Kremlin vurnuxması, Ağ Evin ara qarşıdırması, ermənilərin rəzilliyi

Kremlin vurnuxması, Ağ Evin ara qarşıdırması, ermənilərin rəzilliyi
 

“BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı dinləmə mənə ötən əsrin 90-cı illərinin əvvəlində, hələ SSRİ-nin dağılmadığı dönəmdəki vəziyyəti xatırlatdı. Daha dəqiqi ABŞ və Rusiya təmsilçilərinin çıxışları belə təəssürat yaradırdı”.

Paralel.az ” xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Rusiya təmsilçisinin Ermənistan rəhbərliyinin açıqlamalarına dayanaraq Qarabağın Azərbaycan torpağı olaraq tanıdıqlarını dilə gətirməsi, təbii ki, düşündürücüdür.

“Ukraynada baş verənlərdən beynəlxalq normalara Moskvanın necə yanaşdığı aydındır. Sadəcə, o aydın deyil ki, Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu deməsinə oradakılar sevinir, yoxsa kədərlənir. Bütün hallarda Kremldəkilərin hərəkətləri Qorbaçovun ozamankı vurnuxmalarına bənzəyir. Amma bu vurnuxma onlara yenə də baha başa gələ bilər. Çünki ötən əsrin sonlarında Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasındakı qarşıdurmadan necə SSRİ-nin dağılması üçün faydalanmışdısa, ABŞ-nin indi də ondan Rusiyanı regiondan vurub çıxarmaq məqsədilə istifadə etməyə çalışdığı açıq-aydın görünür. Dünənki dinləmədə belə, bu, hiss olunurdu”, - o qeyd edib.

ABŞ təmsilçisinin çıxışına toxunan deputat qeyd edib ki, o, bir sıra hallarda özünü BMT kürsüsündən yox, Kaliforniyada seçkiqabağı kampaniyada çıxış edirmiş kimi aparırdı: “ABŞ təmsilçisinin Azərbaycanla Ermənistana Qarabağla bağlı "uzunmüddətli (uzunmüddətli, yəni nə qədər, yenə 30 il?) danışıqlar" təklif etməsi isə bəziləri kimi Vaşinqtonun da regionda sülhdən daha çox qarşıdurmanın qalmasında maraqlı olduğunu göstərməkdən başqa heç bir anlam daşımır. Belə görünür ki, Qarabağın Azərbaycan torpağı olduğunu bunu görməzdən gələnlərə anlatmaq üçün çox qısa zamanda daha təsirli addımlar atılacaq.

Beləliklə, dünənki dinləmə bəzi böyük və Fransa kimi içindən böyüklük keçən, yaxud da özünü belə görən dövlətlərin Qarabağa yanaşmalarının elə də dəyişmədiyini, oradakı etnik azlıqdan geosiyasi məqsədləri üçün faydalanmağa çalışdıqlarını bütün çılpaqlığıyla üzə çıxardı. Bununla yanaşı, elələrinin alətinə çevrilənlərin gözləntiləri özünü doğrultmadı. Guya hayların hallarına acıdıqlarını deyənlər oldu, amma onlar arzuladıqları və vəd olunan qətnaməni əldə edə bilmədilər. Niyə? Ona görə ki, qarşılarındakı ötən əsrin sonlarındakı Azərbaycan deyil. 
Ermənistanın növbəti dəfə belə rəzil duruma düşməsi, məncə, təkcə diplomatiyamızın uğuru sayılmamalıdır, bu, bütövlükdə Azərbaycan dövlətinin adına yazılmalıdır. Dinləmə öncəsi güc strukturlarımızın Qarabağdakı terrorçu yığnaqlarıyla bağlı ortaya qoyduqları faktlar, ələ keçirilən hay diversantı, şərti sərhəddə və Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi torpaqlarımızda baş verənlər unudulmamalıdır. 

Sonda BMT Təhlükəsizlik Şurasındakıların, o sıradan da hayların diqqətini Azərbaycan Xarici İşlər Nazirliyinin dünənki toplantının yekunlarıyla bağlı bəyanatındakı "suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda əzmliyik" cümləsinə yönəltmək istərdim. Anlamayanların ilk növbədə də düşmənlərimizin bunun nə demək olduğunu bilmələri üçün fikrimcə, elə də çox gözləmək lazım gəlməyəcək”.

 

0.014120101928711