"Universitetlər publik hüquqi şəxsə çevrildi. Nə dəyişdi?" - dos. İlham Əhmədov
Son illərin təcrübəsi göstərdi ki, Universitetlərin publik hüquqi şəxsə çevrilməsi mövcud problemlərin həlli yolu deyil, əksinə, ATM-nin durumu daha da ağırlaşdı. Ən azından, əmək haqqı fonduna ayırmalar azaldı. Çünki, ETN indi ATM-dən lüzumsuz ödəmələr tələb edir (yeni yaratdığı fonda). Amma bu kənar, lüzumsuz ödəmələri ATM-ləri öz problemlərinin həllinə, real layihələrə və müəllimlərin əmək haqqına yönləndirsə idi daha yaxşı olardı.
Növbəti maliyyə ilində təhsilə yəqin ki, 4,6-5,0 milyard civarında pul ayrılacaq. Bu 10-15 il əvvəlki dövrlə müqayisədə 4 dəfə və ya 4 milyard manat çoxdur. Təbii, normal maliyyələşmə və təyinatı üzrə xərclənmə olmasa, təhsil inkişaf edə bilməz. Normal maliyyələşmə zəruridir, amma bu kafi deyil. Başqa bir çox amillər də var. ETN-nin yaradılması ilə əlaqəli, elmin universitetlərdə inkişaf etdirilməsi, tədqiqat və sahibkar universitetlərinin yaradılması gündəlikdə duran mühüm məsələlərdir.
Bu gün universitetlərimizdə xeyli problemlər var. Əsas problem, əvvəllər də qeyd etdiyimiz kimi ATM-nin ehtiyacdan xeyli az səviyyədə maliyyələşməsidir. Son illər ATM-nin inkişafını təmin etmək məqsədi ilə onları Pablik hüquqi şəxs (PHŞ) formatına keçirdirlər. Amma PHŞ -lərin yaradılması hələ universitetlərin mövcud problemlərinin həlli demək deyil. Bu ona oxşayır ki ... valideynlər övladından imtina edərək: "biz səni saxlaya bilməyəcəyik, get özünü dolandır" deyirlər, halbuki, övladın müstəqil yaşaya bilməsi üçün valideyn hələ ona heç nə etməyib, yəni övladını müstəqil həyata, pul qazanmağa hazırlamayıb. İndi bizim ATM-miz də bu vəziyyətdədir.
Bizim bir neçə universitetimiz PHŞ olub. Bu universitetlərin yaxşı təmir olunmuş korpuslarından başqa diqqəti cəlb edən heç nəyi yoxdur. Bu isə universitetə pul qazandırmır, əksinə heç bir binası olmayan və yüz minlərlə tələbəsi olan universitetlər var ki, yüz milyonlarla pul qazanırlar. Deməli strategiya düz təyin edilməyib, investisiyalar vaxtında düz yönləndirilməyib, pullar elmin və təhsilin inkişafına yox, elm və təhsilə az aidiyyatı olan istiqamətlərə, əsasən də daşa -divara yönləndirilib.
Universitetlərin yeganə gəlir mənbəyi- təhsil haqqından gələn pullardır. Reytinqli universitetlərdə təhsil haqqından gələn vəsait 5-15 % olduğu halda, bizim ATM-də bu büdcənin 100%-dir. Yəni bizim ATM-nin başqa qanuni yollarla pul qazanmaq imkanları yoxdur. Bizim universitetlər elmə, innovasiyalara, texnologiyalara və onların kommersiyalaşmasına, ümumi inkişafa pul xərcləmək əvəzinə, 30 ildir pulunu ancaq təmir-tikintiyə sərf ediblər. Universitetlərimiz son 30 ildə təmirə sərf etdiyi pulları özlərinin real inkişafına, rəqəmsallaşmaya sərf etsəydilər, bəlkə də bu gün hansısa imkanlar yarana bilərdi, nə isə qazana bilərdilər, ortalıqda nə isə təcrübə olardı. İndi də universitetlər texnologiyaların transferi, elm-innovasiya-kommersiyalaşma istiqamətində iş görə bilərdilər.
Digər tərəfdən universitetlərin çoxunun real, qanuni sahibkarlıq fəaliyyəti barədə təsəvvürü, bilgisi, məqsədi, strategiyası yoxdur. Onlar nəinki elm və innovasiya əsaslı pul qazanmaq, heç əllərində olan pulları da səmərəli xərcləyə bilmirlər. Amma bu gün bizdə sahibkar universitetlər olmasa da, sahibkar rektorlarımız çoxdur. .... Son illər kreslosunu itirən rektorların biznes fəaliyyətləti barədə mətbuatda ətraflı yazılar olub.
Görəsən son 30 ildə 50 universitetimiz toplam olaraq rəqəmsallaşmaya nə qədər vəsait xərcləyib? Bu məbləğ Avropanın orta səviyyəli universitetinin bu sahəyə bir ildə xərclədiyi pulun neçə faizidir? Qeyd edim ki, son 10 ildə təhsil sisteminin, o cümlədən ATM-nin informatlaşdırılması istiqamətində ETN heç bir dövlət proqramı icra etməyib (2005-2012-ci illərdə 2 dövlət proqramı olub, sonra isə tam durğunluq hökm sürüb).
Halva halva deməklə ağız şirin olmadığı kimi, universitetləri PHŞ etməklə də inkişaf mümkün deyil. Əvvəl universitetləri universitet etmək lazımdır, onların problemlərini həll etmək lazımdır, onların ayaqda durmasına imkan verilməlidir, sonra isə okeanda sərbəst üzməyə yollamaq olardı. Bu gün bizim ATM-nin tez tələsik PHŞ edilməsi səhv addım idi. Bu məqsədlə əvvəlcə universitetlərə ciddi maliyyə yatırımı olmalı idi, onlartı kommersiya fəaliyyətinə hazırlamaq lazım idi. Bura edilən əlavə investisiyalar real inkişafa xidmət edən strategiyalara yönləndirilməli idi. Bundan sonra universitetləri PHŞ etmək olardı. Bu halda yeni təfəkkürlü rektorlar bəlkə də sahibkar universitetlər yarada bilərdilər.
"Paralel.az"