Savadlılıq dayanıqlı inkişafın əsasıdır - dos. İlham Əhmədov
8 Sentyabrın Beynəlxalq Savadlılıq Günüdür.
Dosent İlham Əhmədov: “İndi savadlı insan internetdən zəruri məlumatları əldə etməyi, ondan öz praktik fəaliyyətində istifadə etməyi, bir sözlə, İKT vasitəsi ilə informasiya əldə etməyi, emal etməyi, saxlamağı, göndərməyi, qəbul etməyi bacarmalıdır”
Sentyabrın 8-i YUNESCO tərəfindən Beynəlxalq Savadlılıq Günü kimi qeyd edilib. Bu bayram ilk dəfə 1966-cı ildə, Təhsil Nazirlərinin Ümumdünya Konfransının təşəbbüsü ilə təşkil edilib. Belə ki, 1965-ci ilin sentyabr ayında Tehran şəhərində savadlılığın ləğv edilməsinə dair Təhsil Nazirlərinin Ümumdünya Konfransı keçirilib və burada qərara alınıb ki, növbəti ildən (yəni 1966-cı ildən) etibarən hər il sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günü kimi qeyd edilsin. Layihə çərçivəsində təqdim etdiyimiz yazı da elə bu mövzu ilə bağlıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İKT, Monitorinq və Qiymətləndirmə” Mərkəzinin direktoru dosent İlham Əhmədov “Palitra”ya müsahibəsində fikirlərini açıqladı:
- Məlum olduğu kimi, 2014- cü ildə beynəlxaq Savadlılıq Gününün mövzusu “Savadlılıq və Dayanıqlı İnkişaf” idi. 2015-ci ildə isə Beynəlxaq Savadlılıq Gününün mövzusu “Savadlılıq və Dayanıqlı Cəmiyyət” olub. Savadlılıq nədir? Savadlılıq haqda çox müxtəlif fikirlər söyləmək olar, onlar mahiyyətcə bir-birinə yaxındırlar. Bu fikirlərin bəzilərinə nəzər yetirək:
1.Savadlılıq ana dilinin qrammatik normalarına uyğun olaraq insanın sahib olduğu vərdişlərin müəyyən səviyyəsidir.
2. Savadlılıq əhalinin sosial mədəni inkişafının mühüm göstəricilərindəndir. Savadlılıq anlayışının məzmunu tarixən insanın ictimai inkişafina verilən sosial tələbin yüksəlməsinə uyğun olaraq dəyişir, inkişaf edir.
3.Savadlılıq yazmaq, oxumaq, saymaq kimi elementar bacarıqlardan ictimai zəruri bilik və bacarıqların (funksional savadlılığın) minimum həddinə doğru inkişaf etmişdir və bu hədd daima inkişaf edir, dəyişir. Savadlılıq dayanıqlı inkişafın təmin edilməsi üçün zəruri elementlərdəndir.
4. Savadlılıq dayanıqlı inkişafin əsas amilidir. Savadlılıq vərdişləri dayanıqlı cəmiyyətin yaradılmasi üçün zəruri olan daha geniş bilik bacarıq və dəyərlərin əldə edilməsinə imkan verir. Dayanıqlı inkişafın mühüm sahələri kimi səhiyyə və kənd təsərrüfatı üzrə tərəqqi savadlılığın yayılmasında mühüm amildir.
5.Savadlılıq iqtisadi artım, sosial inkişaf və ekoloji inteqrasiya məsələlərində düzgün qərarlar qəbul etməyə imkan verir. Savadlılıq həyat boyu öyrənmənin əsasını təşkil edir. Savadlılıq dayanıqlı və inkişaf edən cəmiyyətlərin yaradılmasında mühüm rol oynayır.
6. Savadlılıq insan hüquq və azadlıqlarının mühüm elementidir. Bir çox ölkələrin, o cümlədən bizim ölkənin konstitusiyasında vətəndaşın təhsil hüququ xüsusi olaraq qeyd edilib.
7. Savadlılıq şəxsi azadlıq və imkanların genişlənməsinin də mühüm vasitəsidir. Savadlılıq fərdi insan potensialının və ümumən cəmiyyətin inkişafının mühüm alətidir. Təhsilin davam etdirilməsi imkanları da ilkin savadlılıq səviyyəsi ilə müəyyən edilir. Bu gün savadlılıq dedikdə artıq İKT savadlılığı, kompüter mədəniyyəti, alqoritmik mədəniyyət də nəzərdə tutulur. İndi savadlı insan internetdən zəruri məlumatları əldə etməyi, ondan öz praktik fəaliyyətində istifadə etməyi, bir sözlə, İKT vasitəsi ilə informasiya əldə etməyi, emal etməyi, saxlamağı, göndərməyi, qəbul etməyi bacarmalıdır.
- Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?
- İnsan inkişafı indeksi üzrə beynəlxalq hesabatlarda əsas göstərici kimi əhalinin savadlılıq səviyyəsi nəzərə alınır. Bir çox MDB ölkələri kimi Azərbaycanda da ümumi savadlılıq sahəsində göstəricilər yaxşıdır. Bu, əsasən, sovet dönəmində savadsızlığın ləğvi istiqamətində aparılan kompleks tədbirlərin nəticəsidir. Elementar savadlılıq sahəsində ümumi mənzərə qənaətbəxş olsa da, təhsilin keyfiyyəti baxımından problemlər var. Belə ki, ölkələr üzrə təhsilin keyfiyyətinin beynəlxalq qiymətləndirilməsi, (TİMS ), şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi (PİSA) və s. monitorinqlərin nəticəsi bir çox MDB ölkələri kimi bizdə də yaxşı deyil. 70 ilə yaxın bir müddətdir ki, YUNESCO əhali arasında savadlılığın genışlənməsi istiqamətində iş aparır. YUNESCO - nun məlumatlarına görə bu gün dünya əhalisinin 85%-i yazıb-oxumağı bacarır. 1990-cı ildə bu rəqəm 75 % idi.
“Bu gün dünyada 780 milyon savadsız insan var, onların da 70%-ni qadınlar təşkil edir. 60 milyon ibtidai təhsil yaşında olan uşaqlar bu gün məktəbə getmir. Avropa İttifaqında 75 milyon savadsız insan yaşayır”.
Bu gün dünyada 780 milyon savadsız insan var, onların da 70%-ni qadınlar təşkil edir. 60 milyon ibtidai təhsil yaşında olan uşaqlar bu gün məktəbə getmir. Dünya üzrə bütün savadsızlarin 50%-i Cənubi və Qərbi Asiyada, 20%-i Afrika ölkələrində cəmləşib. Məsələn, Hindistanda əhalinin 40%-i savadsızdır. Hətta yüksək inkişaf etmiş ölkələrdə də elementar savadı olmayan xeyli vətəndaşlara rast gəlmək mümkündür. Məsələn, Avropa İttifaqında 75 milyon savadsız insan yaşayır. 2000-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində təhsil məsələlərinə dair keçirilən ümumdünya forumunda YUNESCO belə bir təklif irəli sürmüşdür ki, 2015-ci ilə qədər yaşlı insanlar arasında savadsızlıq səviyyəsi yarıbayarı azalmalıdır. Bu təşəbbüş 160 -dan çox dövlət tərəfindən dəstəklənmiş, qərara alınmışdır ki, YUNESCO-nun “Hamı üçün təhsil” strategiyasının reallaşmasına nail olmaq lazımdır. Bu dövlətlər BMT-nin kütləvi , keyfiyyətli ibtidai təhsil kampaniyasının iştirakçılarıdırlar.
- Müasir dövr mobil təhsil, onlayn təhsil, açıq təhsil kimi məsələləri önə çıxarır.
-Hal-hazırda savadlılığın yayılması üzrə beynəlxalq tədbirlər planına uyğun olaraq “dayanıqlı inkişaf məqsədi ilə təhsil” istiqamətində 10 illik fəaliyyət planı uğurla həyata keçirilir. YUNESCO -nun bu proqramı ilk növbədə savadsızlıq səviyyəsi 50 faizdən yuxarı olan ölkələrə yönəlmişdir. YUNESCO ayrı- ayrı ölkələrə təhsil sahəsində öz proqramlarını, tədris materiallarını hazırlamaq, tədris metodikasi yaratmaq, müəllim hazırlığını həyata keçirməkdə dəstək verir. Savadlılıq problemlərinin həllinə dair YUNESCO -nun baş direktorundan sitat gətirmək istəyirəm. “Ən müasir texnologiyalar və o cümlədən mobil rabitə sahəsində nailiyyətlər savadlılığın yayılmasına yeni imkanlar yaradır. Bu işə biz daha çox investisiya cəlb etməliyik. Biz dövlətlərə müraciət edirik ki, bu sahədə siyasi səylərini və maliyyə məsrəflərini ikiqat artırsınlar . Bizim can atdığımiz gələcək əlifbadan başlayır”. Bu məsələlər birbaşa mobil təhsil, onlayn təhsil, açıq təhsil məsələlərinə bağlıdır. Bu layihələr hal-hazırda YUNESCO-nun dəstəyi ilə bir çox regionlarda inkişaf edir. Beləliklə, qeyd etdiyimiz kimi, bu il Beynəlxalq Bilik Günü savadlılığın və dayanıqlı inkişafın gələcək məqsədlərinin mühüm əlaqələrinin tədqiqinə və öyrənilməsinə həsr edilir. Bu məsələlər 2105-ci ilin sentyabrında BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında da müzakirə ediləcək. Əvvəlki illərdə olduğu kimi, 2015- ci ildə də Beynəlxalq Savadlılıq Günü bütün ölkələrdə fəal şəkildə qeyd edilib. Bu tədbirlər hökumətləri, beynəlxalq təşkilatları, özəl sektor nümayəndələrini, QHT-ləri, icmaları, təhsil işçilərini və ekspertləri bir araya gətirərək təhsilin və savadın dünyanın inkişafında mühüm rolunu, əhəmiyyətini qabardır. Əsas bayram tədbiri isə YUNESCO-nun mənzil qərargahında baş tutub. Burada “Savadlılıq və dayanıqlı cəmiyyət” mövzusunda iki günlük seminar təşkil edilib. Tədbirin məqsədi 2015-ci ildən sonrakı müddətdə savadlılığın yayılması üçün ölkələrin səfərbər edilməsidir.
"Paralel.az"