“İmtiyazlı məhkum olmaq statusundan imtina gündəmdədir” - Əliməmməd Nuriyev

“İmtiyazlı məhkum olmaq statusundan imtina gündəmdədir” - Əliməmməd Nuriyev
 

Bu il iyulun 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Həsənov Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Mirsaleh Seyidov onun yerinə təyin olunub.

Bu dəyişiklik penitensiar sistemdə hansı yenilikləri, dəyişiklikləri vəd edir? Məhkumların saxlanma şəraiti, hüquqları ilə bağlı vaxtaşırı mediada və sosial şəbəkələrdə yer alan problemlərin aradan qaldırılmasına səbəb olacaqmı?

Bu barədə “AzPolitika.info”nun suallarını cavablandıran Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev  Penitensiar Xidmətin yeni rəisi Mirsaleh Seyidovun təyinatını müsbət qiymətləndirib. Qeyd edib ki, o bu sistemin içindən çıxmış kadrdır, hələ 2008-2009-cu illərdə və sonrakı dövrlərdə yüksək peşəkarlığa malik bir şəxs kimi ön plana çıxıb: “Hər şeydən əvvəl, bu insan üçün məhkum sadəcə olaraq bir obyekt deyildi. O, məhkumlarla münasibətdə yaxın təması zəruri hesab edirdi. Hər bir məhkumu çox diqqətlə dinləyir, eyni zamanda onun qayğılarının həll edilməsi istiqamətində çalışırdı. Ona görə də Mirsaleh Seyidovun Pentensiar Xidmətə rəhbər təyin olunması bütün məhkumlar tərəfindən sevinclə qarşılanıb”. 

Ə.Nuriyev mövzudan kənara çıxaraq ABŞ səfəri zamanı üzləşdiyi maraqlı hadisəni xatırladır: “2011-ci ildə baş tutmuş səfərimiz ədliyyə qurumlarının, həbsxanaların fəaliyyəti ilə bağlı idi. Elə oldu ki, biz Luiziana ştatında böyük bir həbsxanaya yollandıq. Burada ömürlük azadlıqdan məhrumetmə cəzası alan bir məhkumun federal məhkəmənin hakimini qucaqlayıb, öpdüyünü gördük. Bu, bizi oduqca təəccübləndirmişdi. Axı necə ola bilərdi ki, məhkum barəsində cəza təyin etmiş şəxsə böyük sevgi və sayğı ilə yanaşırdı? Ona görə ki, o, hər şeydən əvvəl ədaləti qərar qəbul etmişdi. Eyni zamanda, məhkuma hörmətlə yanaşmışdı. Bu gün cəzaçəkmə müəssisələrindəki məhkumlar da Mirsaleh Seyidova oxşar münasibət göstərirlər. Bu, çox vacib bir məsələdir. Çünki inam və etimadın yüksək olduğu cəzaçəkmə müəssisələrində işi daha yaxşı şəkildə təşkil etmək, məhkum axınını daim nəzarət altında saxlamaq mümkün olur”.

Şura üzvü xatırladır ki, M. Seyidov hələ leytenant rütbəsində olan zaman dəfələrlə cəzaçəkmə müəssisələrində gecələyib, məhkumlarla demək olar ki, eyni həyatı bölüşüb: “O, 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olarkən, məhkumların dini etiqad azadlığını təmin etmək istiqamətində maraqlı bir addım atmışdı. Orada məscidlə yanaşı bir kilsə də tikilmişdi. Bu təşəbbüs ona məxsus idi. Təbii ki, Ədliyyə Nazirliyinin də belə məsələlərdə göstərdiyi dəstək mühüm rol oynayırdı. O, bundan sonra 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsində çalışıb. Burada da müxtəlif təminat məsələləri, su borularının yenidən çəkilişi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması onun təşəbbüsləri idi. Əlbəttə, bəzən sərt qərarlar da qəbul olunurdu. Amma bir çox hallarda bu sərt qərarlar ədalətli olduğu üçün hamı tərəfindən pozitiv qiymətləndirilirdi. Məhkumlarla yanaşı, Ədliyyə Nazirliyinin personalının da ona münasibəti pozitiv idi. Çünki M.Seyidov onlarla da münasibətləri subardinasiya qaydalarına uyğun şəkildə qurmuşdu. Rejim idarəsinin rəisi olduğu dövrdə bütün cəzaçəkmə müəssisələrindəki personal hər zaman öz işinin yaxşı şəkildə həyata keçirilməsinə çalışıb. Həmçinin, məhkum yaxınlarının da Mirsaleh Seyidova münasibəti müsbət idi. O, hər bir məhkumun ailəsini çox diqqətlə dinləyir, problemlərinin həllinə kömək etməyə çalışırdı. Bütün bunları nəzər aldıqda heç şübhəsiz ki, onun Pentensiar Xidmətin rəisi vəzifəsinə təyinatı gələcəkdə öz faydasını verəcəkdir”.

Əliməmməd Nuriyev qeyd edib ki, yeni rəis artıq Penitensiar Xidmətdə bir çox yeni təşəbbüslərə başlayıb: “Artıq imtiyazlı məhkum olmaq statusundan imtina məsələsi gündəmdədir. Xüsusi kameralardan imtina edilib. Bütün məhkumlar üçün bərabər şərait qurulur. Xəbərlər gəlir ki, cəzaçəkmə müəssisələrinin təchizat məsələsi, yüksək keyfiyyətli ərzaqla təminatı yaxşılaşır. Bilirsiniz ki, cəzaçəkmə müəssisələrində məhkumlar yeməkxanalarda qidalanmağa o qədər də həvəs göstərmirdilər. Onlar daha çox ailələrindən gələn sovqatlardan istifadə edirdilər. Amma indi bu yeməkxanalara axın var. Bu, məhkumlar və onların ailələri tərəfindən böyük sevinclə qarşılanıb. Digər tərəfdən, cəzaçəkmə müəssisələrinə hər hansı qeyri-qanuni alətlərin, narkotik vasitələrin keçirilməsinin qarşısının alınması istiqamətində çox yaxşı əməliyyat- axtarış sistemi qurulub”.

Şura üzvü hesab edir ki, Ölkənin siyasi rəhbərliyi Ədliyyə nazirinin təqdimatı ilə Mirsaleh Seyidovu Pentensiar Xidmətin rəhbəri vəzifəsinə təyin edəndə onun qarşısında bir çox tapşırıqlar qoyub. “Bu tapşırıqlardan ilki məhkumların saxlanma şəraitinin yaxşılaşdırlması ilə bağlı idi. Bu gün cəzaçəkmə müəssisələrində sıxlıq müşahidə edilir. Bu sıxlığın qarşısının alınması üçün vaxtından əvvəl şərti azad etmə institutunun səmərəli işləməsi vacibdir. Dövlət qisas almır və qisas almaq fəlsəfəsində dura bilməz. Bax, bu baxımdan yanaşmalar dəyişir, normativlər də dəyişəcəkdir. İkinci bir məsələ anti-korrupsiya tədbirlərinin daha da gücləndirilməsidir. Artıq bu istiqamətdə də mühüm addımlar atılmaqdadır”, - o vurğulayıb.

Ə.Nuriyev hesab edir ki, vacib olan məsələlərdən biri də cəzaçəkmə müəssisələrində çalışanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır: “Çünki onlar mürəkkəb bir şəraitdə, daim psixoloji təzyiq altında, ailələrindən uzaq şəkildə çalışırlar. Qeyd edim ki, Avropa ölkələrində iki-üç məhkuma bir personal, Azərbaycanda isə 16 məhkuma bir əməkdaş düşür. Bu fakt personalın nə qədər gərgin əmək fəaliyyəti ilə məşğul olması ilə yanaşı təbii ki, bu islahetmə işinə təsir göstərir. Hesab edirəm ki, onlara güzəştli ipoteka şərtləri ilə mənzil verilməsi, əmək haqlarının artırılması, istirahət hüquqlarının yaxşılaşdırılması vacibdir. Şübhəsiz ki, ən vacib məsələlərdən biri də treninqlərin genişləndirilməsi, çalışanların peşəkarlığının artırılması ilə bağlıdır. Hesab edirəm ki, məhkumların məşğulluğuyla bağlı görülən işlər genişləndirilməlidir. İş yerləri olmalıdır ki, orada onlar həm də müəyyən ixtisasa yiyələnsinlər və sabah azadlığa çıxanda əmək vərdişləri və müəyyən qədər maddi imkanları olsun. Onu da qeyd edim ki, artıq məhkumların ətraf mühitlə əlaqələrinin gücləndirilməsi ilə bağlı mühüm dəyişikliklər olub. Məhkumlar artıq “Skayp” tətbiqi üzərindən onlayn formada ailə üzvləri ilə əlaqə qura bilirlər”.

İctimai Şura üzvü xatırladır ki, saxlanma şəraitinin yaxşılaşması istiqamətində bir çox yeni cəzaçəkmə müəssisələri tikilib. Onun sözlərinə görə, bu proses daha da sürətlə başa çatacaq. “Nəhayət, tezliklə Qobustan həbsxanasının ləğv edilməsi, məhkumların yeni həbsxanaya köçürülməsi prosesi baş verəcək. Düşünürəm ki, beynəlxalq əlaqələrin gücləndirilməsinə də ehtiyac var. Beynəlxalq təcrübənin ölkəyə gətirilməsi və tətbiqi məsələsi çox vacibdir”.

Əliməmməd Nuriyev sonda qeyd edib ki, M. Seyidov uğurlu bir təyinatdır: “Bir çox keçmiş məhkumların özü, hətta siyasi fəal olan şəxslərdən onun barəsində yalnız pozitiv fikirlər eşidirəm. Bu baxımdan hesab edirəm ki, gələcəkdə biz daha uğurlu nəticələrin şahidi olacağıq. Əlbəttə, birgə çalışmaq və fəaliyyət göstərmək lazımdır. Biz vətəndaş cəmiyyəti olaraq ona bu işdə dəstək olmalıyıq”.

Rasim Əliyev

0.065551042556763