"Qubad İbadoğlu siyasi sferada fiaskoya uğrayıb" - Deputat Şahin İsmayılov

 

“Daxili İşlər Nazirliyinin bir neçə gün əvvəl FETÖ ilə bağlı keçirdiyi əməliyyat olduqca əhəmiyyətlidir və əsaslı səbəblərə söykənir. Təəssüf ki, məsələyə siyasi don geyindirib öz məqsədləri üçün istifadə etmək istəyənlər bunu fürsət kimi görür. Qubad İbadoğlu siyasi partiya kimi təqdim etdiyi qeyri-ciddi bir qurumun rəhbəri olduğu üçün onun saxlanılması müəyyən dairələr tərəfindən süni şəkildə qabardılır və müxtəlif çirkin məqsədlər üçün istifadə edilir. Buna missal olaraq daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və ermənipərəst olan Human Rights Watch (HRW) təşkilatının bəyanatını göstərə bilərik. Bəyanat sadəcə siyasi spekulyasiya və manipulyasiya cəhdidir. Görünür, onun həbs xəbəri qrant alıb birgə mənimsədiyi xarici tərəfdaşlarını sarsıdıb”.

Bunu “Paralel.az ”a açıqlamasında YAP İdarə Heyətinin üzvü, deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, istənilən hüquqi dövlətdə hər kəs törətdiyi cinayət əməlinə görə ittiham olunur: “Azərbaycan dövləti də hüquqi dövlət prisiplərini qoruyub saxlayır”.

Deputat əlavə edib ki, Qubad İbadoğlunun siyasi fəaliyyətini incələyəndə onun qeyri-ciddi bir siyasətçi olması, həmfikirləri tərəfindən də müsbət qarşılanmaması diqqət çəkir: “Yalnız gah hərəkat, gah da siyasi partiya kimi fəaliyyət göstərən qurumunda baş verənlər, xüsusən də onlarla siyasi həmfikirinin ondan üz döndərməsi, onu sərt şəkildə tənqid edərək istefa verməsi onun iç üzünü göstərir. Siyasətçi və siyasi təşkilat rəhbəri obrazını yaratmaq istəsə də baş verənlər onu göstərir ki, Qubad İbadoğlu siyasi sferada fiaskoya uğrayıb. Bunu deməyə kifayət qədər əsas var. Birincisi, o, siyasi əqidəsini müəyyənləşdirə bilməyib. Vaxtilə liderlik ambisiyalarını təmin etmək istədiyi Müsavat Partiyasından məhz bunu bacarmadığı üçün uzaqlaşıb. O bununla şəxsi maraqlarını üstün tutan və bunun üçün partiyanı, siyasi həmfikirləri olan silahdaşlarını asanlıqla dəyişdirməklə yadda qalıb. Bu fəlaiyyəti ilə o həm də etibarını itirmiş olur. İkincisi, Müsavat Partiyasından uzaqlaşdıqdan sonra Azərbaycan Demokratiya və Rifah Hərəkatı, daha sonra hərəkatın əsasında təsis etdiyi partiyanın fəaliyyəti siyasi arenada yalnız mənfi hadisələrlə yadda qalıb. Partiyadan gələn istefa xəbərləri göstərdi ki, Qubad İbadoğlu əvvəllər təmsil olunduğu digər partiyada olduğu kimi burada da liderliyi bacarmayıb. Bunların səbəbi həm onun qeyri-peşəkarlığı, həm də siyasi əqidəsidir.

Keçirilən əməliyyatların təfərrüatına gəldikdə bu əməliyyat Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat və ciddi materiallar əsasında aparılıb. Saxlanılan 5 nəfərdən birinin Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadəsi əsasında onun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb, bununla da o saxlanılıb. Bundan sonra cinayət məcəlləsinin müvafiq maddəsi ilə haqqında ittiham verilən Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri seçilib. Bu hüquqi prosedurdur. Məsələ tam araşdırılacaq, məhkəmənin yekun qərarı elan olunacaq, hüquqi qiymət veriləcəkdir”.

0.014313936233521