Avropa Parlamenti Azərbaycana qarşı səlib yürüşünü davam etdirir - İcma

Avropa Parlamenti Azərbaycana qarşı səlib yürüşünü davam etdirir - İcma
 

Biz Azərbaycana qarşı otuz ildən artıqdır ki, səlib yürüşünə çıxmış Avropa Parlamentinin 2023-cü il oktyabrın 5-də qəbul etdiyi növbəti Azərbaycanofob qətnaməsini sərt şəkildə qınayırıq.

Bu fikir Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda bildirilir: "Xatırladaq ki, hələ 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti "Sovet Ermənistanında vəziyyət" adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına və bu ölkədə azərbaycanlılara qarşı törədilən insanlıq əleyhinə cinayətlərə dəstək ifadə etmişdi.

Avropa Parlamenti sonuncu qətnaməsində Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkiliyini davam etdirərək, Azərbaycanın daxili işlərinə qarışmış, onun ərazi bütövlüyünə və suverenliyinə qəsd edən yanaşma sərgiləmişdir. Azərbaycan hökumətinin Qarabağın erməni sakinlərinin reinteqrasiyası sahəsində tədbirlərini görməzdən gələn və onların bir qisminin Ermənistana getməsini “etnik təmizləmə” kimi qiymətləndirən ikiüzlü parlamentarilər nədənsə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalmasını görmək istəmirlər".

Vurğulanıb ki, Avropa Parlamenti və bəzi dairələr üçün Qarabağ erməniləri reinteqrasiya olunmuş, bərabər hüquqlu Azərbaycan vətəndaşları kimi deyil, Azərbaycana qarşı məkrli siyasət üçün alət kimi lazımdır. Hamıya məlumdur ki, Ermənistan hökuməti Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra, orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil etmişdir. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirmişdir. Bundan əlavə, cəmi iki həftə əvvəl müəyyən qərb dairələrinin Azərbaycandan yerdəyişmə azadlığı müstəvisində Qarabağ ermənilərinin Ermənistana köçməsinə şərait yaratmağı tələb etməsi hələ yaddaşlardadır.

Qarabağdan köçmüş ermənilər üçün qayıdış hüququndan, hansısa beynəlxalq mexanizmdən dəm vuran Avropa Parlamenti nədənsə eyni tələbi Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürmür.

Diqqətə çatdırılıb ki, qətnamədə Avropa İttifaqının regionda “geosiyasi boşluğu” doldurmasına və Ermənistana hərbi dəstək göndərməsinə dair çağırışlar Avropa Parlamentinin neo-kolonialist zehniyyətindən və regionu qana çalxalamaq niyyətindən xəbər verir. Sənəddə Azərbaycanın Avropa İttifaqının Ermənistandakı missiyasını öz ərazilərinə buraxmasına dair tələb məhz bu müstəmləkəçi məqsədə xidmət edir.

Bütün bunlar bir daha sübut edir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülh deyil, öz mənfur niyyətləri naminə bölgədə gərginliyi saxlamaq və onu daha da dərinləşdirməkdir.

Biz Avropa Parlamentini qərəzli və təhlükəli yanaşmasından əl çəkməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına və regionda reinteqrasiyaya və birgəyaşayışa əsaslanan davamlı sülhün bərqərar olunmasına dəstək verməyə çağırırıq".

0.014225959777832