TƏBİB və Səhiyyə Nazirliyi xalqa yox, bəs kimə xidmət edir?!..

TƏBİB və Səhiyyə Nazirliyi xalqa yox, bəs kimə xidmət edir?!..
 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov və Səhiyyə naziri Teymur Musayev vəzifəyə təyin edildikləri ilk gündən ölkənin tibb müəssisələrini bölüşdürməklə məşğuldurlar. Çünki hər iki orqan rəhbəri bölgüsünə düşən xəstəxananın rəhbərlərini dəyişməkdən xeyli qazanc əldə edirlər.

Eyni zamanda TƏBİB sədri Vüqar Qurbanov və Səhiyyə naziri Teymur Musayev arasında ciddi konfliktlər yaşanır. Səhiyyə və tibb İşçilərinin verdiyi məlumatlara görə, TƏBİB sədrinin başı xəstəxanalara direktor və baş həkim vəzifələrinə rüşvətlə kadr təyinatına elə qarışıb ki, ölkə əhalisinə tibbi xidmət göstərmək tam yaddan çıxıb.

TƏBİB sədri Vüqar Qurbanov haqqında deyilən rüşvətyığma əməliyyatı eyni ilə Səhiyyə nazirliyində də davam edir və bu sistemində çaşan tibb işçiləri də bu faktı təsdiq edirlər. Sanki Səhiyyə naziri Teymur Musayevlə TƏBİB-in direktoru Vüqar Qurbanov rüşvət toplamaq yarışına giriblər.

Ekspertlər də bu müddətdə TƏBİB-ə edilən ümidlər özünü doğrultmadığını deyirlər. Tibb üzrə ekspert professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, eyni hədəfə yönələn iki icra qrumu hər zaman bir-biri ilə konflikt yaradır. Səhiyyə Nazirliyi ilə TƏBİB-in funksiyası arasında xeyli üst-üstə düşən nüanslar var ki, bu da qurumlar arasında konfliktə səbəb olur:

"Bu səbəbdən onların arasında bir-birindən asılı olmayan bir rəqabət mühiti mövcuddur. Bir sözlə, TƏBİB-in yaradılması ilə bağlı ümidlər puça çıxıb və özünü doğrultmadı".

A. Qeybulla deyir ki, hələlik hadisələrə çox geniş şərh vermək istəmir. O bildirir ki, yəqin ki, dövlət qurumları bəzi məsələləri araşdıracaq, ictimaiyyətə bununla bağlı məlumat verdikdən sonra, yəqin ki, müəyyən məsələlərə aydınlıq gətirmək olar. Həkim qeyd edib ki, nöqsanlara səbəb olan amillər göstərir ki, icra qurumunun yaradılması ilə ona yalnız hansısa səlahiyyətlər verilməməlidir. Ekspert deyir ki, həmin qurumun üzərinə eyni zamanda məsuliyyət və vəzifə öhdəlikləri qoymaq lazımdır ki, onlar işlərinə görə cavabdeh olsunlar: "Baxın, pandemiya dövründə də gördük ki, ambulator yardım bir quruma, stasionar yardım isə digər bir quruma tapşırılıb".

Ekspertlər deyir ki, əslində TƏBİB-in funksiyalarını icbari tibbi sığorta ilə məhdudlaşdırmaq lazımdır. İstənilən sahə, o cümlədən də səhiyyədə rüşvətxorluq və digər mənfi faktorları aradan qaldırmaq üçün yeni qurum yaratmağa ehtiyac yoxdur:

"Səhiyyə sistemində rüşvətə şərait yaradan mühit aradan qalxmalı və bunlar araşdırılmalıdır. Tibb işçilərinin maaşlar adekvat olmalıdır. Rüşvətə səbəb olan amillər həm də indiki bazar iqtisadiyyatı şəraitində insanların gəlirlərinin yetərincə olmaması ilə bağlıdır. Hansısa qurumu yaratmaqla rüşvəti aradan qaldırmaq qaldırmaq mümkün deyil. Hətta xaricdən də mütəxəssis çağırsanız, onlar da özlərindən asılı olmayaraq, bu işə cəlb oluna bilərlər. İcbari tibbi sığorta üçün vəsait ayrılıb. Bu vəsaitin xərclənməsi üçün şəffaflıq və üzərində ictimai nəzarət yoxdur. Həmin qurumlar tez-tez vəsaitin haraya xərclənməsi ilə bağlı açıqlama vermirlər".

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, problemlər səhiyyə strategiyasının düzgün müəyyən olunmamasından qaynaqlanır. O bildirir ki, nəinki TƏBİB, heç Səhiyyə Nazirliyi də bu problemi aradan qaldıra bilməz:

"Bunun üçün ölkədə tibb təhsilinin səviyyəsi qalxmalıdır. Yüksək balla universitetə daxil olan şəxslər başqa ölkədə rezidentura təhsili almadan mütəxəssis kimi yetişə bilməlidir. Amma bizdə hələ bu imkanlar yoxdur. Ümumiyyətlə, universitet modellərinin, Türkiyə və digər ölkələrdən fərqli olaraq ayrı-ayrı universitetlərdə tibb fakültələrinin inkişaf etməməsi səhiyyə sistemi üçün problemli məsələlərdən biridir. Burada idarəetmədən söhbət getmir. Gərək kadr ola ki, onu idarə edəsən".

F. Mustafa əlavə olaraq qeyd edir ki, bu səbəbdən də mövcud və yaradılan qurumlar effektiv fəaliyyət göstərməyə qadir deyillər. O digər nöqsanlardan da söz açıb:

"Bundan başqa, xəstəxanaların bir biznes strukturu kimi fəaliyətinin doğru tənzimlənməməsi məsələsi də var. Kimin imkanı varsa, klinika açır. Nəticə nə olur? Keyfiyyət artırmı? - Xeyr. Bu səbəbdən də vətəndaşlarımız pul tapan kimi ya İrana, ya da Avropa ölkələrinə üz tutur və valyutanı da orada xərcləyirlər".

Millət vəkilinin sözünə görə, özəlləşmə ilə bağlı məsələ də həll olunmalı və tibb müəssisələrinin əksəriyyəti özəlləşməlidir: "Çünki Səhiyyə Nazirliyi, yaxud da TƏBİB bu müəssisələri saxlaya bilmir. Bu səbəbdən də belə formada müalicə və xəstəxana modeli effekt vermir. Düşünürəm ki, səhiyyə və burada islahat məsələsi ciddi müzakirə olunmalıdır.

Təəssüflər olsun ki, sağlamlıqla bağlı pul qazanmaqdan başqa bir şey düşünmürük. Ona görə də tibb sahəsində heç bir irəliləyiş yoxdur və TƏBİB də avtomatik olaraq uğursuz qurum kimi fəaliyyət göstərir. Hətta ən qabiliyyətli adamı TƏBİB-ə rəhbər təyin etsələr belə, həmin şəxs ikiillik idarəetmə ilə heç vaxt səhiyyə sistemini normal qaydaya sala bilməz".

F. Mustafa bildirir ki, vəzifə, struktur adama görə deyil, zərurətə görə formalaşmalıdır: "Bizdə belə bir baxış olmadığı üçün Səhiyyə Nazirliyi və TƏBİB bu problemlərin içində çabalayır".

Fazil Mustafanın fikrincə, nəinki TƏBİB və Səhiyyə Nazirliyi, eyni funksiyanı həyata keçirən yüzlərlə qurum mövcuddur: "Bu qurumların hamısı da dövlət büdcəsindən pul alır. Büdcənin dağıdılmasına səbəb olan əsas problemlərdən biri də budur".

Bəli, yekun olaraq, qeyd edək ki, Azərbaycanın səhiyyə sistemində fəaliyyət göstərən TƏBİB və Səhiyyə nazirliyi xalqa tibbi xidmət göstərmirlər, yalnız rüşvətlə kadr təyin edirlər.

Mirdaməd

0.019062042236328