“GÜC TƏTBİQ EDİB, ONLARI NEYTRALLAŞDIRA BİLƏRİK...” – “Artıq Rusiya sülhməramlılarının münasibəti dəyişməlidir”

“GÜC TƏTBİQ EDİB, ONLARI NEYTRALLAŞDIRA BİLƏRİK...” – “Artıq Rusiya sülhməramlılarının münasibəti dəyişməlidir”
 

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “AzPolitika.info”-ya müsahibəsində Ermənistanın tələbi əsasında keçirilən BMT Təhlükəsizlik Şurası (TŞ) toplantısı, bu toplantının nəticələri, eləcə də Qarabağ ətrafında və regionda gedən siyasi proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Tofiq bəy, 16 avqust görüşündən əvvəl TŞ iclasından gözləntilərinizi soruşmuşduq, proqnozunuz demək olar ki, özünü doğrultdu. Müzakirələr nəticəsiz qaldı, heç bir bəyanat və qətnamə qəbul olunmadı. Sizcə bu nə ilə bağlı idi?

- Açığı, bu proqnoz tam özünü doğrultmadı. Çünki qaydalara görə, üç nəticədən biri ola bilərdi. Ya qətnamə qəbul olunmalı idi, ya Təhlükəsizlik Şurasının sədri bəyanat verməli idi, ya da sədr adından mətbuat üçün açıqlama olmalı idi. Açığı, mən ermənilərin bu tədbirə daha ciddi şəkildə hazırlaşacaqlarını güman edirdim. Məlum idi ki, ermənilər bu müzakirələri qətnamə səviyyəsinə çıxara bilməyəcəklər. Amma sədr səviyyəsində heç olmasa hansısa bəyanata nail olacaqlarını düşünürdüm. Bildiyiniz kimi, sədr orada gedən müzakirələri ümumiləşdirir və bütün tərəflərin mövqeyini əks etdirən neytral bir bəyanat verir. Bu, çağırış formasında olan bir bəyanatdır və icbari deyil, heç bir hüquqi nəticələr də daşımır. Amma biz gördük ki, bunların heç biri baş vermədi. Çünki Ermənistanın tələbləri çox absurd və gülməli idi.

- BMT TŞ-dan nə istəyirdilər?

- Ermənilər istəyirdilər ki, Laçın yolunda nəzarət ruslara qayıtsın. Həmçinin onlar tələb edirdilər ki, Azərbaycan mütləq o yolu açmalıdır və Rusiya sülhməramlıları bu missiyanı həyata keçirməlidir. Hətta onlar belə fikirlər səsləndirirdilər ki, Rusiya sülhməramlılarını hansısa beynəlxalq missiya əvəz etsin. Onların qoyduğu məsələlər reallıqdan çox uzaq idi. Ona görə də heç bir nəticə əldə olunmadı. Təbii ki, burada Azərbaycan diplomatiyasının da işi çox vacib idi. Hələ bir neçə ay öncədən azərbaycanlı diplomatlar Təhlükəsizlik Şurasında təmsil olunan müxtəlif ölkələrlə daim əlaqə saxlayırdılar.

- Bir mərhələ demək olar ki, yekunlaşdı və sizin də qeyd etdiyiniz kimi, Ermənistan tavanı gördü. Beynəlxalq təzyiq yaratmaqla Azərbaycanın mövqeyinə təsir eləmək, onu geri çəkilməyə məcbur eləmək kimi səylər baş tutmadı. Bundan sonra Ermənistanın beynəlxalq səviyyədə Azərbaycana qarşı aparacağı siyasət nədən ibarət ola bilər? Bizi kontekstdə nə gözləyir?

- Bu tədbirdən sonra ortaya mənbəyi bəlli olmayan 14 maddəlik bir sənəd çıxdı. Orda təklif olunurdu ki, danışıqlar olmalıdır.

- Bu sənədin Rusiya tərəfindən təklif olunduğu iddia olunur.... 

- Bəli, Rusiya tərəfindən təklif olunuduğu göstərilir. Amma mən istisna eləmirəm ki, Qərbdə və ABŞ-da da bu cür təkliflər var. Sadəcə Rusiya ermənilərin əli ilə bu sənədi yayaraq Qərbi qabaqlamağa çalışır. Burada məqsəd ondan ibarətdir ki, Azərbaycan ictimaiyyətinə göstərsinlər ki, danışıqlar ola bilər və bu danışıqlarla müəyyən məsələləri həll etmək mümkündür. Bu sənəddə bizə xoş görünmək üçün lehimizə olan mövqelərə də yer verilib. Məsələn, ərazi bütövlüyünün tanınması kimi. Amma bu mətnə diqqət yetirmək lazım deyil. Çünki onların əsl məqsədi Azərbaycan və Qarabağ erməniləri arasında danışıq təşkil etməkdir. Yəni, onlar sənəd hazırlayırlarsa, deməli, burada tərəflər arasında vasitəçi qismində çıxış edirlər. Vasitəçi varsa, deməli, beynəlxalq format əmələ gəlib. Bu yolla danışıqlar təşkil edərək, bu görüşə beynəlxalq format vermək istəyirlər. Bu taktkanı diplomatiya üzrə birinci kursda təhsil alan tələbə belə bilir. Bunlar hamısı köhnə oyunlardır. Əminəm ki, bizim rəsmilər belə şeylərə inanmırlar. Biz bu sənədə ciddi yanaşsaq, Qarabağ erməniləri münaqişənin tamhüquqlu tərəfi hesab olunacaqlar. Bu tərəf isə müstəqillik əldə etmək istəyir. Onlar bu yolla beynəlxalq sənədin qəbuluna nail olaraq, beynəlxalq status almaq niyyətindədirlər.

- Azərbaycan Xarici İşlər Nazirliyi BMT- TŞ-da gedən müzakirələrə həmin gün reaksiya verdi. Səhəri gün Nikol Paşinyan hökumətinin iclasında Təhlükəsizlik Şurasındakı müzakirələrə qiymət verdi. Hər iki tərəfin bəyanatının sonunda sülh prosesinə qayıdış, sülh danışıqlarının davam etdirilməsi kimi müddəalar öz əksini tapıb. Bundan sonra Vaşinqton və ya Brüssel formatında, eləcə də Rusiyanın təşkilatçılığı ilə üçtərəfli formatda müzakirələrə qayıdış gözlənilirmi?

- Məncə bu danışıqlar davam etdirilir. Sadəcə yay fəsli olduğuna görə müəyyən müddət ara verilib. Hətta belə bəyanatlar var ki, sentyabrda hansısa görüş olacaq. Yəni, proses davam etdiriləcək. Amma bu nəyin davamı olacaq? Əgər Qarabağ bölgəsinə aid davamdırsa, burada bizim mövqeyimiz bəllidir. Biz Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərlə Yevlaxda görüşə bilərik. Bu isə yalnız kommunikasiya çərçivəsində ola bilər. Çünki dövlət öz vətəndaşlarıyla danışıq aparmır, “ASAN” xidmət və digər dövlət qurumları vasitəsilə əlaqə qurur. Vətəndaşlıq almaq istəyirlərsə, ilk növbədə üzr istəməlidirlər. Ondan sonra kommunal məsələlərdən danışmaq olar. Vətəndaşlıq istəməyənə isə demək lazımdır ki, nə istəyirsənsə, onu da et. Bizdə məşhur bir söz var, “get hara istəyirsən şikayət elə!” (Gülür).

- Bəs bu Laçın yolundakı vəziyyət necə tənzimlənəcək? Ermənistandan göndərilən yük karvanı orada qalmaqda davam edir. Azərbaycan hansısa bir kompromis təklif edə bilərmi və yaxud üçüncü bir tərəfin Rusiyanın və ya Qərbin iştirakı ilə ortaq bir variant tapıla bilərmi?

- Maşınlar mənim deyil, mən niyə onların dərdini çəkim? Qoy qalsınlar, orda da çürüsünlər. Biz onları bura dəvət eləməmişik. Bizdən icazə almayıblar. Ona görə də özləri həll etsinlər. Bizdə hər şey qaydasındadır, sərhədçilərimiz oradadır və hər şeyə nəzarət edirlər. Digər tərəfdən, Azərbaycan humanitar gediş-gəliş üçün imkan yaradır. Yük gətirmək istəyənlər isə Ağdam yolundan istifadə edə bilərlər. Vaxtilə Ağdamdan, Xankəndinə dəmir yolu xətti var idi. O yolu bərpa eləsək, bu yükləri daha rahat şəkildə Xankəndinə çatdırmaq olar. Yəni, burada mən heç bir problem görmürəm. Azərbaycan öz suveren hüquqlarından tam şəkildə istifadə edir. Heç bir humanitar böhran yoxdur. Orada yaşayan dinc sakinlər problem yaşay bilərlər. Amma bu problemləri yaradan o bölgədəki işğalçı xuntadır. Hansı ki, işğaldan sonra orada qalıblar. Onların maaşı Ermənistan büdcəsindən verilir. Deməli, onlar Ermənistanın hərbçiləridir və orada olan sadə insanları girov saxlayırlar. Biz bir müddət sonra güc tətbiq edərək onları neytrallaşdıra bilərik. Onsuz da onların mövqelərinin, 50-yə yə yaxın texnikalarının harada yerləşdiyi bizə məlumdur.     

- Sizcə, BMT Təhlükəsiz Şurasındakı məyusluqdan sonra separatçı rejim daxilində hansı proseslər gedəcək? Yəni, parçalanma ola bilərmi? Bizim gözlədiyimiz deqradasiya sürətlənəcəkmi?

- Mən hesab edirəm ki, biz onlara imkan yaratmalıyıq ki, oradan sərbəst şəkildə çıxıb getsinlər. Çünki onlar qanun qarşısında cavab verəcəklər. O ki qaldı adi insanlara, onların da işinə ayrı-ayrılıqda baxıla bilər. Hələ bir baxaq, görək hansı cinayətləri törədiblər. Əgər cinayət törətməyiblərsə, ya da yüngül cinayətlər törədiblərsə, məsələn, mitinqdə iştirak ediblərsə, onlara qarşı amnistiya tətbiq oluna bilər.

- Azərbaycanın gündəliyi, həm də Qarabağın tam silahsızlaşdırılmasıdır və qüvvədə olan üçtərəfli razılaşma da Azərbaycan ərazilərində işğalçı ordunun qalmasını istisna edir. Bu hədəfə nail olmaq üçün hansı yol xəritəsi təklif oluna bilər?

- Birincisi, qeyri-qanuni hərbi birləşmələr buraxılmalıdır. Amma müvəqqəti hansısa qərarlar qəbul oluna bilər. Məsələn, təhlükəsizliyi təmin etmək üçün orada müvəqqəti hüquq-mühafizə strukturları yarana bilər. Söhbət kommersiya əsasında müvəqqəti şəkildə hansısa qurumların yaradılmasından gedir. Məsələn, Azərbaycan büdcəsi hesabına hansısa şirkət yaradıb, orada post-patrul xidməti təşkil etmək olar. Burada isə qismən ermənilərdən istifadə edə bilərik. Amma onların yanında Azərbaycan hərbçisi və ya polisi olmaq şərti ilə. Onlar hələlik orada gəzib, təhlükəsizliyi təmin edə bilərlər. Oradakı konstitusiyaya zidd olan hərbi birləşmələr isə tam şəkildə buraxılmalı, silahları isə təhvil verməlidirlər.

- Bunun mexanizmi necə görürsünüz? Azərbaycan ilk növbədə Ermənistandan tələb edir ki, Qarabağdakı xunta ilə əlaqəni tamamilə kəssin və siyasi dəstəyi dayandırsın. Eyni zamanda, açıq şəkildə olmasa da Rusiya ilə də belə bir müzakirə mövcuddur. Sizcə, Azərbaycan güc tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq əsasında onlara müəyyən bir zaman çərçivəsi tanıya bilərmi?

- Biz sülhməramlılara iki il ərzində çox imkanlar yaratmışıq. Bunun da müəyyən səbəbləri var idi. Azərbaycan bu müddət ərzində azad olunmuş ərazilərdə faktiki varlığını bərpa etməli idi. Yəni biz bu infrastrukturu yaratdıq. Düşünürəm ki, artıq Rusiya sülhməramlılarının münasibəti dəyişməlidir. Onlar bundan sonra bizə kömək edən və bizim məqsədlərimizə xidmət edən bir mexanizmə çevrilməlidirlər. Qısa bir müddətdə elə addımlar atılmalıdır ki, həm sülhməramlıların, həm də orada qalan ünsürlərin fəaliyyətinə son qoyulsun.

- Bəs Qarabağdakı bu xuntanın hərbçilərinin təchizatı necə həyata keçirilir?

- Bu barədə danışmaq çətindir. Bəzi məlumatlar var ki, hansısa gizli yollar qalıb və s. Amma oranın relyefini nəzərə aldıqda mən hansısa yolların qaldığını təsəvvür edə bilmirəm. Sülhməramlılar separatçılara vertolyotlar vasitəsilə kömək edə bilərlər. Mən bildiyim qədərilə uçuşlar hələ də var.

Elvin Bəyməmmədli

Paralel.az

0.018239974975586