“Qoyma, ölüm, mən ölüm!”

“Qoyma, ölüm, mən ölüm!”
 

“Qoyma, ölüm, mən ölüm!”

Ölüm ayağındakı Konstitusiyadan Prezidentə başvuru- müraciət

Sizə üz tutmağımın , baş vurmağımın başlıca nədəni ölüm ayağında can verməyimdir, yubadılmaz addımlar atılmasa, dövlətin ANA QANUNUnun da “fatihəsi” oxunub ÖLÜ QANUNlar sırasına qatılacaq. Onsuz da çoxdandır oxunmuram, “saqqalım” -rüşvətim yoxdur deyə, sözüm – qanunum keçmir. Mənim axı nə yaşım var, heç 28 olmayıb, amma doğulandan- 12 noyabr 1995-ci ildən üç dəfə hər 7 ildən bir – 2002, 2009, 2016-cı illərdə ağır ürək- “referundum əməliyyatı” keçirmişəm, son iki əməliyyatda hələ əlavə “stend” də qoyulub yaralı ürəyimə. Bu il növbəti 7 il tamam olur, deyilənlərə, gəzən söz-söhbətlərə görə, yenə də “referendum” olunacam, bu yol da “stend” qoyulsa, daha məndən ANA QANUN- KONSTİTUSİYA olmaz!

Nizami deyir, qüvvət elmdədir, başqa cür heç kəs – heç kəsə üstünlük eyləyə bilməz. Mənim 147-ci qanunum deyir , Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvə konstitusiyadadır, başqa heç bir qüvvə qanundan ali, hüquqdan üstün ola bilməz. Bu yazılı qanunda belədir, bəs gerçəkdə? Gerçəkdə dılğır bir “JEK”-in, sıradan bir məsləhətçinin, polis nəfərinin ...özbaşına addımı, hərəkəti, qərarı ANA QANUNu elə qüvvətlə ayaqaltı edir ki, əzik-üzük, xurd-xəşil oluram. Bəs hakimiyyətin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu doğrulayan 1-ci qanun özünü doğruldurmu? Polis dəyənəyi, qazı, özbaşınalığı qarşısında belim bükülüb, nəfəsim kəsilib, “saqqalım” qırxılıb”, sözüm- qanunum keçmir, fikrim dolaşıb, vicdan , din azadlığımın yolu bağlanıb.

Əsas insan və vətəndaş hüquq və azadlıqlarını içinə alan lll fəslimin 48 sözlük 24-71-ci hüquq və azadlıqları elə söz olaraq qalır, işə keçə bilmir. Nə ləyaqət qorunur, nə bərabərlik hüququ. Hüququn, azadlığın müdafiəsinə təminat verilmir, mülkiyyət , sosial təminat, mənzil hüququ , vicdanlı davranış və özbaşınalıqdan müdafiə hüququ da sözdə qorunur, işdə hətta məhkəmə qərarı ilə ayrılan pensiyanı elə özbaşınalıqla “sünnət” edirlər ki, dövlətin sosial siyasətinə heyran qalmaya bilmirsən. Məhkəmə təminatı, hüquqi yardım almaq hüququna da elə üç qolumdan biri olan məhkəmə hakimiyyəti qadağa qoyub. Heç demə, konstitusiyadan yararlanmaq hüquqdan sui-istifadə imiş! Müraciət hüququndan , sərbəst toplaşmaq hüququndan heç danışmağa dəyməz. Bu hüquqlara üz tutmaqla onlarla milyonluq cərimədən tutmuş inzibati həbslərə kimi cərimələnmək , hətta cinayətkar kimi məhkum olunmaq olar.

Sizə ölə-ölə üz tuturam, qoymayın, ölüm! Qapı döyülür, yox, qapını qırırlar, güc qurumları,  polislər müraciətimdən duyuq düşüblər, deyəsən. Elə “ləyaqətlə” qazinin, şəhid anasının, qolunu arxadan qandallayıb, üz-gözünə bibər qazı sıxırlar ki, salamat qurtaracağıma əmin deyiləm. Sağ qala bilsəm, ölməsəm, müraciətin davamı olacaq.

“Qoyma ölüm, mən ölüm!”

Məğrur Bədəlsoy

 

0.048293113708496