Yunanıstanda sursat anbarı yanır, ardıcıl partlayışlar baş verir

Yunanıstanda sursat anbarı yanır, ardıcıl partlayışlar baş verir
 

Yunanıstanda meşə yanğınları əhatə dairəsini genişləndirirək ölkənin Hərbi Hava Qüvvələrinin Maqnisiya vilayətindəki Nea Anxialos şəhəri yaxınlığında yerləşən sursat anbarına sıçrayıb və nəticədə anbarda ardıcıl partlayışlar baş verir.

TASS xəbər verir ki, bu barədə Yunanıstanın “ERT-1” telekanalı məlumat yayıb.

Yunanıstanın Milli Müdafiə Baş Qərargahı da yanğının Nea Anxialosdakı hərbi düşərgənin ərazisinə sıçradığı barədə məlumatı təsdiqləyib. Şahidlərin bildirdiyinə görə, anbar olan hissədə sursat partlayışlarının səsi eşidilir.

Kanalın məlumatına görə, söhbət Yunanıstan Hərbi Hava Qüvvələrinin 111-ci döyüş qanadının mərmi və raketlərinin olduğu sursat anbarlarının yerləşdiyi Karaba bölgəsindən gedir.

Eyni zamanda, yanğın əhatə dairəsini genişləndirməkdə davam edir və artıq Nea Anxialosdakı yaşayış bölgəsinə yaxınlaşır. Tüstü və çox güclü külək səbəbindən çətinləşən şəraitdə beş təyyarə yanğın ocaqlarına su tökməklə onun yayılmasının qarşısını almağa çalışır.

0.037849903106689