Xanım nazir nəyə görə Azərbaycan üçün arzuolunmaz şəxs oldu? - DETALLAR

Xanım nazir nəyə görə Azərbaycan üçün arzuolunmaz şəxs oldu? - DETALLAR
 

O, Belçikanın xarici işlər naziri Hadca Labibdir. Regiona səfəri çərçivəsində bu gün Azərbaycana gəlib. Lakin ermənipərəst mövqeyinə görə, srağa gün Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verdiyinə görə, Prezident İlham Əliyev onu qəbul etməyəcək.

Diplomatik ənənəyə əsasən, ölkəmizə səfərə gələn XİN rəhbərləri, adətən, xarici işlər naziri ilə bərabər, dövlət başçısı tərəfindən də qəbul olunur və onlarla müzakirələr aparılırdı. Lakin Belçikanın xanım XİN rəhbərinin belə bir qəbuldan məhrum edildi və bu onun üçün bir diplomat kimi həqiqətən də ağır zərbədir. 

Bu hadisə xanım Hadca Labibdə ən azından psixoloji diskomfort yaradacaq. Lakin eyni zamanda onu düşündürəcək. Bəlkə də səhvini anlamaqdan ötrü bu hadisə Hadca Labib üçün həqiqətən də əsl “soyuq duş” olacaq. 

Prezidentin bu şantajçı və təxribatçı naziri qəbul etməkdən imtina etməsi, əslində, düzgün addımdır. Avqustun 22-də regiona səfəri çərçivəsində ilk olaraq Ermənistana səfər edən və İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edən, Nikol Paşinyan və Ararat Mirzoyan ilə görüşlərində Azərbaycanın ünvanına əsassız iddialar səsləndirən bu naziri, əslində, hətta birbaşa hava limanından da geri qaytara bilərdik. Bəli, beynəlxalq praktikada bu cür nümunələr də var. 

Ancaq rəsmi Bakı buna getmədi. Çünki onun ermənipərəst mövqeyinin və Ermənistanda səfərdə olarkən Azərbaycan əleyhinə əsassız iddialar səsləndirməsinin səhv olduğunu ona başa salmaq lazımdır. Odur ki, Ceyhun Bayramovun Belçika XİN-in xanım rəhbərini qəbul edib, onu erməni yalanlarının psixoloji asılılığından xilas etməsində fayda var.

Onu da nəzərə almalıyıq ki, Belçikanın XİN başçısından Azərbaycana qarşı əsassız ittihamlar, sərsəm iddialar gözləmək mümkün idi. Çünki Belçika ənənəvi olaraq ermənipərəst mövqeyi ilə seçilən ölkələrdən biridir. 

Hadca Labibin özünün də separatçı hərəkatlara, etnik qiyamlara rəğbətini nəzərə alsaq, o zaman onun İrəvanda kəskin anti-Azərbaycan xarakterli fikirlər səsləndirməsinin əsl səbəbləri gün üzünə çıxmış olur. Hadca Labib Rusiyanın Krımı ilhaq etməsinə də vaxtilə müsbət yanaşıb və hətta 2021-ci ildə Rusiya vizası ilə Krıma səfər də edib. 

Bu qadın, əslində, heç peşəkar diplomat da deyil. İxtisasca jurnalistdir. Vaxtilə Brüssel Azad Universitetinin jurnalistika fakültəsini bitirib. Əfqanıstan, Pakistan, Hindistan və Yaxın Şərqin bir sıra digər "qaynar nöqtə"lərindən telereportajlar hazırlayıb və həmişə də əksər hallarda bölücülərin, separatçıların, üsyançıların mövqeyindən çıxış edib, onların tələblərini işıqlandırmağa çalışıb. 

Odur ki, bu nazirin Qarabağla bağlı açıqlamalarında da diplomat kimi deyil, separatçılara simpatizanlıq edən keçmiş telereportyor kimi mövqe sərgiləməsi anlaşılandır. Adam özünü diplomatiya meydanında jurnalist kimi aparmaqda davam edir. 

53 yaşlı bu təxribatçı nazir həm də “sapı özümüzdən olan balta”lardandır. O, əlcəzairli müsəlman ailəsində doğulub. Lakin katolik məktəbində oxuduğuna görə İslama münasibəti dəyişib və 18 yaşında müsəlmanlıqdan imtina edib. Belçikada yaşayan əlcəzairlilərlə, bütün müsəlmanlarla əlaqələrini kəsib. Bu qadının separatçı, reneqatçı əhvali-ruhiyyəsi həm də bundan qaynaqlanır. Onun Azərbaycana qarşı soyuq münasibət bəsləməsinin bir səbəbi də bununla bağlıdır. 

Dinini dəyişən manqurtlar da vətənini satan xainlər kimi çox təhlükəli olurlar.  

Bu qadın həmçinin LGBT hüquqlarının qatı müdafiəçisi kimi, feminist kimi də tanınır. O, cinsi azlıqların hüquqlarını bəhanə edərək müxtəlif ölkələrin daxili işlərinə qarışır. İndi də bütövlükdə “əzabkeş” erməni xalqının müdafiəçisi rolunda çıxış etməyə başlayıb.

Müəllif: Bəybala Mirzəyev

 

0.015804052352905