Təhsildə güzəşt və... - dos. İlham Əhmədov
TƏHSİLDƏ GÜZƏŞT VƏTƏNƏ XƏYANƏTDİR
(nazir, E. Əmrullayev)
Bəli, çox yaxşı fikirdir. Reallıqda buna əməl etmirik, bəs bu bəyanatdan sonra necə, əməl edəcəyikmi?
Bəs minlərlə 100-200 arası ball yığan gənclərə bilikləri olmadığı halda attestat verib, universitetlərə qəbul etmək güzəşt deyilmi?
Bundan kim udur? Vətəndaş yoxsa dövlət? Heç biri. Vətəndaşın, dövlətin vaxtı və pulu hədər gedir, sonra da sertifikasiyadan keçmədin deyib, 650 nəfəri bir əmrlə işdən çıxardırıq. Bu işdən azad olunanlar arasındakıların çoxu bəlkə də 350-450 arası ball yığanlar idi. Bəs 150-200 yığanların aqibəti necə olacaq?
Bunun kökü ondadır ki, özləri demişkən, qəbul edilən qərarlar elmə, tədqiqatlara, araşdırmalara əsaslanmır.
Necə olur ki, ekspertin hər sözünə qulp qoyub, illərlə aparılan araşdırma tələb edənlər, öz qəbul etdikləri qərarlarda elmə əsaslanmırlar? Ekspertlərin heç bir resursu olmadığını yaxşı bilən məmurlar, ondan ciddi araşdırma tələb edir, amma özləri bu qədər resurslara sahib olduğu halda niyə araşdırmasız dövlət əhəmiyyətli qərarlar verirlər? Bu qərar on minlərlə gəncin taleyini həll edir, 100 milyonlarla dövlət və şəxsi pulları hədər edir, bu haqda düşünən varmı? Təhsildə olan bu düşüncə tərzi, idarəetmə tərzi nədir belə?
Ekspertin təklifi nə dövlətə, nə vətəndaşa maddi və mənəvi ziyan vurmur, sadəcə özündən razı məmurların qüruruna toxunur. Çünki, səriştəsizlikləri üzə çıxır. Əgər çətindirsə sizə, bacarmırsızsa düzgün qərarlar verməyi, onda heç olmasa təşəbbüslərə dəstək verin. Dövlət milyonlarla qrant pullarını, layihə pullarını niyə ayırır? Səxavətlə dostlara paylamağa? Heç onda dostlara edilən güzəştlərin vətənə xəyanət olması yada düşmür nədənsə. Əslində təhsilə edilən ən böyük xəyanətlərin biri də budur.
Səthi qərarlar dərin fəsadlar yaradır daim.
Orta təhsilin bərbad olduğu şəraitdə ali məktəblərə qəbul planının ilbəil artırılması əvvəldən səhv qərar idi. Düzdür, bu ali təhsilin kütləviləşməsinə xidmət edə bilər (indi bu qlobal trenddir), amma əvvəl məktəbi gücləndirmək lazım idi. Buna isə 30 il vaxtımız vardı. Amma əvvəllər qəbul edilən silsilə səhv qərarlar buna imkan vermədi.
Savadsız gənclərin kütləvi şəkildə ATM qəbulu səhv qərardır.
Bu gün edilən belə güzəştlər bu tələbələrin təhsil illərində də davam edəcək, bunların 90 -99 % -i diplom alacaq. Çünki, ATM onların ödədiyi təhsil haqqına möhtacdır, xüsusən də PHŞ olduqdan sonra.
Vəziyyətdən çıxış yolu varmı? Təbii. Amma bu variant bahalıdır çox. İnanmıram ki, reallaşa.
Ali təhsil dövlət hesabına tam maliyyələşməli, tələbələrə də qiymətlərdə heç bir güzəşt edilməməlidir. Bu halda təbii seçimlə qalan 50 % diplom alacaq, dövlətə də xəyanət olmayacaq.
Bəs insan kapitalı keyfiyyətsizdirsə, onun nə mənası, nə faydası?
Belə isə, güzəştlə bağlı bu bəyanat nəyə xidmət edir görəsən?
Bugünkü qətiyyət 650 nəfərin 1 gündə işdən çıxarılmasına xidmət edirdi?
(Nazirin "düzgün suallar qoyaq ..." çağırışına cavablar silsiləsindən ).
"Paralel.az"