Səthi qərarların dərin fəsadları - dos.
İlham Əhmədov
Ölkəmizdə 50-dən çox ATM, 30.000-dən çox professor - müəllim heyəti, 250.000-dən çox tələbə var. Amma ali təhsil sistemimizin problemlərinə dair ölkədə 1 dənə də olsun elmi-metodik jurnal nəşr edilmir. Bu biabrçı vəziyyəti düzəltmək üçün nəhayət ki, 2012-ci ildə "Ali təhsil və cəmiyyət" adlı bir jurnal yaradıldı. 30 il müstəqillik tariximizdə yeganə olan bu jurnalın cəmi 3 nömrəsi dərc ediləndən sonra, 2013-cü ildə müvəffəqiyyətlə qapadıldı. Bu addım kimin xeyrinə idi? Məqsəd nə idi?
Universitet təhsilinə aid 1 elmi jurnal nəşr etməyən qurum alimlərdən reytinqli jurnallarda məqalələr dərc etməyi tələb edirlər. Müqayisə üçün bildirim ki, RF-da bu mövzuda 100-dən çox elmi-metodik jurnal nəşr edilir.
Bu jurnalın qapandığı 10 ildə, bəlkə də 50 dəfə biz öz məqalə və müsahibələrimizdə, sosial şəbəkələrdə bu məsələyə diqqəti yönəltmişik. Amma heç bir reaksiya yoxdur.
"Bizə problemlərdən danışın, məişət söhbətləri etməyin" deyən məmurlar niyə bu qaldırılan problemlərə reaksiya vermirlər, həll etmirlər? Yoxsa problemləri eşitmək onlara xoşdur? Hər dəfə problemləri eşitmək və qarşılığında bu probelimlərin həlli üçün heç nə etməmək, bu bəlkə yeni idarəetmə texnologiysıdır?
Ölkədə ali təhsilin problemlərini tədqiq edən nə bir elmi tədqiqat institutu, nə də bir tədqiqat mərkəzi yoxdur. Universitetlərimizin gələcək inkişaf problemləri, uzunmüddətli strategiyalar, real durumun monitorinqi hansı mərkəzlərdə, kimlər tərəfindən araşdırılacaq? Nəticələri hansı jurnallarda nəşr ediləcək?
50 universitetin professor-müəllim heyəti bu məlumatları hansı mənbədən əldə edəcəkdir? Bu yollamı 3 ilə TOP-800 -də 2 universitetlə təmsil olunacağıq? 2 tədqiqat universiteti yaradacağıq?
Ali məktəblərə ilbəil qəbul planını artırmaq, gələcəkdə bunun hansı sosial-iqtisadi, təhsil yönlü problemlər yaradacağını əvvəlcədən araşdırmamaq, nəticələri proqnozlaşdırmamaq, faktiki olaraq ali təhsil sisteminə böyük zərbə ola bilər.
Bu gün dünyanın mürəkkəb inkişaf mərhələsində hər bir addım elmə, tədqiqata əsaslanmalıdır, təsadüfi, hərtərəfli düşünülməmiş qərarlarla yaxşı heç nə etmək mümkün deyil. Təhsil tariximizin son 30 ilində kifayət qədər səthi qərarlar vermişik. Nəticəsi də təhsildə dərin fəsadlar yaranmışdır. Bu gün təhsildə bir sağlam dayaq nöqtəsi tapa bilmirik ki, ona əsaslanıb təhsili bataqlıqdan çıxarmağa cəhd edək.
Bizim ali təhsil problemlərimizin müzakirəsi 10 ildir Feysbukun ümidinə qalıb. Allah Markın atasına rəhmət eləsin. FB-də universitetlərimizlə əlaqəli yazılan məqalə və təklifləri də Markın komandası sistemləşdirib, ümumiləşdirib, gəlib burda tətbiq etsəydilər, bəlkə universitetlərimiz bir az inkişaf edərdi.