Qazaxıstan KTMT-dən çıxır? - XİN açıqlama verdi
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, respublika Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətində deyil. Bir gün əvvəl ABŞ-dakı qazax fəallar Qazaxıstanı KTMT-dən çıxmağa çağırıblar.
Paralel.ax xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
"Məlumat yayılır ki, guya Qazaxıstan və Ermənistan KTMT-dən çıxmaq üçün danışıqlar aparır. Bu, çox güman ki, doğru deyil. Bir neçə gün əvvəl KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri görüş keçirib və təşkilatın gələcək inkişafı yollarını müzakirə ediblər”, - deyə Aybek Smadiyarov Astanada Qazaxıstan Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında bildirib.
Ötən həftə ABŞ prezidenti ilə Mərkəzi Asiya ölkələrinin başçıları arasında görüş keçirildiyi gün - sentyabrın 19-da qazaxıstanlı fəallar BMT-nin Nyu Yorkdakı mənzil-qərargahı yaxınlığında aksiya keçiriblər. Etirazçılar Ukraynaya da dəstək ifadə ediblər.
Qazaxıstanın KTMT-dən çıxa biləcəyi ilə bağlı mətbuatda müntəzəm olaraq məlumatlar dərc olunur. Qazaxıstan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edir. Qazaxıstan Xarici İşlər Nazirliyi bir il əvvəl də, 2022-ci ilin sentyabrında oxşar bəyanatlar verib.
KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.(Qaynarinfo)