Universitetlərə qəbulun nəticələri, təhsilin böhran halında olduğunu göstərdi

Universitetlərə qəbulun nəticələri, təhsilin böhran halında olduğunu göstərdi
 

Ali məktəblərə tələbə qəbulu kompaniyası tamamlandı. Yaxşı haldır ki, ilbəil qəbul planı artır. Qəbul olunan bütün tələbələri və onların valideynlərini təbrik edirəm. Amma keçid ballarına baxanda bizdə ciddi narahatlıq yaranır.
10-15 gün əvvəl yazırdılar ki, universitetlərdə 10000 plan yeri boş qala bilər. Nazirliyə yaxın adamlar isə bu fikri əsassız hesab edirdilər, bizləri təhsilin inkişafını görmək istəməməkdə, qərəzli olmaqda suçlayırdılar. Təbii ki, keçid ballarını istənilən qədər endirəndə, boş yerlər qala bilməz. Bəs 78 balla tələbə olan şəxs, ali təhsil almaq potensialına malikdirmi? Bu əslində universitetə də, orda işləyən müəllimlərə də, yüksək balla qəbul olunan tələbələrə də sayqısızlıqdır. İndi ATM-nin müəllimi bunlara kvadrat tənliyin həllinimi öyrətsin, kəsrləri toplamağamı, yoxsa ali riyaziyyatı?
Onsuz da 100-200 balla universitetə girən, o səviyyə ilə də universiteti bitirəcək, amma ən böyük pisliyi özünə və ailəsinə edəcək. Çünki, həyatının ən yaxşı illərini (4 ilini), təhsil haqqı kimi (ATM-nə və repetirorlara) ödədiyi pulları havaya sovrulacaq. Repetitor və 4 illik təhsil və digər xərclər 6 ildə ən azı 30-40 min manat edir, bu indiki zamanda ailə büdcəsinə böyük itkidir.
Deməli, məktəb müəllimlərin maaşını artırmırlar ki, repetitorluq edin, bununla dolanın, ATM-nin büdcəsini artırmırlar ki, 100-200 balla hamını qəbul edin və universiteti saxlayın. Nətcədə də hamı uduzur.
Universitet məktəb proqramını yüksək səviyyədə bilənlərin təhsil aldıqları məkandır, tərcümeyi halını yazanda 10 səhv edən uşaqların yox. Belələri kollecə də yox, peşə liseyinə gedə bilərlər.
Əksər mühəndislik ixtisaslarına keçid balı bu il 200 balldır.
200 bal 5 ballı sistemlə 1,5 balldır, heç 2 ball da deyil. Yəni, nəinki 200, heç 300 ball yığana da əslində attestat düşmür, amma biz onları tələbə etdik. Bu uşaqlar heç cürə ali məktəb proqramlarını mənimsəyə bilməzlər, nə Bakıda, nə də Londonda.
Bu vəziyyət məktəbin hansı bataqlıqda olduğunu göstərir. Amma təhsilin inkişafından danışırlar. Bu yaxınlarda bizim təhsilin problemlərinə dair bir məqalə yazmışdım, FB-də də paylaşdım: "Təhsilimizin problemləri sistem xarakterlidir". Bizə təkliflər verin deyən ETN niyə bu təkliflərə, məqalələrə işgüzar və əməli reaksiya vermir? Bu halda susmaq qızıl deyil, dövlətin və xalqın gələcəyinə biganəlikdir.
İndiki vəziyyət bu məqalədə qaldırılan problemlərin ciddi siqnal olduğunu göstərir. Hamı bu vəziyyətdən narahatdır, təkcə ETN-dən başqa. Mən çox istəyərdim ki, nazir bu vəziyyətə aydınlıq gətirsin, hər halda 10 ildir bu sistemdədir, yəqin real vəziyyəti özü də müəyyən qədər bilir. Maraqlıdır, nə düşünür, hansı strategiya təklif edir, ətrafına yığdığı komanda ilə, bu vəziyyətdən necə çıxacaq? Hər halda ictimaiyyətə bunu çatdırsın. Bəlkə heç narahat deyil, elə belə də davam edəcək təhsilin tənəzzülü?
Ali məktəblərə bu ilki tələbə qəbulunun nəticələri, təhsil sisteminin dərin böhranda olduğunu bir daha göstərdi.

Dos. İlham Əhmədov

"Paralel.az"

0.012199878692627