Görəsən, Gəncə Birləşmiş Xəstəxananın tenderinin ŞÜBHƏLİ qalibi kimdir?!
753 minlik sifariş alan 5 aylıq şirkəti kimindir?
Bu ilin aprelində yaranan “TAKT-1” MMC 5 ay ərzində Gəncə Birləşmiş Şəhər Xəstəxanasının keçirdiyi 4 satınalma müsabiqəsinin qalibi seçilib.
Paralel.az Qaynarinfo.az-ya istinadən xəbər verir ki, müsabiqələr yeməkxana və mətbəx ləvazimatları, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər, bərk inventar, maşın, avandanlıq və aksesuarların satın alınması ilə bağlı keçirilib.
Hələlik xəstəxana ilə şirkət arasında iki satınalma müqaviləsi imzalanıb. Müqavilələrdən biri yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 144 815 AZN-dir.
Maliyyə dəyəri 21 225 AZN təşkil edən digər müqavilə isə yeməkxana və mətbəx ləvazimatlarının satınalması ilə bağlıdır.
Digər 3 tenderə gəlincə, maşın, avandanlıq və aksesusarların satın alınması ilə bağlı imzalanacaq müqavilənin maliyyə dəyəri 488 305,5 AZN, bərk invertarların satın alınması ilə bağlı imzalanacaq müqavilənin maliyyə dəyəri isə 99 605 AZN-dir.
Bu müqavilələr də imzalanacağı təqdirdə “TAKT-1” MMC-nin 5 ayda xəstəxanadan aldığı sifarişin dəyəri 753 950, 5 AZN olacaq.
“TAKT-1” MMC 28 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.
Şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşir, qanuni təmsilçisi İsmayılov Eşqin Qalib oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Cəmi 5 aydır fəaliyyət göstərən şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması əsas şərtlərdən biridir.
Adına heç yerdə rast gəlinməyən, yeni yaranan şirkətin bu tələblərə cavab verdiyi inandırıcı görünmür.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovdur. İlkin İsmayılov bu ilin fevralında direktor təyin edilib.(Qaynarinfo.az)