"Microsoft" yenidən Azərbaycana qayıdır

 

SOCAR və "Microsoft" arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum rəqəmsallaşma, innovasiya, İT, kibertəhlükəsizlik s. sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Paralel.az xəbər verir ki, İKT sahəsi üzrə ekspert Osman Gündüzün sözlərinə görə, bu, Azərbaycanın İT və innovasiya mühiti üçün çox ciddi və əhəmiyyətli bir addımdır:

"Ötən il "Microsoft"un Azərbaycan ofisi fəlaliyyətini dayandırmış, bütün əməkdaşları işdən azad etmişdi. "Microsoft Azərbaycan" bağlanandan sonra bu qurumun regional ofisləri ETN və "AzİnTelecom"la iş birliklərinin qurulması istiqamətində müəyyən addımlar atılmışdı. Amma SOCAR-la imzalanan memorandum bu qlobal şirkətin ölkəmizdəki ofisi bağlanandan sonra ilk ciddi anlaşmadır. 

Ümid edirəm davamlı olacaq və ölkədə rəqəmsal transformasiya proseslərinə, innovasiyaların inkişafına, kibertəhlükəsizliyin təmin edilməsinə, kadrların hazırlanmasına böyük töhfələr verəcək və memorandum sadəcə "Microsoft" həllərinin və lisenziyalarının alınmasını nəzərdə tutmayıb, daha böyük hədəflər müəyyən edib".

Ekspertin sözlərinə görə Ermənistanda 2011-ci ildən "Microsoft", USAİD və Ermənistan hökumətinin təşəbbüsü ilə Microsoft İnnovasiya Mərkəzi fəaliyyət göstərir. 

"Yeri gəlmişkən, bir müddət öncə SOCAR ilə “Cisco Systems Inc” arasında da rəqəmsal transformasiya sahəsində anlaşma memorandumu imzalanmışdı. SOCAR rəhbərliyinin "Microsoft"un yenidən Azərbaycana dəvət edilməsi və fəaliyyətinin təşkili, ciddi işbirliyinin yaradılması istiqamətindəki səyləri təqdirəlayiqdir",- deyə O. Gündüz əlavə edib.

 

0.016148090362549