Azərsu” və “Meliorasiya”ya birləşmə üçün verilən vaxt başa çatdı – Amma birləşmədən xəbər yoxdur

“Azərsu” və “Meliorasiya”ya birləşmə üçün verilən vaxt başa çatdı – Amma birləşmədən xəbər yoxdur
 

Prezident İlham Əliyev mart ayının 30-da 3 qurumun birləşməsi ilə bağlı sərəncam imzaladı və 5 ay vaxt verdi. Həmin sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Qurumların yenilənməsi, birləşməsi hansı müsbət dönüş yaradacaq? Vətəndaşların məmnunlluğu təmin olunacaqmı? Narazılıq aradan qaldırılacaqmı?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, su təsərrüfatı ilə bağlı problemlər 90-cı illərin əvvəllərindən, yəni SSRİ dönəmindən mövcuddur.

Asif İbrahimov

Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra təsərrüfatın idarə olunmasında bir çox problemlər yaranmağa başlayıb:

“Suyun verilməsində fasilələr, su ehtiyatlarının idarə olunması, su balansının çıxarılması və inzibati məsələlərdə ciddi problemlər yaranmağa başladı. İdarəetmədə belə bir məsələ var ki, xüsusilə hər hansı bir sahəni idarə etmək istəyirsənsə, konkret olaraq prosesləri düzgün müəyyənləşdirib, üfüqi və şaquli məsuliyyət bölgüsünü düzgün bölməlisən.

Təəssüf ki, bu illər ərzində su təsərrüfatının idarə olunmasında məsuliyyətin, daha dəqiq desək vəzifə səlahiyyətlərinin bölüşdürülməsində bir çox nöqsanlar var idi. Əvvəl “Su Kanal İdarəsi”, “Bağlar idarəsi”, “Azərsu”, “Meliorasiya” və s. olsa da, yenə də mərkəzi idarəetmədə ciddi problemlər yaranırdı.

Xatırlayırsınızsa, 2 il öncə su ehtiyatlarının idarə olunması ilə bağlı müşavirədə cənab prezident rəhbərə ciddi irad bildirmişdi. Bəzi layihələrin həyata keçirlməsində yaranan problemləri qurumlar bir-birlərinin üzərinə atırdılar. “Azərsu” Fövqəladə Hallar Nazirliyinin (FHN), FHN Maliyyə Nazirliyinin və beləcə davam edirdi. Bundan sonra da “Azərsu” rəhbərliyi istefaya göndərildi, su təsərrüfatının idarə olunmasında müəyyən islahatlar aparılmağa başladı”.

İqtisadçı deyib ki, su təsərrüfatının idarə olunması, mərkəzləşdirilməsi daha düzgün, dolğun, operativ qərarların alınması, həm də maliyyə resurslarının düzgün, səmərəli istifadə olunmasına gətirib çıxaracaq və bir çox məsələlər nəzarət altına alınacaq:

“İllərdir yığılıb qalan problemlər ucbatından vətəndaşlar şikayət edir. Bildiyimiz kimi, bu sahəyə ciddi vəsait ayrılıb, amma ortada heç bir iş yoxdur. Düşünürəm ki, hələ bir müddət bəzi sahələrdə şikayətlər olacaq. Çünki dediyim kimi, bu, illər ərzində toplanan şikayətlərin nəticəsidir”.

Zaira Akifqızı

0.39690494537354