutulur. Təbii ki, yeni nəqliyyat dəhlizləri uğrunda rəqabətdə olan güclərin heç də marağında deyil.  

HƏMAS-ın bəzi Qərb kəşfiyyat orqanları, xüsusi ilə Avropa ölkələrinin kəşfiyyat qurumları ilə əlaqəsi barədə deyilənləri də nəzərə alsaq, Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsində Qərbin də əlinin olduğu istisna deyil.

Bir sözlə, HƏMAS-ın bu hücumu çoxgedişli geosiyasi oyunlara xidmət edir və bundan da qazanan tərəf Fələstin olmayacaq.  

İsrail nəhayətində özünü toparlayıb HƏMAS-ın bu hücumuna ciddi cavab tədbiri görəcəyi də qaşısıalınmazdır. Bu əməliyyat zamanı İsrail ciddi itki verdiyindən qisasını da ağır alacağı əvvəlcədən proqnozlaşdırılandır.

HƏMAS-ın bu qısamüddətli uğurlu hərbi əməliyyatı nəticədə həm HƏMAS-a, həm də fələstinlilərə baha başa gələcək. Çünki HƏMAS-ın əlindəki döyüşçü qüvvəsi ilə hərbi cəhətdən zəbt etdiyi ərazilərdə mövqeyini qoruyub saxlamağı qeyri-mümkündür. HƏMAS-ın zəbt edtiyi ərazilərin coğrafiyasının genişliyi İsrail ordusuna əsk-hücum üçün geniş imkanlar yaradacaq. Coğrafiyanın genişlənməsi isə İsrailin qarşı tərəfin hücumlarını səngitməsi, həm də onlara ağır itkilər yaşatması mümkündür. Yəqin ki, HƏMAS rəhbərliyi də bunu bildiyindən daha çox qisasa üstünlük verəcək. 

Mürtəza
Ölkə.Az

 

0.017478942871094