Avtomobillər üzrə icbari sığorta haqqı arta bilər? - AÇIQLAMA

Avtomobillər üzrə icbari sığorta haqqı arta bilər? - AÇIQLAMA
 

Son dövrlərdə sığorta şirkətlərinin icbari sığorta növlərinə, xüsusən də icbari avtosığortaya marağı azalıb.

Belə ki, bir neçə gün öncə “A-Qroup Sığorta Şirkəti” ASC-nin könüllü müraciəti əsasında ona “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələr ləğv edildi. 

Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Paralel.az ”a açıqlamasında bildirdi ki, son bir ildə bir neçə sığorta şirkətinin icbari növlər üzrə lisenziyasının dayandırılması şirkətlərin rəqabətə dözümlüyünü azaldır. Həmçinin müəyyən sığorta şirkətləri ixtisaslaşdıqları sahəyə daha çox fokuslanırlar: 

“Məsələn, “Azsığorta” daşınmaz əmlak və aqrar sığorta üzrə, “A-Qrup Sığorta” şirkəti tibbi sığorta üzrə ixtisaslaşıb. Güman edirəm ki, bu şirkətlər üçün icbari avtosığorta kimi sahələr daha ağır oldu və icazələrinin ləğv olunması üçün müraciət etdilər”.

Maraqlı məqamlardan biri də, icbari avtosığorta edən şirkətlərin azalmasının sığorta haqlarına təsiridir. 

Ekspert deyir ki, icbari avtosığorta üzrə sığorta haqlarının artırılması paralel olaraq digər sığorta haqları və sığorta kompensasiyası ilə bağlıdır:

“Məlumdur ki, sığorta kompensasiyası 5 min manata qədərdir. Mərkəzi Bankın açıqladığı statistikaya görə, sığorta kompensasiyasının məbləği məqbul hesab olunur. Çünki Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası qeyd edir ki, orta sığorta ödənişi 1200-1500 manat aralığındadır və 5 000 manata qədər olduqda normal qəbul olunur. Sığorta haqlarının artmasında əsas nəzərə alınan məqam sosial narazılıqlardır. Digər tərəfdən isə bonus-malus sisteminin tətbiqi sığorta haqlarının azı 15% artımı ilə nəticələnmişdi. Sığorta haqqının artımı həm də əlavə olaraq sığorta kompensasiyalarına baxmaq demək olacaq”, - deyə İ. İbrahimov əlavə edib.

 

 

 

0.016035079956055