Avropada multikulturalizmin
iflası ciddi müzakirə mövzusudur

Avropada multikulturalizminiflası ciddi müzakirə mövzusudur
 

Radikalizmə qarşı təkcə hüquq-muhafizə orqanları deyil, həm də vətəndaş cəmiyyəti mübarizə aparır

 Qloballaşan dün-yamızda dini və milli qarşıdurmaların artması tendensiyası davam edir. Bunun da başlıca səbəbi, günü-gündən artan miqrasiya problemləridir.

Avropa dövlətlərində multikulturalizmin iflasa uğraması iddiaları da bu tendensiyadan qaynaqlanır. Belə bir gərgin zamanda mütərəqqi dünyanın Azərbaycan respublikasını mültikulturalizm və tolerantlıq mərkəzi kimi qəbul etməsi heç şübhəsiz ki, təqdirəlayiq haldır. Lakin diqqətdən qaçırmaq olmaz ki, özünün tarixi tolerantlığına baxmayaraq, bu gün də Azərbaycanda dini və milli-etnik qarşıdurmalara nail olmaq istəyən qüvvələr az deyil. Dövlətimizin, eləcə də bütün Azərbaycan vətəndaşlarının bu cür radikal qruplaşmalara qarşı sərt mövqe nümayiş etdirməsinə rəğmən, zaman-zaman müxtəlif bölgələrdə, qəsəbələrdə bu tip radikal dini qruplaşmaların qeyri-leqal, gizli fəaliyyət göstərdikləri ortaya çıxır. Özlərini din pərdəsi altında gizlədərək, ələlxüsus da gəncləri öz ətraflarına toplayan bu cur qruplaşmaların ideoloqları əsas etibarı ilə dövlətimizə qarşı düşmən mövqedə olan qüvvələr tərəfindən təlimatlandırılır və idarə olunurlar. Bizi bu yazını yazmağa vadar edən də, belə halların az da olsa, ölkəmizdə müşahidə olunmasıdır. Bu da məlumdur ki, belə radikal, ekstrimist qüvvələrə qarşı təkcə hüquq-muhafizə orqanları deyil, hər birimiz-KİV-lər,QHT-lər, dövlət qurumları, gənclər təşkilatları birgə mübarizə aparmalıyıq.

Bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində Bakının Qaradağ rayonu, Ələt qəsəbəsinin Şıxlar bağ massivində Azərbaycan Respublikası vətəndaşına məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən yaradılan, hətta azyaşlıların da dini ayinlərə cəlb olunduğu dini ibadətgah-dərsxana kompleksinin aşkar olunması da, onu deməyə əsas verir ki, ölkəmizə qarşı məkirli niyyətdə olan quvvələr hələ də öz əməllərindən çəkilmək fikrində deyillər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda radikalizmin ən təhlükəli qollarından biri də, dini radikalizmdir. Bunun fəsadının öncədən hiss edilməsi və qarşısının alınması sabit cəmiyyət, müxtəlif dini inancların dinc yanaşı yaşaması, tolerantlığın qorunması baxımından çox böyük əhəmiyyət daşıyır. Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan tarixən müxtəlif radikal dini-ideoloji cərəyanların "at oynatdığı" məkan olmayıb. Əksinə, Azərbaycan butun zamanlarda dinc yanaşı yaşamanın, multikulturalizmin, dini konfessiyaların bir müstəvidə cəmləşdiyi tolerantlıq mərkəzlərindən biri olub. Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi ilk illərdən başlayaraq, ölkəmizdə süni dini və milli-etnik problemlər yaratmaq istəyən qüvvələr peyda olub və bu qüvvələr müxtəlif formalarda ölkənin daxilinə nüfuz etməyə çalışıblar.

Bildiyiniz kimi, sovetlər dönəmində əksər dini ayinlər və müqəddəs ibadətgahlara ziyarətlər qadağan olunmuşdu. İbadətgahların bəzilərindən digər sosial məqsədlər üçün istifadə edilirdi. Müstəqilliyin ilk illərindən etibarən dini inanclı əhalinin bu problemləri aradan qaldırıldı. Müqəddəs yerlər öz əvvəlki funksiyalarını yerinə yetirməyə başladılar. İnsanlar dini inanclarına söykənərək, ibadətlərini məscidlərdə, digər din daşıyıcıları isə kilsə və sinaqoqlarda həyata keçirə bildilər. Bütünlükdə ölkə əhalisi doğal dini hüquqlarından istifadə etmək imkanı qazandı. Ancaq tam və rahat yaşamaq imkanımız olduğu halda, bəzi maraqlı qüvvələr dini sabitliyin pozulması üçün müxtəif proqramlarla ölkəmizə ayaq açdılar.

Onların arasında Cənub qonşumuz olan İrandan gələnlərin sayı da az deyildi.  Bu da sirr deyil ki, İranın Azərbaycanda daim öz maraqları və bu maraqları açıq, yaxud gizli şəkildə həyata keçirməklə bağlı müxtəlif planları hər zaman olub. Ona görə də, ölkəmizdə yaranmış qeyri-stabil mühitdən yararlanaraq, öz ideologiyasını gücləndirmək, siyasiləşmiş islamın təsirini artırmaq üçün bütün qüvvəsini səfərbər etdilər. Radikal şiəçilik ideoloqları bunun üçün münbit şərait olan Bakı və onun kəndləri, Mərkəzi Qərb (xüsusən Gəncə), bəzən Cənub bölgəsində öz təsir dairələrini artırmağa çalışdılar. Bəzi hallarda buna nail olduqlarını da qeyd etmək lazımdır. Kərbəla hadisələri və Həzrəti İmam Hüseynin qətlnin törədildiyi Məhərrəm ayının Aşura günündə müxtəlif üsullarla qarşıdurmalar yaradılmasına cəhdlər etdilər. Məqsəd Aşuranın qeyd olunmasına icazə verilmədiyi görüntüsünü yaratmaq olub. Halbuki, istər paytaxt Bakıda, istərsə də regionlarda Aşura sərbəst şəkildə qeyd olunur, İmam Hüseynə təziyə saxlanılırdı. Bu mərasimin keçirilməsinə heç bir qadağa yox idi. Azərbaycan əhalisinin böyük əksəriyyəti şiə məzhəbinin daşıyıcısı olduğundan, dövlət də, əhali də bu mərasimə xüsusi diqqət və hörmətlə yanaşır. Belə olduğu halda, qarşıdurma cəhdləri haradan qaynaqlanır? Aydındır ki, bu xüsusi hazırlanmış qruplar tərəfindən, İranın müxtəlif dini təşkilatlarının nəzarəti altında icra edilirdi. Həmin qruplara daxil olanlar da siyasiləmiş şəxslərdir. Sadəcə, dini inanclardan sui-istifadə etmək, adamların dini hislərindən yararlanaraq, siyasi qarşıdurmaların yaradılmasında maraqlı olan qüvvələrdir. Gəncədə, Nardaranda, Cənub bölgənin bəzi rayonlarında dəfələrlə Aşura günü baş verən insidentlər bunun nümunəsidir.

Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri də, multikulturalizmi və tolerantlığı inkişaf etdirməklə yanaşı, eyni zamanda, ölkəmizdə öz mənfur niyyətlərin həyata keçirməyə cəhd edən dini radikallara qarşı ardıcıl mübarizəni davam etdirilməsidir. Son hadisələr də onu göstərdi ki, Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün qanunun yol verdiyi bütün imkanlardan istifadə edərək, fəaliyyətini davam etdirir.

Yuxarıda da qeyd etdik ki, bu mübarizədə təkcə dövlət və dövlət qurumları iştirak etməməlidirlər, ictimaiyyət, eləcə də qeyri-hökumət təşkilartları(QHT) da onlara dəstək verməlidir. Bu baxımdan "Paradiqma" İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə və təşviqat işinin gücləndirilməsi" mövzusunda keçirdiyi növbəti tədbir mühüm əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirli layihənin dini aqressivlik və radikallıq, ekstremizm, habelə separatizm təzahürlərinin qarşısının alınmasından, bu kimi halların ifşa olunması prosesində dövlət, ictimaiyyət, QHT, KİV, elm və din xadimlərinin birgə əməkdaşlığının təmin olunmasından bəhs etdiyni söyləyib. Millət vəkili qeyd edib ki, son günlər cəmiyyətdə geniş müzakirə olunan və ciddi narahatlıq doğuran məsələlərdən biri də, ölkəmizdə radikallıq meyllərinin artması, gənclərin yad təsirlərə məruz qalaraq, radikal dini qruplaşmalara qoşulması və Azərbaycan vətəndaşlarının dünyanın müxtəlif qütblərində cərəyan edən münaqişəyə cəlb edilməsidir. O, həmçini bildirib ki, dini radikalizm hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışların məcmusudur. Dini ekstremist deyəndə isə, təbii ki, hər hansı formada dini ekstremist fəaliyyətin həyata keçirilməsində iştirak edən şəxs başa düşülür.

Bu gün dini radikalizm, demək olar, dini inancından asılı olmayaraq, bütün dünyada təhdid doğurur və hazırda bütün dövlətlər tərəfindən tanınan terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Son zamanlar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılan qabaqlayıcı tədbirlər din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşmaların üzvlərinin çirkin əməllərinin qarşısını almağa imkan verdi. Onların əsas məqsədi öz havadarları vasitəsilə ölkəmizdə dini, etnik və məzhəb ayrı-seçkiliyi salmaqla, Azərbaycan dövlətçiliyə zərbə vurmaq olub.

E.Nəsirli daha sonra deyib: "Dini radikalizmi və Azərbaycan üçün ənənəvi olmayan yad dini cərəyanlar ölkəmizdə sabitlik, vətəndaşların təhlükəsiz yaşayışı və dövlətin dünyəvi təməlləri üçün ciddi təhlükədir. Dövlət dindarların ibadətləri üçün bütün şəraiti yaradıb. Ölkə Konstitusiyasında vətəndaşların vicdan azadlığı tam təmin edilib. Buna görə də, ölkəmizdə dini radikalizm təhlükəsinin artmasına və inkişaf etməsinə imkan vermək olmaz". 

Millət vəkili vurğulayıb ki, cəmiyyətdə işsiz gənclər dini ekstremistlərin ən zəif nöqtəsidir və dağıdıcı qüvvələr bundan sui-istifadə edirlər. 

Tədbirdə çıxış edən "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev bildirib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulan və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. N.Niftiyev qeyd edib ki, ümumiyyətlə, bütün dövrlərdə dini radikalizm müxtəlif formalarda özünü büruzə verib. İnsanlığa qarşı yönəlmiş bu cür riyakar planlar müasir dövrümüzdə də işə salınır. İslam dininin humanist ideyalarına "bürünərək" onu gözdən salmaq cəhdləri yolverilməzdir: "Son zamanlar Bakının Nardaran qəsəbəsində yaşadıqlarımız bunun əyani təzahürüdür".

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

1.605859041214