Hüquqi yardım, vəkil xidməti dövlət inhisarına alınıb
Vəkillər dövlət qulluğunda dövlət ittihamının, özbaşınalığın müdafiəsində, vətəndaşlar hüquqsuz, müdafiəsiz
Alternativ Vəkillər Kollegiyasının yaradılmasına ehtiyac var
“Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 03.04.2019 tarixli 604 saylı fərmanının 9-cu bəndində Vəkillər Kollegiyasına TÖVSİYƏ EDİLİR ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə QEYRİ-PROSESSUAL MÜNASİBƏTLƏRƏ girməsinin qarşısını almaq üçün tədbirləri gücləndirsin. İcrası məcburi olan fərmanın qəbulundan 4,5 il keçir, di gəl məhkəmə- hüquq sistemində dərinləşən elə QEYRİ-PROSESSUAL MÜNASİBƏTLƏRDİR. “DƏRİNLƏŞMƏ” elə həddə çatıb ki, artıq Vəkillər Kollegiyası cinayət təqibini həyata keçirən orqanın, digər dövlət orqanlarının əməkdaşları kimi HAKİMLƏRİN QEYRİ-PROSESSUAL XİDMƏTİNDƏDİRLƏR.
VK-nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Qəməndər oğlu Həbilovun istintaq, ittiham orqanı olan DİN-in səlahiyyətli nümayəndəsi və vəkili kimi etibarnaməsi olmadan məhkəmə işlərinə çıxıb, ŞƏXSƏN NAZİRİN ADINDAN hakimlərlə qeyri-prosessual münasibətə girməsinin yaşı vəkillik stajından bir qədər az olar, ya olmaz. Şəxsən bu sətirlərin yazarına qarşı bu vəkilin hakimlərlə qeyri-prosessual münasibətlərə girməsinin yaşı 5 ildən çoxdur. Qeyri-prosessuallıq o həddədir ki, vəkil hakimin (İlqar Cabbarov) adından 15.02.2019 tarixli Şəki İnzibati- İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında SAXTA qərardadını tərtib edib və 5 ilə yaxındır bu mübahisənin mahiyyəti üzrə çıxarılmayan qərardad Azərbaycan dövlətinin məhkəmə- hüquq sistemində ən yüksək hüquqi qüvvəyə malik Konstitusiya aktı kimi tətbiq olunur!(?) Çoxsaylı şikayətlərdən sonra DİN saxta vəkilini və səlahiyyətli nümayəndəsini görəvindən aldığını bildirdi, amma VK-nın vəzifəli şəxsi Əlirza Həbilov qeyri-prosessual xidmətindən əl çəkmədi. Bu yol Ə.Həbilovun göstərişi ilə 3 ilin vəkili Orxan Qılman oğlu Babayev 105 ilin DİN-inə 1-ci dərəcəli DİN-in Qarabağ əlilinə qarşı etibarnaməsiz nümayəndə kimi hüquqi yardım səlahiyyətində bulundu. Vəkillər Kollegiyasının rəhbərliyi Əlirza Həbilovun etibarnaməsiz qeyri-prosessuallığını “malalayıb”, DİN-in yeni vəkilinin MÜQAVİLƏ ƏSASINDA İTTİHAMI, İSTİNTAQI MÜDAFİƏ ETDİYİNİ açıqladı.(?) Vəkilin dövlət orqanına, istintaq-ittiham orqanına hüquqi yardım göstərə bilməzliyi bir yana, hələ də 3 ilin vəkilinin 105 ilin hüquq mühafizə orqanına göstərdiyi “HÜQUQİ YARDIM HAQQINDA” MÜQAVİLƏ “tapılmır”. VK vəkilə istinadla məhkəməyə təqdim edildiyini bildirsə də, müqavilənin məhkəmədə olmadığı bir yana, 3 nüsxədə tərtib olunmasını da bilmir? Tutaq ki, biri məhkəmədədir, bəs vəkilin, VK-nın özündə olan ? Cinayətkar saxtalıq, peşə etikasına sayğısızlıq göz önündə olsa da, VK dövlət orqanlarına “müqavilə əsasında” hüquqi yardım göstərilməsini qanuni sayır.
ƏƏSMN-in, tabeliyindəki DSMF-in dövlətin sosial siyasətini həyata keçirən dövlət orqanı olması adından elə bəlli edir ki, əlavə izaha ehtiyac qoymur. Gerçəkdə bu dövlət orqanı əhalinin -əlillərin, şəhid ailələrinin sosial-hüquqi müdafiəsini təmin etməyə borclu olsa da, özünün “hüquq və azadlıqlarını” – PENSİYALARI, MÜAVİNƏTLƏRİ DÜZGÜN HESABLAMAMASINI , NORMATİV HÜQUQİ AKTLARI, KONSTİTUSİYANI TƏTBİQ ETMƏMƏSİNİ məhkəmədə qorumağa bütöv 39 SAYLI VƏKİL BÜROSUNU DSMF-in MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ İLƏ İŞ ÜZRƏ MƏRKƏZİ FİLİALININ tərkibində “vəkil edib”.(?) Elə bilirsiniz şişirdirəm? Bu bilgini Ali Məhkəmənin İnzibati Kollegiyasına DSMF-in sözügedən filialının böyük mütəxəssisi, 39 saylı vəkil bürosunun və DSMF-in vəkili Emil İsgəndərli 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasına etiraz ərizəsində verib. Hamının qanun qarşısında hüquq bərabərliyi prinsipinə baxın, vəkil dövlət orqanının böyük mütəxəssisi kimi dövlət hesabına dövlət orqanının müdafiəsində, hələ üstəlik yataqdakı 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasına da etiraz edir! Etiraza əlavə olunan DSMF sədrinin MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ İLƏ İŞ ÜZRƏ MƏRKƏZİ FİLİALININ direktoru ABUZƏR MÜTƏLLİMOV, departament müdiri YEGANƏ MƏMMƏDOVAdan tutmuş böyük mütəxəssis EMİL İSGƏNDƏRLİ, baş, aparıcı, böyük mütəxəssisə kimi 22 əməkdaşa verdiyi “topdan” ETİBARNAMƏ 39 saylı vəkil bürosunun ( müdiri ABUZƏR MÜTƏLLİMOV) DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı ilə eyni qurum olduğunu, eyni ünvanda yerləşdiyini sübut edir. Vəkillər Kollegiyası bu açıq-aşkar qeyri-prosessuallığa, vəkilin dövlət orqanından maliyyələşməsinə hüquqi qiymət vermək əvəzinə, dövlət orqanına vəkil qulluğunda qanunsuzluq görmür.
Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalov 1-ci dərəcəli Qarabağ əlili xəstəxanada ölümlə çarpışanda, 13.09.2023 tarixli iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edib. Hakim cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının -39 saylı vəkil bürosunun böyük mütəxəssisi, vəkili Emil İsgəndərlini etibarnaməsi olmadan işə necə buraxıb? Xəstəxanadan iddiaçı əlilə VK-nın hüquqi yardım və tədris mərkəzinin direktor müavini, xanım Afət Qazıyeva 18.09.2023 tarixli məktubla bildirib ki, vəkillər müstəqildir və yalnız qanuna tabedirlər; hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini TƏHQİQAT, İSTİNTAQ, MƏHKƏMƏ, digər DÖVLƏT ORQANLARINDA...təmsil etmək kimi hüquqlara malikdirlər.(kursiv bizimdir-M.B). Fikirləşmək olardı ki, əlavə şərhə ehtiyac yoxdur. Di gəl, bunun ardınca “39 saylı vəkil bürosunun vəkili Emil İsgəndərlinin DÖVLƏT ORQANINA VƏKİLLİK ETMƏSİNDƏ HEÇ BİR QANUN POZUNTUSUNUN OLMADIĞININ, vəkil olaraq MÜQAVİLƏ əsasında DÖVLƏT ORQANINA HÜQUQİ YARDIM GÖSTƏRMƏYİN, VƏKİLLİK ETMƏYİN onun hüququ olduğunun” bildirilməsi şərhə, izaha ehtiyacı ortaya qoyur. Axı, əsas vəzifəsi, fəaliyyəti dövlət orqanlarında (və b.) fiziki və hüquqi şəxslərin hüquqlarını, mənafelərini müdafiə etmək olan vəkilin dövlət orqanının özünə vəkillik etməsi qanunda yazılmayıb; axı 39 saylı vəkil bürosu , onun vəkili Emil İsgəndərli “müqavilə əsasında” müdafiə etdiyi dövlət orqanının- DSMF-in vəzifəli şəxsidir, böyük mütəxəssisidir !(?) Dövlət orqanı DSMF 39 saylı vəkil bürosunu Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının tərkibində büdcədən necə maliyyələşdirə bilər? Absurd deyilmi? “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8.IV maddəsinə görə, vəkilin dövlət orqanında işləməsi qadağandır.
VK-nın dövlət orqanlarına vəkillik etməsi alternativ Vəkillər Kollegiyasının yaradılmasını diqtə edir. VK-nın üzvü olmayan peşəkar hüquqçuların vəkillik hüququndan məhrum edilməsi absurd olmaqla yanaşı, ən çox savaş adamlarının, aztəminatlı şəxslərin ziyanınadır. Vəkillər dövlət orqanlarına dövlət qulluqçuları kimi vəkillik edib, hüquqi yardım göstərəcəksə, dövlət orqanlarının özbaşınalığından, vicdansız davranışından müdafiəyə ehtiyacı olan şəxslərin durumunu göz önünə gətirmək çətin deyil.
Dövlət hesabına ehtiyacı olan şəxslərə vəkil ayrılmasından imtina edən VK-ya, hakimlərə, eləcə də NK-ya Prezidentin 03.09.2019 tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanını bir daha oxumaq məsləhət görülür. Prezident, fərmanın 13-cü bəndi ilə NK-ya dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün ... dövlət büdcəsindən ayrılan vəsaitin birbaşa Vəkillər Kollegiyasının hesabına keçirilməsi barədə normativ aktın layihəsini hazırlayıb bir ay müddətinə prezidentə təqdim etməyi və fərmandan irəli gələn digər məsələləri həll etməyi tapşırıb. 4,5 il keçib, yəqin NK tapşırığa əməl edib. Bəs onda niyə hakimlər o yana, VK hüquqi yardım üçün müraciət edənlərə vəkil ayrılmasından imtina edir?
...Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun icraatındakı pensiyanın düzgün hesablanmaması barədə iş üzrə 1-ci dərəcəli Qarabağ qazisinə vəkil ayrılmasını MM-dən 2023-cü ilin mayında göndərilən müraciət əsasında VK-nın hüquqi yardım və tədris mərkəzi ( direktor müavini, xanım Afət Qazıyeva) 5 saylı vəkil bürosuna yönləndirib. Vəkil Nurəddin Kantayev isə hüquqi yardım üçün ona pul verilmədiyini, minnətlə öz hesabına yardım edəcəyindən gileylənib, xidmətdən, işlə tanış olmaqdan belə imtina edib. Amma qarşı tərəf- dövlət orqanı DSMF 39 saylı vəkil bürosu ilə təmsil olunub. Bəyəm 1-ci dərəcəli savaş əlilinə 39 saylı vəkil bürosundan vəkil ayırmaq olmaz(dı)? Yoxsa, 39 saylı vəkil bürosu dövlət qurumu kimi yalnız dövlət orqanlarının qulluğundadır? Belə çıxır, VK dövlət təşkilatıdır, büdcədən maliyyələşir, hətta dövlət hesabına göstərilən hüquqi yardım üçün büdcədən birbaşa ayrılan vəsaiti dövlət qurumlarının “vəkilləri”nə xərcləyir?! Absurd deyilmi?
Məğrur Bədəlsoy