"Dəryaz" qəzetinin Agentliyə qarşı iddiasını araşdıran məhkəmə prosesinin vaxtı dəyişib

 

"Dəryaz" qəzetinin baş redaktoru Habil Tağıyevin verdiyi məlumata görə, bu gün saat 12:30 radələrində "Dəryaz" satira-yumor qəzeti redaksiyasının cavabdeh, MEDİA Agentliyinə qarşı irəli sürdüyü iddia tələbi əsasında Bakı İnzibati Məhkəməsində növbəti prosesi keçirilib.

O, qeyd edib ki, bir müddət öncə  media reyestrinə daxil olmaq üçün "Dəryaz" qəzetinin müraciətinə  Agentlik tərəfindən imtina cavabı verilmişdi: "Keçirilən məhkəmə prosesi zamanı bizim hakim Günel Sevdimaliyevaya təqdim etdiyimiz karikatura faktlarını görən qarşı tərəfin vəkili Elvin Səlimov çıxılmaz duruma düşdü və hakimin sorğularına cavab verə bilmədi.

Belə olan halda o, əsassız iddialar irəli sürməyə çalışsa da, hakim qarşı tərəfin gətirdiyi iddiaları nəzərə almadı. Daha sonra özünü Agentliyin “media eksperti” kimi, təqdim edən müdafiəçi özünəməxsus tərzdə çıxış etmək istəsə də, dünən gecə istemal etdiyi mayenin "doza"sı ona fikirlərini ifadə etməyə imkan vermədi. Yəni, heç vaxt media aləmində qarşılaşmadığımız, tanımadığımız həmin "media eksperti" hakim qarşısında sanki aciz qaldı, danışa bilmədi.

Həmin şəxs hakimin suallarını başını aşağı-yuxarı tərpədərək anlaşılmayan tərzdə  cavablandırıb. Biz də bu "media eksperti"nin "paxmel" olduğunu nəzərə alıb, hakim Günel Sevdimaliyevanın məhkəmə prosesinin vaxtını dəyişməsini məqbul saydıq.

Bəli, özlüyümüzdə düşündük ki, istənilən halda “dozası” yuxarı olan adama güzəştə getmək lazımdır" - baş redaktor deyib.

0.016778945922852