Moskva İrəvanda ağır məğlubiyyətə uğradı: Cənubi Qafqazda mübarizə aktivləşir, müharibə riski artır

Moskva İrəvanda ağır məğlubiyyətə uğradı: Cənubi Qafqazda mübarizə aktivləşir, müharibə riski artır
 

Sentyabrın 17-də İrəvan meriyasına keçirilən seçkilərdə Rusiya və onun Ermənistandakı siyasi qüvvələri növbəti dəfə ağır məğlubiyyətə uğradı. Seçkinin nəticələrinə görə, Paşinyanın liderlik etdiyi partiya  böyük fərqlə 32,58 fazilə İrəvan meriyasına 24 mandat qazana bilib. İkinci yeri isə “Milli tərəqqi” partiyası 19,18 faiz səs toplamaqla 14, revanşist qüvvələrin və radikal müxalifətinin dəstəklədiyi Andianik Tevanyanın lider olduğu “Ana Ermənistan” bloku 14,58 faizlə 12 deputat, “Respublika” 10,02 faizlə 8, “İctimai səs” isə 7 mandat qazanıb. Bu mənzərə müxalifətə koalisiya yaradaraq mer seçmək imkanlarını şübhə altına alır. Çünki Paşinyana müxalif olan “Milli Tərəqqi”, “Ana Ermənistan” və “İctimai səs”in bir araya gələrək koalisiya yaratması, qeyri-mümkün görünür. Amma Paşinyan komandası üçün də asan olmayacaq. İrəvan meriyasına keçirilən seçkilər beynəlxalq praktikada təsadüf edilməyən bir sıra ciddi məqamları ortaya çıxarmış oldu.

Rusiyanın, İranın, Fransanın və daxildəki revanşist qüvvələrin bütün səylərinə baxmayaraq, erməni cəmiyyəti 44 günlük müharibədə və ondan sonrakı proseslərdə ağır məğlubiyyətlərə rəğmən yenə də Paşinyana dəstək verdi. Bununla da erməni cəmiyyəti həmin güclərə mesaj verdi ki, onlar müharibə istəmir və bu münaqişədən artıq yorulublar. Ona görə də Qarabağı özlərinin başağrısı görürlər və hesab edirlər ki, bütün problemlərinin kökü qonşuları ilə münaqişəyə cəlb edilmələrindədir. Odur ki, erməni cəmiyyətinin çoxluq təşkil edən hissəsi nə vasitə ilə olur-olsun bu problemdən xilas olmaq istəyirlər.

Rusiyanın Ermənistandakı reavanşist qüvvələrə dəstək məqsədi ilə Xankəndidəki cinayətkar xunta rejiminin başçısını dəyişməsi, Xankəndiyə humanitar yük aparması belə, müsbət nəticə vermədi. Çünki Moskva Xankəndidən sonra İrəvanda hakimiyyəti ələ keçirməklə yenidən Ermənistanda öz təsir gücünü bərpa etmək istəyirdi. Bununla da yenidən Cənubi Qafqazda söz sahibi olmağı hədəfləyirdi. Qeyd edək ki, Tehran da bu məsələdə Moskvaya mümkün dəstəyini verdi, lakin bütün bu cəhdlər boşa çıxdı.

Proseslərin bundan sonra aşağıdakı istiqamətlərdə inkişaf etməsini ehtimal etmək olar:

- Ermənistanda Moskvadan uzaqlaşma və anti-Rusiya meyilləri sürətlənəcək;

- Qərbin, xüsusən də ABŞ-nin Ermənistanda və Cənubi Qafqazda oturuşma prosesi sürətlənəcək;

- Qərbin oturuşması isə Rusiya və İranın bölgədən sıxışdırılıb çıxarılması prosesi ilə müşayiət olunacaq. Rusiyanın bölgədən tam çıxarılması mümkün olmasa da, mövqeyinin minimuma endirilməsinə çalışılacaq;

- Zəngəzur uğrunda savaş aktiv fazaya keçəcək;

-  Türkiyənin bölgə uğrunda mübarizədə daha aktiv fəaliyyəti müşahidə olunacaq. Ankaranın son iki həftədə bu istiqamətdə aktivliyi müşahidə olunmaqdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə, Paşinyanla və Azərbaycan Prezidenti ilə telefon danışığı və məsələlərin nizamlanması üçün dördtərəfli görüşün keçirilməsi təklifini verməsi, bunun göstəricisi hesab etmək olar. Digər tərəfdən Ankaranın Orta dəhliz məsələsini gündəmə gətirməsi də bununla bağlıdır. Yaxın gələcəkdə biz Ankaranın daha aktiv fəaliyyətini müşahidə edə biləcəyik. 

- Cənubi Qafqazda marağı olan digər oyunçuların, xüsusən də İsrailin, Çinin, Avropa ölkələrinin, Mərkəzi Asiya ölkələrinin, Hindistanın da aktivliyi müşahidə olunacaq;

- Təbii ki, region ölkəsi kimi, Azərbaycan da yeni geosiyasi reallığın tələbinə uyğun olaraq maraqlarını təmin etmək üçün aktivliyini daha da artıracaq;

- Bütün bunlar fonunda bəzi güclər maraqlarını təmin etmək üçün Qarabağ məsələsi yenidən beynəlmiləlləşdirməyə cəhd edəcək. Artıq bunu işartılar görünməkdədir. ABŞ-nin son günlərdəki aktivliyi,  Senatdakı Qarabağla bağlı keçirilən dinləmələr, amerikalı konqresmenlərin, senatorların və rəsmilərin verdiyi açıqlamalar buna dəlalət edir.  

- Qarabağdakı proseslərin yenidən beynəlmiləlləşdirilməsi üçün maraqlı tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsindən istifadə etməyə çalışır. Rusiya da bundan özü üçün faydalanmağa çalışacaq. Artıq baş verələr bunu deməyə əsas verir. 

- Bütövlükdə proseslər ağrılı keçəcək və bölgə uğrunda mübarizə yeni müharibə ehtimalı riskinin yüksək olduğunu deməyə əsas verir. Çünki Moskva və Tehran bölgədəki maraqlarından xoşluqla gedəcəyini düşünmək sadəlöhvlük olar. Moskva və Tehran Cənubi Qafqazdan gedişlərini özlərinin təhlükəsizliyinə və ölkələrinin dağılma prosesinin sürətləndirməsi kimi də dəyərləndirirlər. Odur ki, Cənubi Qafqazı qarşıdakı mərhələdə daha aktiv hərbi-siyasi proseslərin cərəyan etdiyi coğrafi məkana çevrilmə ehtimalı böyükdür. Baş verənlər müharibə riskini günü-gündən artırır. 

Mürtəza
Ölkə.Az

 

0.013468980789185