Meksika ABŞ-yə nota verib - Gərginlik

Meksika ABŞ-yə nota verib - Gərginlik
 

ABŞ-nin Texas ştatının Meksika ilə sərhəddəki Rio Qrande çayı üzərində qurmağa qərar verdiyi üzən maneə Meksika hökumətinin reaksiyasına səbəb olub.

Paralel.az xəbər verir ki, Meksika sərhəddə üzən maneənin tikintisi ilə bağlı ABŞ-yə iki diplomatik nota göndərib.

Meksika prezidenti Andres Manuel Lopez Obradorun keçirdiyi mətbuat konfransında çıxış edən xarici işlər naziri Alisiya Barsena baryerin ABŞ-nin iki ölkə arasındakı razılaşmaları açıq şəkildə pozduğunu və ABŞ-yə iki diplomatik nota göndərildiyini bildirib.

Ötən günlərdə üzən maneələrin qurulduğu əraziyə baş çəkən xarici işlər naziri çaya qoyulan baryerlərin suyun axmasına mane olduğu və onun istiqamətini dəyişməsinə səbəb olduğunu bildirib.

O, indiyə qədər tikilən 305 metr uzunluğundakı maneənin 230 metrinin Meksika sərhədlərində tikildiyini açıqlayıb.

Barsena əlavə edib ki, o, ABŞ Ədliyyə Departamentinin çaydakı maneələrin aradan qaldırılması üçün keçən bazar ertəsi Texasa qarşı qaldırdığı iddianı yüksək qiymətləndirir.

Qeyd edək ki, Texas ştatının Respublikaçı qubernatoru Qreq Abot iyunda yeni təhlükəsizlik qanunu imzalayıb.

Qanunda narkotik və silah qaçaqmalçılarının və immiqrantların Meksika sərhədindən keçməsinin qarşısını almaq üçün Rio Qrande çayı üzərində üzən maneənin inşası, Texas əyalətinin təhlükəsizlik qüvvələrinin Meksika sərhədində şübhəlilərin axtarışı və tutulması üçün PUA-lardan istifadəsi kimi tədbirlər əks olunub.

Qubernator Abot dəfələrlə ABŞ prezidenti Cozef Baydeni sərhəd təhlükəsizliyi siyasətlərinə görə tənqid edib və Baydenin sərhəd böhranına səbəb olduğunu iddia edərək Texas əyalətinin sərhədlərini qoruyacağını bildirib.

0.018292903900146