“İrəvan”ın prezidentindən şok ittihamlar: “Onları adam hesab etmirəm”
Oyun gərgin və baxımlı olsa da, qapılara qol vurulmadı. Qarşılaşmadan sonra Qərbi Azərbaycan təmsilçisinin prezidenti Zahid Niyazəliyevə yaxınlaşaraq klub ətrafında olan söz-söhbətlə bağlı danışdıq. “Pələnglər”in rəhbəri “Football-plus.az”a müsahibəsində olduqca maraqlı fikirlər səsləndirdi...
- “Karvan”la gərgin keçən qarşılaşmada hesab açılmadı. Fikirləriniz maraqlıdı...
- Yaxşı komanda formalaşdırmışıq. Hələ transfer edəcəyik. Bir neçə mövqe var ki, onları gücləndirməliyik. Yeni yaranmış komandayıq. Demək olar ki, bu kollektivi bir aydı formalaşdırmışıq. Müəyyən səbəblərdən gecikdik. Rəqib 4-5 aydakı heyətini yığır və formalaşdırır. Komandanın oyunu məni razı saldı. Nəticədən razıyam.
- Elbrus Məmmədov hansı səbəbdən “İrəvan”dan uzaqlaşdırıldı?
- Bunun səbəbi var idi. Çünki Elbrus Məmmədov potensial olaraq premyer-liqada çıxış etmiş futbolçuların altında qalırdı. Bu klubun adı “İrəvan”dı. Buranı Azərbaycanda adı-sanı olan şəxs çalışdırmalıydı. Biz də buna uyğun davranaraq Nazim Süleymanovu gətirdik. Elbrus Məmmədovla başqa problemimiz yoxdu. Yaxşı çalışdırıcıdı. Allah yolunu açıq etsin. Amma “İrəvan”ın adına layiq, yüksək səviyyəli, Nazim Süleymanov kimi məşqçi lazım idi. Yeni çalışdırıcımızdan məmnunuq. Onu əlimizdən buraxan deyilik. Nazim Süleymanovla uzun illər bir yerdə olacağıq.
- “İrəvan” formalaşanda əsas şəxslərdən biri Alı Alıyev idi. Onun vitse-prezident postundan getməsinin səbəbi nə idi?
- Mən o adam haqda heç nə demək istəmirəm. Azərbaycan futbolunda hamı onu tanıyır. Çoxları bilir ki, Alı Alıyev nə hoqqalardan çıxıb. Mən o adam haqda nə deyim? Onu bütün respublika tanıyır. Alı Alıyevlə AFFA-ya gedəndə mənə dedillər ki, onu yanından uzaqlaşdır. Onun adı hər şeyin cavabını verir.
- “İrəvan”da çalışmış Şükür Əliyev iddia edir ki, klub aldığım dərmanlara görə mənə 700 manat pul borcludu. Siz də ona demisiz ki, hər ay 100 manat sizə pul qaytarılacaq. Bu barədə nə söyləyə bilərsiz?
- Absurd söhbətdi. Həmin şəxsin bizimlə heç müqaviləsi olmayıb. O həkim bizə zəng edərək yalvarıb ki, irəvanlıyam və bu komandada işləmək istəyirəm. Həvəsli olduğunu və pula ehtiyac duymadığını bildirdi. Biz də ona demişik ki, sən hərbi həkimsən, bura peşəkar idman həkimi lazımdı. Ona 4-5 ay təcrübə keçməsi üçün zaman verdik. Dərman almaq söhbəti filan yalandı. Belədisə, niyə gətirib ləvazimatları qaytarmır? Ortada heç bir söhbət yoxdu. “İrəvan”ı gözü götürməyənlər çoxdu. Amma bizim klub böyükdü. Biz Azərbaycan futboluna yeniliklər gətirəcəyik. Hələ sözümüzü deyəcəyik.
- Zahid bəy, nə üçün sizin ətrafınızda bu qədər mənfi fikirlər səslənir? Mən klubdan danışmıram. Konkret sizi nəzərdə tuturam.
- Boş söhbətlərdi. Deyilənlərə əhəmiyyət vermirəm. Bu söhbətləri ortalığa atanları adam saymıram. Hər şeyi Allahın ixtiyarına buraxıram. Çünki ağa qara yapışmır.
- Bu iddiaları səsləndirənlərin cəzalandırılması üçün hansısa addım atmayacaqsız?
- “İrəvan”ı çempion etməklə onların cavabını verəcəm. 5 milyon 500 yüz minlik Qərbi Azərbaycan camiəsi üçün güclü komanda formalaşdıraraq onların dərsini verəcəm. Arxamca danışan dovşanlara hər şeyi sübut edəcəm. Onlar bizim uğurları həzm edə bilmirlər. Şəxsiyyətin dalınca danışarlar da. Mən varam ki, arxamca danışırlar. Yenə deyirəm, onları adam yerinə qoymuram. Onları dovşan adlandırıram.
- Zahid bəy, ilk ev oyununuz idi. Lakin stadionda, demək olar ki, azarkeş yox idi. Niyə belə oldu?
- Bu gün stadionun dolması əsas deyil. Bizim Qarabağımız azad olundu. Antiterror əməliyyatı ilə ölkəmizdən düşmənləri qovuruq. Yaxın vaxtlarda hər şey çox əla olacaq. Bu camiə, bu klub yaxın zamanlarda təkcə bu stadionu yox, bütün arenaları dolduracaq.
İLKİN SULTANLI