ATU-nun Tədris Terapevtik Klinikasında nələr baş verir? - QALMAQAL
Fərid Pirverdiyev: «Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…»
Xəbər verildiyi kimi, Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov bu ilin aprelində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub.
2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərn, 2008-2009-cu illərdə N.Tusi Klinikasında, 2011-ci ildən 2012-ci ilədək «Medikal Plaza» Klinikasında çalışan, 2013-2016-cı illərdə Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılması üzrə ekspert olan, 2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərən, nəhayət, “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyən Fərid Eyvazovun gəlişi ilə klinikada qalmaqallar başlayıb.
Bu barədə «Təzadlar»a müraciət edən klinikanın mühafizə xidmətində uzun illərdir çalışan Fərid Pirverdiyev açıqlama verib. Şikayət məktubundan sitat:
«Hörmətli «Təzadlar! Bu məktubu sizə ünvanlamaqda məqsədim dərdlərimə şərik olub mənə köməklik etməyinizdir. Səhiyyə Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Ombudsmana müraciət etmişəm, lakin nəticəsi yoxdur. Ona görə də istədim sizin qəzet vasitəsilə dərdimi bölüşüm, bəlkə yatmış qəlblər oyandı. Mən sizi bir obyektiv və namuslu jurnalist bilib müraciət edirəm. Mən, Pirverdiyev Fərid Ədalət oğlu, uzun müddət idi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında baş mühafizəçi işləyirdim. Mart ayından qara günlərim başlayıb. Səbəb isə Fərid Eyvazovun klinikaya yeni direktor təyin olunmasıdır. Səhiyyə Nazirliyinə və digər təşkilatlara bu direktorun qanusuz əməlləri haqqında dəfələrlə yazmağıma baxmayaraq, səsimə səs verən olmayıb. Sadəcə, əsəblərimdən çox şeyi yaza bilmirəm. Xahiş edirəm, məni Sizin internet televiziyanıza çıxarasınız, qoy cənab Prezident, eləcə də səhiyyə naziri Teymur Musayev burada baş verənlərdən məlumatlı olsunlar. Mənə bəlli olan budur ki, Fərid Eyvazov Klinikanı «özəlləşdirib», öz əsabələrini yanına yığaraq əvvəllər rəhbəri olduğu «Bakı Bərpa», «Alyans» və digər şirkətləri də idarə edir. Tədris Terapevtik Klinikanın həkimləri və digər işçiləri bu direktroun əlindən didərgin düşüblər. Hətta o, rektor Gəray Gəraybəylini belə saymır, istədiyini edir. Narazılar şikayət edir, Səhiyyə Nazirliyindən gələn komissiyanı da öz havadarlarının hesabına elə «yola» salır ki, heç kimin ruhu da incimir. Deyiləsi sözlərim çoxdu. Xahiş edirəm mənimlə bu nömrə ilə əlaqə saxlayasınız və mən sizə sənədlərlə və faktlarla geniş açıqlama verim…».