ETN-in yeni agentlikləri nəyə xidmət edəcək? – Ekspertdən AÇIQLAMA

ETN-in yeni agentlikləri nəyə xidmət edəcək? – Ekspertdən AÇIQLAMA
 

 “Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər və ümumtəhsil məktəblərinə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi isə ali təhsil müəssisələri birbaşa nəzarəti bərpa etmək üçün  yaradılır. Məqsəd isə bu sahələrdə həm müasir və modern idarəetməni təkmilləşdirmək, həm məsuliyyəti artırmaq, həm də innovativ yanaşmanı təmin etməkdir”.

Bu sözləri Bizim.Media-ya açıqlayan təhsil eksperti Nadir İsrafilov, bildirib ki, görülən işlər və həyaya keçirilən islahatlar düzgün istiqamətdə gedərsə, texniki peşə sahəsində olduğu kimi bu sahələrdə də bir canlanma baş verəcək.

Bu baxımdan aparılan islahatları müsbət addım kimi dəyərləndirən müsahibizimin sözlərinə görə, nəticəsini isə agentliklər işə başlayandan sonra görmək mümkün olacaq. 

1999-cu ildə Azərbaycanda təhsil sahəsində islahatlarla bağlı qanunun qəbul olunduğunu xatırladan ekspert bildirdi ki, əsas məqsəd, uzun illər boyu təhsil sahəsində toplanmış potensialı qoruyub saxlamaq və inkişaf etdirmək idi: 

“Bu yolla təhsilin forma və məzmunca yenilənməsinə nail olmaq istəyirdilər. Amma bu islahatlar kənarda qaldı və beynəlxalq inteqrasiya, dünya təcrübəsi kimi işlərlə 70 il ərzində toplanmış potensialı qoruyub saxlaya bilmədik. 1990-cı illərə qədər indiki Elm və Təhsil Nazirliyi üç hissədən ibarətdi. Bunlar Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və nazirlik səviyyəsində olan Dövlət Texniki Peşə Komitəsi idi. Bunlar birləşdirilərək vahid Təhsil Nazirliyi yaradıldı.

Maarif Nazirliyi məktəbəqədər və orta ümumtəhsil məktəblərinə, Ali və Orta İxtisas Təhsili Nazirliyi texnikumlara və ali təhsil müssisələrinə, Dövlət Texniki Peşə Komitəsi isə yalnız texniki peşə məktəblərinə nəzarət edirdi. Ancaq vahid nazirlikdə birləşəndən sonra bunlara nəzarət bir qədər zəiflədi. Bundan da ən çox texniki peşə sistemi zərər gördü və tamamilə çökdü. Amma prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahə yenidən dirçəldi və qısa müddət ərzində Texniki Peşə Agentliyi yaradıldı. Bunun sayəsində də bu məktəblərə maraq yarandı. Bu agenlikləri yaratmaqla  yenidən keçmiş təcrübəyə qayıtmağa məcbur olurlar”.

Məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin icra hakimiyyətlərinin nəzarəti altında olduğunu xatırladan müsahbimiz, bir il əvvəl yenidən Elm və Təhsil Nazirliyinin sərəncamına verildiyini qeyd etdi:

“Bu da özlüyündə müsbət prosesdir. Təhsil vahid mexanizmdir və bu sahəyə icra hakimiyyəti orqanlarının nəzarət etməsi düzgün deyil. Bunun fəsadlarını uzun illər boyu müşahidə etdik”.

Bəs Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi azərbaycanlı gənclərin xarici ölkələrdə ali təhsil almaları və ya davam etdirmələri üçün üçün hansı addımlar atacaq?

Sualı cavablandıran ekspert, xaricdə təhsilin prezident İlham ƏIiyevin təsdiq etdiyi dövlət proqramı çərçivəsində həyata keçirildiyini vurğuladı:

“2017-ci ildə başa çatan proqramda bəzi qüsurlar üzə çıxdı. Belə ki, xaricdə təhsil alan bakalavrların, magistrlərin çoxu sonradan geri qayıtmadı. Bu da beyin axınıdır və ölkəmizə ziyan verir. Buna görə də proqramda bəzi yeniliklər edildi və qərara alındı ki, yalnız magistrlər xarici təhsilə cəlb olunsunlar. Agentliyin yaranması bu kimi vacib məsələlərin həllinə səbəb olacaq.

Xaricə gedənlərin çoxu dövlət hesabına oxuyurdular. Eyni zamanda, hansı ixtisasa kadr tələb olunurdusa, ora da tələbə göndərilirdi. Ancaq indi məlum olur ki, ölkəmizdə də yeni ixtisaslar yaradılıb və ali təhsil müəssislələrimizin maddi-texniki bazası və kadr potensialı bu ixtisaslar üzrə xarici ölkələrin təhsil səviyyəsinə uyğun təhsil verməyə və yeni kadrlar yetişdirməyə imkan verir. Hazırda ölkəmiz üçün yeni texnologiyaların inkişafı ilə əlaqədar kadr ehtiyacı yaranıb. Bu baxımdan da gənclərmizi elə ixtisaslar üzrə göndərməliyik ki, ölkəmizdə buna ehtiyac olsun.

Xaricdə təhsil ölkəmiz üçün lazımdır. Bunun səmərəli və vacib olması, ölkəmiz üçün fayda verməsi və beyin axınına səbəb olmaması üçün çoxlu iş görülməlidir.

Yeni agentlik səmərəli yollar və istiqamətlər müəyyənləşdirməlidir ki, xaricdə təhsillə bağlı növbəti təhsil proqramı qəbul olunan zaman bu problemlər nəzərə alınsın”. 

Xatırladak ki, Prezident İlham Əliyev 24 iyul 2023-cü il tarixdə  Azərbaycanda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması, eləcə də Əsasnamələrinin təsdiq edilməsi barədə  barədə Fərman verdi.

 

0.022924900054932