Nağd pulla əməliyyatlar üçün operator bank müəyyənləşdi

Nağd pulla əməliyyatlar üçün operator bank müəyyənləşdi
 

Azərbaycan Mərkəzi Bankının (AMB) "Kapital Bank" ASC-ni nağd pulla bağlı xidmətlərin göstərilməsi sahəsində operator bank müəyyən edib.

Paralel.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, AMB nağd pulla bağlı biznes proseslərin optimallaşdırılması, eləcə də banklarda müasir texnoloji sistem və avadanlıqların tətbiqi ilə nağd pulun idarə edilməsində effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin banklara ötürülməsini həyata keçirir.

Bu çərçivədə ilk dəfə öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirərək birbaşa və ya digər kommersiya bankları vasitəsilə təkrar tədavülə buraxılması üçün müəyyən edilmiş tələblərə cavab verən banklardan operator bankların seçilməsinə başlanılıb.

AMB-nin müəyyən etdiyi tələblərə, o cümlədən müvafiq emal infrastrukturuna, adekvat avadanlıq parkına, ixtisaslaşmış kadr potensialına, xüsusi təhlükəsizlik standartlarına və s. cavab verən və bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən “Kapital Bank” nağd pulla bağlı xidmətlərin göstərilməsi sahəsində operator bank müəyyən edilib.

Gələcəkdə yeni operator banklar müəyyən edilərsə bu barədə əlavə məlumat veriləcək.

0.018909931182861