İyirmi il xalqın xidmətində...

İyirmi il xalqın xidmətində...
 

İyirmi il xalqın xidmətində...

Oktyabrın 31-i İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etməsinin iyirmi ili tamam olur. Bu gün onun hakimiyyətindən razı qalanlar da var, narazılıq edənlər də. Kimlərsə onu avtoritar rəhbər hesab etsə də, kimlər üçünsə güclü sərkərdədir. Bəs əslində İlham Əliyev Azərbaycan xalqı üçün kimdir? İki ictimai quruluşda- sovet dönəmində və eləcə də müstəqillik dövründə yaşayan adi bir Azərbaycan vətəndaşı kimi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əvvəlcədən onu qeyd edim ki, mən bu hakimiyyət dövründə hökumətdən heç bir imtiyaz, heç bir mükafat almamışam və heç bir umacağım da yoxdur. Şükür Allaha ki, necə deyərlər, onundan pis yaşasam da üçündən yaxşı yaşayıram, acımdan ölmürəm...

Napoleonun gözəl bir deyimi var: "Vətənini qurtaran insan heç bir qanunu pozmuş sayılmaz." Və ya “qalibləri mühakimə etməzlər” məsəlini yada salmaq istəyirəm. Bu iki deyimdəki fikirlərin nə qədər haqlı, nə qədər haqsız olduğunu deyə bilmərəm. Amma onu yaxşı bilirəm ki, İlham Əliyev Azərbaycan xalqının böyük oğullarından biridir. Gəlin tarixi vərəqləyək. Son iki yüz ildə Azərbaycan torpaqları erməni, rus və gürcülər tərəfindən işğal oluna-oluna cəmi 86 min kv/km qalmamışdımı? Onun da 20%-i 30 il öncə ermənilər tərəfindən işğal olunmuşdu. Yerdə cəmi 66 min kv/km ərazimiz qalmışdı. Və heç bir qarant da yox idi ki, bu proses davam etməyəcəkdi...

“Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə qoçaq olsa,
Ordunu verməz bada...”

Bəli, etiraf etmək lazımdır ki, son döyüşlərdə Azərbaycanın zəfər çalmasında ordunun misilsiz xidmətləri olub. Allah rəhmət etsin, xeyli şəhid vermişik, yaralılarımız var. Lakin unutmaq lazım deyil ki, bu zəfərdə Ali Baş Komandanın müstəsna xidmətləri olub. Məhz İlham Əliyevin düzgün siyasəti nəticəsində azərbaycanlılar məğlub xalqdan qələbə qazanan xalqa çevrildi və o, dünyaya sübut etdi ki, Azərbaycan xalqı döyüşməyi bacarır...

Demirəm, Azərbaycanda hər şey qaydasındadır, heç bir problem yoxdur. Dünyanın hər yerində olduğu kimi, bu ölkənin də özünəməxsus problemləri olduğunu mən də təsdiq edirəm. Professor Qulu Məhərrəmlinin sözü olmasın: “Bu ölkənin iki əsas problemi var- korrupsiya və kadrların düzgün seçilməməsi.” Qoy ikisini də mən əlavə edim- İnhisarçılıq və məmur özbaşınalığı. Bu da doğrudur ki, korrupsiya baş alıb gedəndə, kadrlar düzgün seçilməyəndə, inhisarçılıq hökm sürəndə, eləcə də məmurlar qanuna itaətsizlik edəndə ölkə əhalisinin həyatı çətinləşir, dözülməz olur. Amma etiraf edək ki, bunun qarşısını almaq da çox çətindir. Gərək ölkədə repressiyaya bənzər təmizləmə işləri getsin, günahkarlar hamısı həbs olunsun. Siz elə bilirsiniz ki, bunu etmək asandır? Hətta nəticədə vətəndaş müharibəsi səviyyəsinə çata bilər. Azmı oliqarxlarımız, ölkə rəhbərinə üzdə “baş üstə” deyib arxada öz işində olan məmurlarımız var? Necə deyərlər, dini-imanı ancaq var-dövlət qazanmaq olan insanlar hər nəyə desən, əl atarlar...

Bəli, İlham Əliyev güclü sərkərdədir. Lap ona antipatiyası olan adamlar da yaxşı bilirlər ki, onun adı Azərbaycan tarixində torpaqlarımızı işğaldan azad edən sərkərdə kimi həmişə yaşayacaq. Məni qınamayın, bəzən mənə elə gəlir ki, nəvaxtsa o, hakimiyyətdən gedəndən sonra, Ərdoğan da bu dünyada olmayanda, ermənilər öz işğalçı niyətlərini həyata keçirib yenə də torpaqlarımıza təcavüz etməyə çalışacaqlar. Ən azı “tarix baba” bunu deyir. Siz elə bilirsiniz ki, belə əlverişli məqamlar Azərbaycan tarixində çox olub? Əsla yox!..

Bilirəm, indi məni necə deyərlər, top-tüfəngə tutan adamlar da tapılacaq- Ay nə bilim, “diktatoru niyə tərifləyirsən?” Və ya - “ölkədə baş verən özbaşınalıqları sən görmürsənmi?”- deyib suçlayanlar da meydana atılacaq. Həmin adamlara bu başdan cavab verirəm:- Bəli, İlham Əliyevin Azərbaycan xalqının böyük oğlu olduğunu zaman-zaman siz də anlayacaqsınız. Hələlik!..

Elman Eldaroğlu

"Paralel.az"

0.015245914459229