Təhsil islahatların nəticəsizliyinə müəllimlər məsul deyil - dos.İlham Əhmədov
Bu ərəfədə müəllimlər günü qeyd edilir. Ölkəmizin bütün müəllimlərini bu münasibətlə təbrik edirəm. Bu gün müəllim işləmək insanlardan sözün həqiqi mənasında böyük fədakarlıq tələb edir. Xüsusən də təhsilə, müəllimə lazımi dəyərin verilmədiyi, təhsil islahatlarının dalana dirəndiyi indiki çətin məqamda.
Təhsil menecerləri isə islahat prosesində qarşılaşdıqları çətinlikləri, öz səriştəsizliyini ört-basdır etmək üçün bütün problemlərin səbəbkarının müəllim ordusu olduğunu israrla bildirirlər. Halbuki, təhsil islahatların nəticəsizliyinə müəllimlər məsul deyil.
Onlar bu ideyalarını belə yarımçıq "elmi nəzəriyyə" ilə əsaslandırırlar: "təhsil sisteminin səviyyəsi onun müəllimlərinin səviyyəsindən yüksək ola bilməz". Amma onlar təhsil sistemini, onun mexanizmlərini düzgün dərk ediblərsə, obyektivlik hissini hələ itirməyiblərsə, onda belə deməli idiliər: "müəllim ordusunun səviyyəsi təhsil sisteminin səviyyəsindən yüksək ola bilməz, çünki, bu müəllim ordusu məhz təhsil sisteminin məhsuludur". Bu haqda daha ətraflı əvvəlki yazılarımızda qeydlər vermişik.
Düşünürəm ki, bizdə təhsil islahatları aparılmasaydı, hər şey 30 il əvvəlki kimi qalsaydı, bəlkə də təhsilin keyfiyyəti indikindən daha yaxşı olardı. Çünki, təhsilin o səviyyəyə qalxması üçün SSRİ Pedaqoji Elmlər Akademiyası (Təhsil Akademiyası) və onun 30 elmi- tədqiqat institutu, minlərlə pedaqoq alimləri xeyli tədqiqatlar aparmış və optimal həll tapmışdılar.
O vaxt sovet təhsili dünyanın ən yaxşı təhsil sistemlərindən biri idi. Müqayisə üçün Azərbaycanın və Türkiyənin 30 il əvvəlki və indiki təhsil sistemlərini, məktəblərini, universitetlərini müqayisə edə bilərik. Biz bu gün sanki, Qırratı itirib, Dürratla ona çatmaq istəyirik.
Təbiət-riyaziyyat fənləri üzrə təhsilin məzmunu gərək dəyişməzdi, köhnə məzmun qalardı. Orta təhsilin məzmununu tez- tez dəyişmək düz deyildi, orta məktəbdə klassik elmin əsasları öyrədilir, bu sovet dönəmində çox düzgün təyin edilmişdi, yaxşı dərsliklər vardı, sınaqdan da illərlə çıxarılmışdı.
Eyni problemlər ali təhsildə də mövcuddur.
Təhsilin məzmunu, işlək mexanizmi və idarəetmə modeli pis deyildi, müəllimlər də bunları yaxşı bilirdi. Artıq 25 ildir islahat adıyla təhsilin yeni məzmunu və idarəedilməsi modelinin axtarışındayıq, amma bunun heç bir nəticəsi hələ yoxdur, axtarışın da sonu görünmür. Təhsil isə ilbəil çökür. Ən pisi isə budur ki, bütün bu problemləri biz elmə əsaslanmadan, zəif maliyyələşmə və təcrübəsiz kadrlarla etmək istəyirik.
Bu halda nəinki Qırrata çata bilərik, heç Dürratı da saxlaya bilmərik.
Bu günlərdə ETN-nin tərkibində fəaliyyətə başlayan 3 agentliyə direktorlar təyin edildi. Onları təbrik edirəm. Uğur olsun. Yəqin ki, yeni agentliklərin yeni direktorları tezliklə öz rəhbərlik etdikləri sahələri böhrandan çıxarmaq yolları barədə proqramlarını, strateji yol xəritələrini təhsil ictimaiyyətinə təqdim edəcəklər.
Əgər əvvəllər proqramsız fəaliyyətə başlayan, sistemsiz və nəticəsiz işləyən təhsil nazirlərimiz kimi, yeni agentlik direktorlarının da təhsilin sağlamlaşdırılması proqramları yoxdursa, onda böhrandan çıxmaq heç mümkün olmayacaq.
"Paralel.az"