Keyfiyyətsiz təhsilin kütləviliyi kimə lazımdır? - dos.İlham Əhmədov
Keyfiyyətsiz təhsilin kütləviliyi kimə lazımdır?
Universitetlərimizə ilbəil qəbul planı artır. Bu il universitetlərə qəbul planı 56 mindən çoxdur. Bunun yaxşı tərəfi odur ki, ali təhsillə əhatə edilən gənclərin sayı artır, ölkəni daha az abituriyentlər tərk edir.
Ali təhsilin kütləviliyini təmin etməkdə distant təhsil əvəzedilməz texnologiyadır. Distant təhsilin keyfiyyəti isə, bu texnologiyadan yox, təhsilin məzmunu və onun düzgün təşkilindən asılıdr.
Ənənəvi ali təhsili (yəni əyani təhsili) keyfiyyətsiz olan ölkənin, heç vaxt keyfiyyətli ali distant təhsil ola bilməz. Distant təhsil məhz keyfiyyətli ənənəvi təhsilin virtual proyeksiyasıdır.
Son 15 ildə dünyada ali təhsil kütləvi xarakter almışdır (hərçənd son 5 ildə kolleclərə də axın tədricən çoxalıb). Əhalinin hər 100 min nəfərinə düşən ali təhsilli insanların sayına görə biz uzun illər ərzində MDB-də aşağı yerlər tuturduq. İndi qəbul planının ilbəil artması vəziyyəti gələcəkdə dəyişdirə bilər.
Məlum strategiyada (Azərbaycan 2030) qeyd edilib ki, 2026-cı ildə ATM-nə gələcəkdə qəbul planı 75.000 olacaq.
Bu kəmiyyət artımı keyfiyyət artımına səbəb ola bilərmi? İlkin Araşdırmalar göstərir ki, yox. Biz hələ az sayda tələbəni keyfiyyətli öyrədə bilmirik. Bu halda kəmiyyət artımı keyfiyyətə daha da pis təsir edəcək. Çünki, keyfiyyətin artması üçün zəruri layihələr icra edilmir. Biz təhsildə kəmiyyət artımına xüsusi hazırlıqlar görməliyik. Əgər gələcək 4- 5 ildə universutetlərə qəbul planı 50 % artacaqsa, bu çox ciddi problemlər yaradacaq. İndidən proqnoz vermək olar ki, növbəti 5 ildə təhsil büdcəsi universitetlərdə təmir tikinti işlərinin yeni vüsət almasına xidmət edəcək, bunun isə təhsilin keyfiyyətinə aidiyyatı yoxdur. Ali təhsilin Keyfiyyətinin yüksəldilməsi üzrə zəruri tədbirlərin aparılması və eyni vaxtda AMEA institutlarının universitetlərə inteqrasiyası iri masştablı məsələdir, bu işlərin ETN-nin tərəfindən keyfiyyətli icrası real görünmür (hər halda son 10 illik təcrübə bu qənaətə gəlməyə əsas verir).
Həm də ölkədə orta təhsilin keyfiyyəti yoxdursa, normal məktəb yoxdursa (repetitorluğun inkişafı bunu göstərir), onda ölkədə heç vaxt keyfiyyəli ali təhsil ola bilməz. Yəni, məktəbləri zəif olan ölkənin universitetləri güclü ola bilməz. Universitetləri zəif olan ölkənin inkişafı ola bilməz. Ölkənin strateji məqsədləri bu problemlərin təcili həllini tələb edir.
150 balla (5 ballı sistemlə bu 1 ball deməkdir) universitetə gələn tələbə heç vaxt universitet proqramını mənimsəyə bilməz. Yəni təhsildəki problemlər bu 30 ildə o qədər sinergetik effekt yaradıb ki, onu həll etmək çox çətin olacaq.
Hal hazırda ali təhsil haqqında qanun üzərində iş gedir. Bəziləri hesab edir ki, bu qanunun qəbulu vəziyyəti yaxşılığa doğru ciddi dəyişdirə bilər. Bu Qanunun qəbulu da heç nəyi dəyişməyəcək. Çünki, Qanun fəaliyyət mexanizmi deyil. Qanun müvafiq sahədə fəaliyyəti hüquqi olaraq tənzimləyir. Bunun ali təhsilin keyfiyyətinə təsiri az olacaq. Qanun sanki, yol hərəkət qaydasıdır. Bizə isə ali təhsil üzrə strateji yol xəritəsi lazımdır. Ali təhsildə keyfiyyəti yüksəltmək üçün keyfiyyətli ali təhsil siyasəti, onu icra edə biləcək keyfiyyətli komandalar (nazirlikdə və universitetlərdə) olmalıdır.
"Paralel.az"