Təhsil desantına ehtiyac var! - dos. İlham Əhmədov

Təhsil desantına ehtiyac var! - dos. İlham Əhmədov
 

20 ildir dünya universitetlərinin reytinq cədvəli tərtib edilir. Bu müddət ərzində milli universitetlərimizin heç olmasa birinin adının TOP-1000-də görə bilmədik. Amma hələ də səbrsizliklə gözləyirik. Bu siyahıda qardaş Türkiyə və Qazaxstan Universitetləri özlərini çox yaxşı təqdim edə biliblər. “Quacquarelli Symonds” (QS) nəşrinin Avropanın ən yaxşı universitetləri sıralamasında Türkiyə ali təhsil müəssisələri uğurlu nəticələr göstəriblər. Bütövlükdə reytinqə 72 türk ali təhsil müəssisəsi daxil olub. Bu sayla Türkiyə Böyük Britaniyadan sonra reytinqdə ən çox universitetlə təmsil olunan ikinci ölkədir. Türkiyənin Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu -YÖK) sədri professor Erol Özvar reytinqin nəticələrini belə şərh edib: “Universitetlərimiz akademik nüfuz, tələbə-müəllim nisbəti, məqalə sayı, beynəlxalq tələbə sayı kimi kriteriyalara görə edilən qiymətləndirmədə bizi sevindirdi. YÖK olaraq, ölkəmizi ali təhsil və təhsil sahəsində dünya nəhəngləri ilə rəqabətədavamlı etmək, beynəlmiləlləşmə strategiyamıza uyğun olaraq getdikcə artan tələbələr üçün cazibə mərkəzinə çevrilmək yolunda sıx səylər göstəririk. Əməyinin bəhrəsini görmək bizim üçün böyük xoşbəxtlik mənbəyidir”.
“Ən böyük səhv, hər dəfə eyni işləri edərək, fərqli nəticələr gözləməkdir." (A.Eynşteyn). Bu fikir sanki, bizim təhsil sistemi haqqında deyilib. Çünki, illərdir ki, təhsildə eyni səhvləri edərək, reytinqlərdə yüksəlmək istəyirik. Universitetlərimizin bu sıraya düşməsi üçün ETN ali təhsil siyasətində dəyişikliklər etməlidir: təhsil islahatlarında elmi yanaşma olmalıdır, proseslər düz qurulmalıdır, düzgün kadr siyasəti aparılmalıdır, universitetlərin inkişafını təmin edə biləcək normal maliyyələşmə olmalıdır v.s.
Heç nə etmədən, prosesləri necə müsbət yönə dəyişmək olar? Nələr edilməlidir? Burada ətraflı şərhə və təkrara ehtiyac yoxdur, əvvəllər bu barədə dəfələrlə yazmışıq. Mümkün həll yollarından biri də TC universitetlərin təcrübəsindən maksimum faydalanmaqdır. Türkiyədən heç olmasa 100-150 nəfər təhsil tədqiqatçısını və təhsil menecerini ölkəmizə müqavilə əsasında işləməyə dəvət etməliyik (ETN-də və ATM-də).
Bu gün belə bir təhsil desantına çox böyük ehtiyac var. Yerli menecerlər təhsildəki real vəziyyətə hələ də dəqiq diaqnoz qoya, mövcud problemləri sistemləşdirə bilmirlər. Verilən təklifləri də eşitmək istəmirlər.
Təhsilin inkişafı üçün düzgün elmi infrastruktur yaratmalıyıq, universitetlərin maliyyələşməsini ən azı 2 qat artırmalıyıq, təhsildəki problemlərin həlli üzrə strateji yol xəritəsi yaratmalıyıq v.s. Təəssüf ki, 30 ildə müvafiq qurum təhsil üzrə səmərəli strategiya və səriştəli komanda yarada bilmədi. Öz ümudimizə qalsaq təhsildə heç nə də dəyişməyəcək, əksinə gerilik ilbəil artacaq.
100 il əvvəl Qafqaz Türk ordusu gəlib bizi erməni-rus işğalından xalqımızı xilas etdiyi kimi, indi də türk elm-təhsil ordusu təhsilimizi gəlib davamlı tənəzzüldən xilas etsin. Çünki, professor Əziz Səncər dediyi kimi: "Təhsildəki boşluqlar digər sahələrdəki üstünlüklərlə doldurula bilməz. İlk növbədə TƏHSİL problemləri həll edilməlidir".
Bunun göstəricilərindən biri isə təhsilimizin qlobal reyrinqlərdə yüksəlməsidir.

"Paralel.az"

0.015828132629395