Vətənin müdafiəsinin ən təsirli silahı TƏHSİLDİR -dos. İlham Əhmədov

Vətənin müdafiəsinin ən təsirli silahı TƏHSİLDİR -dos. İlham Əhmədov
 

"Sosial inkişafın, tərəqqinin hərəkətverici qüvvəsi, ölkənin ərazi bütövlüyünün və vətənin müdafiəsinin ən təsirli silahı TƏHSİLDİR. Təhsildəki boşluqlar digər sahələrdəki üstünlüklərlə doldurula bilməz. İlk növbədə TƏHSİL problemləri həll edilməlidir".  Professor Əziz Səncər.

 

Son günlər Azərbaycanın müasir tarixində ən əlamətdar hadisələrin şahidi oluruq. Nəhayət ki, 35 illik iztibarlardan sonra Qarabağ düyünü birdəfəlik həll edildi. Ali baş komandan, cənab  İlham Əliyevin illərdən bəri yürütdüyü hərbi-siyasi və diplomatık  fəaliyyət sonda öz gözəl bəhrəsini verdi. Hər bir azərbaycan vətəndaşı və ölkəmizin bütün dostlar erməni şovonizmi və separatizmi üzrəindəki bu qəti və tarixi qələbəmizə ürəkdən sevinir. Bu qələbədə ölkənin hərbi-siyası rəhbərliyi ilə yanaşı, bütün xalqımızın, ordunun, xüsusən də şəhidlərimizin böyük rolu oldu. Gənc nəslin vətənpərvərlik tərbiyəsində isə müəllim ordusunun xidməti danışlmazdır. Ona görə də tarix boyu bütün xalqlar təhsilə, məktəbə, müəllimə xüsusi dəyər vermişlər. Məhz bu səbəbdən Bismark deyirdi ki, müharibəni udanlar generallar yox, məktəb müəllimləridir. 

Professor Əziz Səncərin bu amili nəzərdə tutaraq bildirirdi: "...sosial inkişafın, tərəqqinin hərəkətverici qüvvəsi, ölkənin ərazi bütövlüyünün və vətənin müdafiəsinin ən təsirli silahı TƏHSİLDİR. Təhsildəki boşluqlar digər sahələrdəki üstünlüklərlə doldurula bilməz. İlk növbədə TƏHSİL problemləri həll edilməlidir". 

Son illər təhsil sistemində yaranmış durum cəmiyyətdə, eləcə də təhsil ictimaiyyətində davaamlı narahatlıq yaradır. Sonuncu qəbul imtahanlarının nəticələri təhsilin çox ağır durumda olduğunu göstərir. Bu artıq 15 -20 ildir davam edir. Amma 2019-cu ildən etibarən, yəni yeni kurikulumla təhsil alan şagirdlər məzun olduğu vaxtda durum daha da ağırlaşdı. Son 5 ildə universitetlərə qəbul imtahanlarında orta median ball  220-240 arası dəyişir.  Bu vəziyyətin yaranacağını biz hələ 2017-ci ildə proqnozlaşdırmışdıq. “Qəbul imtahanlarında yerlərin 50% boş qala bilər" adlı  video müsahibəmizdə real vəziyyəti qiymətləndirmişdik (bu müsahibə youtubda var).

Ali məktəblərdəki problemlər heç də orta məktəblərdən az deyil. Çünki, orta məktəbi repetitorluq iflic etsə də, valideynin illər ərzində repetitorlara xərclədiyi pulun müqabilində, şagirdlər az da olsa nə isə öyrənə bilirlər.  Ali məktəblərin problemləri daha dərin və daha ciddidir.

Bu ərəfədə Böyük Britaniyanın “Times Higher Education” (THE) nəşri dünyanın ən yaxşı universitetlərinin 2024-cü il üzrə növbəti qlobal sıralamasını (“ World University Rankings 2024”) açıqlayıb. Sıralamaya 108 ölkə və regiondan 1904 universitet daxildir.  Bizim universitetlər ənənə üzrə yenə də aşağı yerlərdədirlər. 1500+. Görəsən ETN-də  bu biabrçılıq haqqında nə düşünürlər? Bu hal hələ neçə il davam edəcək? Biz bu durumun da proqnozunu 15 il əvvəl  bir neçə məqalədə bildirmişdik ( Məsələn, 2008-ci ildə “АЗЕРБАЙДЖАНСКИЕ ВУЗЫ БЕЗНАДЕЖНО И НАДОЛГО ОТСТАЛИ ОТ ГЛОБАЛИЗАЦИИ”  - adlı məqalədə, İnternetdə var).  Bu məqalə 2008-ci ildə ölkənin təhsil sistemində sanki, bir zəlzələ yaratmışdı. Nazirlik bir-brinə dəymişdi. Ən maraqlısı isə budur ki, bu məqaləyə qədər nə nazirlikdə, nə də ATM-də dünya universitetlərin reytinq cədvəllərinin mövcudluğu barədə heç bir məlumatları yox idi. Bu məqalə nazirliyin o vaxtki məmurlarına və sonrakı komandalara bu haqda bir az məlumat verdi. Amma nə faydası? Nə dəyişdi ki? Bu məqalə sonralar Rusiyanın bir çox təhsil saytlarında, hətta MDU-nin saytında da verilmişdi.

Sonuncu reytinq sıralamasında  yer tutan BƏƏ Xəlifə universitetinin cəmi 15 yaşı var, amma 2-3 ildir QS reytinqlərində 180- 200-cü yerlərdədir. Dünyanın ən gənc universitetlərindən olan Institut Polytechnique de Paris 2019-cu ildə yaranıb. 5 ildə THE 2024 reytinqində 44-cü yerdədir.  Bəs biz müstəqilliyimizin 30-cu  ilində təhsil sahəsində,  xüsusən də ali təhsil sahəsində nəyə nail olduq? 100 yaşlı universitetlərimiz, ETN  nə düşünür, bu 4 yaşlı və 15 yaşlı universitetlərin reytinqlərini görərkən?  Artıq nəinki, Avropa, hətta Afrika universitetləri də bizdən qabaqdadırlar.

Elm və təhsil naziri tez-tez deyir  ki, “mənə problemlərdən danışın, məişət səviyyəsində olan məsələlərdən yox”.  Həqiqətən də təhsildə problemllər çoxdur və aybaay da artır.    Həqiqətən də nazir bildirdiyi kimi, bizim təhsil sistemimiz tərs qurulub, özü də tək məktəbəqədər pilləsi yox, təhsil sistemi  bütünlükdə tərs qurulub. Yaxşı ki, nazir hərdən problemlərdən danışır, ondan əvvəlki nazirlər təhsildəki ağır durumla əlaqədar heç bir etirafda bulunmayıblar. Amma etiraf azdır, fəaliyyət də lazımdır.

Bəs uzun müddət ərzində qalaqlanmış  təhsil problemlərinin həllinə hardan başlayaq? Əgər  uzun illər ərzində aparılan təhsil "islahatları"nin yekununda onun tərsinə qurulmasını etiraf ediriksə, bunun məsuliyyətini kimlər daşıyacaq?

Təhsil sisteminin düzgün işləməsi üçün bu gün hər hansı strategiya, yol xəritəsi (SYX) varmı ETN-də?  Bu SYX nə vaxt ictimaiyyətə bəyan ediləcək? Yoxdursa, bu SYX -nin hazırlanmasını daha neçə il gözləməliyik? Kimlər yaradacaq bu SYX-sini?

Əgər yenə də komanda olaraq köhnə metodlarla işləyəcəklərsə, yeni SYX hətta keyfiyyətli olsa belə, onun səmərəli tətbiqinə kim təminat verə bilər?

Biz son bir ildə təhsilin, xüsusən də  ali təhsilin  rəqabətədavamlığı mövzusunda bir neçə məqalə yazmışıq (İnternetdə baxmaq olar).  Bu sahədə vəziyyət ağırdır və yaxın  10 ildə düzəlməsi  də real deyil.

Son 25 ildə bu sahədə cəmi bir Dövlət Proqramı  hazırlanıb, onun da  ATM-nin  rəqbətqabiliyyətliyinin  yüksəlməsinə təsiri cüzi olub.  Hər halda  qlobal reytinqlərdə bu proqramın icrasının təsiri heç hiss edilmədi. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın yalnız adında rəqabətqabiliyyətliyinin yüksəldilməsi var, məzmununda yox.  

ETN aşağıdan olan təşəbbüslərə heç vaxt dəstək verməyib bu 30 ildə. Amma əhəmiyyətli təşəbbüslər çox olub. Görünür ya düzgün qiymət verməyə potensialları çatmayıb, ya da ümumiyyətlə  inkişafda maraqlı deyillər.  Bu günün  ali təhsil layihələri ciddi investisiya tələb edir. İnvestisiya olmasa, heç bir inkişaf ola bilməz (25 illik  tənəzzül təcrübəsi bunu sübut etdi). Bir tərəfdən son  illər təhsil sisteminin büdcəsi ilbəil artır, digər tərəfdən təhsildə tənəzzül və böhran dərinləşir. Əgər bu büdcə ilə də təhsil inkişaf edə bilmirsə,  onda təhsil nə vaxt və necə inkişaf edəcək? Bu tənəzzüldə  kimlərdir müqəssir ? (çünki, illər ərzində milyardlarla pul səmərəsiz və nəticəsiz israf edilib).

ETN-nin elan etdiyi qrant müsabiqələrində ali təhsilə aid, onun rəqabətqabiliyyətliyinin yüksəldilməsinə aid mövzu və layihələrə niyə diqqət yetirmir ? Bizdə hələ də universitetlərin rəqabətədavamlılığı  nədir,  onun meyarları nədən ibarətdir kimi sadə anlayışların izahını verə bilənlər çox azdır.  Nazir daha sonra sual verir:  …”reytinqlərdə mövqelərimizi necə yaxşılaşdıra bilərik?”   Biz son 15 ildə bu sual ətrafında da  xeyli məqalə, müsahibə  və təkliflər  vermişik. Təəssüf ki, heç bir təklif  nəzərə alınmayıb, hələ də. Nazirliyin səviyyəli elmi tədqiqat mərkəzləri, laboratoriyası, problem üzrə beyin mərkəzləri hələ də yoxdur, baxmayaraq ki, daha TN yox, ETN-dir. Hanı onun fəaliyyətində elmi komponent? Bəs özünüzdə yoxdur, heç olmasa qonşudan gələndən istifadə edin də.

Bu yaxında öyrəndik ki,  AR ETN   tabeliyindəki  “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” elmi tədqiqat laboratoriyası var, 10 ilə yaxındır “fəaliyyətdədir”.  Sözün düzü Təhsil sisteminin inkişafı və onun proqnozlaşdırılması problemləri bir tədqiqatçı kimi daim bizi maraqlandırıb, bu sahədə son 20 ildə xeyli məqalələr yazmış, proqnozlar vermişik. Bu səbəbdən ETN-nin nəznində olan laboratoriyanın işi ilə tanış olmaq istədik. İnternetdə (o cümlədən sosial şəbəkələrdə) bu qurumun nə ünvanı, nə saytı, nə gördüyüy hər hansı işi, nə təşkil etdiyi və ya iştirak etdiyi elmi tədbir, layihə və tədqiqat adı rastımıza  çıxmadı.  

Belə, ideya vakumu və elmi səviyyənin yoxluğu  şəraitində, heç olmasa ekspertlərin, alimlərin, müəllimlərin maraqlı təkliflərini toplamaq, təhlil etmək, istifadə etmək lazımdır. Bizlər  bu təklifləri milli inkişaf naminə edirik. Bu təklifləri vermək üçün 30-40 il fasiləsiz, təmənnasız, heç bir mənfəət güdmədən illərlə bu məsələləri araşdırmışıq, oxumuşuq, öyrənmişik. Belə ideyalar heç nədən yaransaydı, ETN özü gündə 10 ideya verərdi də. Davamlı öyrənmək, çalışmaq, bir seqmentdə saç ağartmaq  lazım gəlib, bizlər gündə fərqli fərqli qurumlarda  işləməmişik.

Son 10 ildə, yəni, ETN-nin qrant müsabiqələri  keçirdiyi gündən bu günə qədər olan tarixçəni təhlil edəndə məyus oluruq. Niyə bu qrantlar yalnız ümumtəhsil məktəblərinə və məktəb müəllimlərinə paylanılır, ali təhsildə yəni, problemlər yoxdur?  Bu 10 ildəki qrantların nəticələri hanı? Təhsilə nə verdilər?

Qrant müsabiqələrinin prosedurları nazirliyin “Təhsilin inkişafı proqramları” şöbəsinin xeyir duası ilə 10 ildir ki,  qeyri-şəffaf və  şübhəli məqamlarıarla müşayət edilir. Əsasən də bu qrantlar dost-tanışlara  güzəşt edilərək,   onların  zəif layihələrinə  yönəldilir. Təhsildə güzəşt isə nazirin qeyd etdiyi kimi ...çox pis haldır. Yaxşı ki, gec də olsa düzgün qənaətə gəliblər. 

Təhsil həqiqətən də millətin gələcəyidir. “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.” (Heydər Əliyev).

 "Paralel.az"

 

  

0.013651132583618