Etnik-dini tolerantlıq cəmiyyətimizin
birgəyaşayış normasına çevrilib

Etnik-dini tolerantlıq cəmiyyətimizinbirgəyaşayış normasına çevrilib
 

İlham Əliyev: "Hər il Azərbaycanda təntənə ilə qeyd etdiyiniz Pasxa bayramı
əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir"

 Müasir dünyamızın aparıcı ölkələrinin siyasətçiləri, ictimai və din xadimləri, vətəndaş cəmiyyətlərinin liderləri Azərbaycanda mövcud olan multikultural mühitin sirrini anlamaqda çox böyük çətinliklər yaşayırlar.

Çünki onların bəziləri özləri üçün aydınlaşdırıblar ki, mültikulturalizim artıq iflasa uğrayıb. Amma, bizə belə gəlir ki, ölkəmizdə mövcud olan multikultural mühitin heç bir sirr və ya sehiri mövcud deyil, sadəcə olaraq bu məmləkətdə bütün mədəniyyətlərə, dinlərə, xalqlara və millətlərə böyük hörmət və ehtiram ənənələri formalaşıb. Əsirlərin sınağından çıxaraq cilalanan bu dəyər, müasir dövrümüzdə həm cəmiyyət, həm də hökumət tərəfindən qorunur və inkişaf etdirilir. Məsələn, aprelin birinci ongünlüyündə bütün dünyanın pravaslavları müqəddəs Pasxa bayramını qeyd etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu muqəddəs bayrama və ölkəmizin ərazisində məskunlaşan pravoslav dini inancın daşıyıcıları olan insanlara çox böyük həssaslıqla yanaşdı və Azərbaycanın pravoslav xristian icmasını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik etdi: "Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda tarixən mövcud olmuş etnik-dini tolerantlıq mühiti burada yüz illər boyu fəaliyyət göstərən səmavi dinlərin qarşılıqlı hörmət və etimada əsaslanan dinc yanaşı fəaliyyətini təmin edib, ayrı-ayrı etiqad və inanclara mənsub insanlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında müstəsna rol oynayıb.

Bu gün dinlərarası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycan Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılması və təşviq edilməsi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Zəngin multikultural dəyərlərə və tolerantlıq ənənələrinə malik müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri var. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycandakı mövcud demokratik-hüquqi şəraitdən və mütərəqqi dövlət-din münasibətlərindən yararlanan xristian həmvətənlərimiz öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkəmizdə gedən böyük tərəqqi prosesinə və vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verirlər.

Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd etdiyiniz Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Qoy bu əziz gün ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin. Bayramınız mübarək olsun!".

Prezident İlham Əliyev, eləcə də Azərbacan hökuməti bu diqqət və qağını, həssaslığı, təkcə pravoslav xristian icmasına göstərmir. Azərbaycanda məskunlaşan bütün azsaylı xalqlar, etnik qruplar da eyni qayğı, diqqət və həssaslıqla əhatə olunublar. Bu diqqət və qayğının bir təzahürü də, ölkəmizdə multikulturalizmin və tolerantlığın qorunması və inkişaf etdirilməsi üçün çoxsaylı dövlət və qeyri-dövlət qurumlarının yaradılmasıdır. Belə qurumlardan biri də, Prezident İlham Əliyevin fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondudur.

Prezident İlham Əliyevin Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı Fərmanda qeyd olunur ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan, tarixən çoxkonfessiyalı məkan olub. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq, Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib. Hazırda Azərbaycan nəinki Cənubi Qafqazda, bütün Yaxın və Orta Şərqdə İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin effektiv vəhdətinin mövcud olduğu nümunəvi ölkələrdən biridir. Bu da, ondan irəli gəlir ki, ölkəmizdə həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan cəmiyyətində bərqərar olan yüksək tolerantlıq mühitinin gücləndirilməsi, müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

Onu da qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu həm də ölkəmizdə mövcud olan multikulturalizmin, tolerantlığın, dövlət-din münasibətlərinin, eləcə də milli-mənəvi dəyərlərin bütün dünyada təbliği baxımında çox böyük əhəmiyyət kəsb edir.

Heç şübhəsiz ki, bu gün ölkəmizdə fəaliyyət göstərən bir çox qeyri-hökumət taşkilatları(QHT) da, zaman-zaman milli mənəvi dəyərlərimizin təbliği baxımından mühüm layihələr həyata keçirirlər. "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Region gəncləri arasında multukiltural dəyərlərin təbliği" adlı layihəni buna nümunə kimi göstərmək olar. Layihə çərçivəsində ilk tədbir Göyçay şəhərində baş tutub. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin əməkdaşları, QHT nümayəndələri və gənclər iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Eldəniz Məmmədov dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. O, öz çıxışında qeyd edib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyindən həmişə dinlər və svilizasiyalar arasında aparıcı rola malik olub:"Bu gün Azərbaycan vətəndaşlarının başlıca vəzifəsi yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısnı almaqdır". Tədbirdə çıxış edən "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə ilk əvvəl layihənin məqsədi barədə məlumat verərək qeyd edib ki, "məqsədimiz ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir".

Layihənin rəhbəri həmçinin vurğulayıb ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalan milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb: "Bu, bir daha sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhuna hopub".

 Bunun nəticəsidir ki, Azərbaycanda mövcud olan birgəyaşayış modeli, təkcə Qafqaz xalqları deyil, bütövlükdə dünya xalqları üçün yaxşı bir nümunə kimi təbliğ olunur.

Ümumiyyətlə, son illərin təcrübəsi də, açıq-aydın göstərdi ki, Azərbaycan tolerant, multikulturalizm dəyərlərinə çox yüksək dəyər verən bir ölkədir. Hələ sovet dövründə Azərbaycan beynəlmilləl ölkə kimi tanınırdı. Azərbaycanda həmişə müxtəlif xalqların və millətlərin nümayəndələri azad, xoşbəxt yaşayıblar. Tarixə nəzər yetirsək, Azərbaycan Demokratik Respublikasının parlamentinə nəzər salsaq, bunun əyani şahidi olarıq. Bu müsbət tendensiya sovet dövründə də davam edib. Sovet rejimi süqut edəndən sonra da, Azərbaycan xalqı öz tolerantlığını qoruyub saxlaya bildi. Rəsmi statistikaya görə, bu gün Ermənistanda başqa xalqların və millətlərin nümayəndələrinin sayı ölkə əhalisinin heç 0,01 faizini də təşkil etmir. Əgər bu gün diplomatik korpusların nümayəndələri istisna olmaqla, Ermənistanda 1 nəfər belə müsəlman yoxdursa, bu, həm rəsmi hakimiyyətin, həm də ermənilərin aqressiyasının bariz nümunəsidir.

Azərbaycanda isə tam əksinə, multikulturalizmin təməlləri çox etibarlıdır. Bu gün Azərbaycanın dünyaya tolerantlıq nümunəsi göstərməsi, ölkəmizin multikulturalizm mərkəzi kimi tanınması təsadüfi xarakter daşımır.

Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum Azərbaycanın dünyada artan nüfuzunun və tolerantlığa verdiyi töhfələrin bariz nümunəsidir. Azərbaycan Respublikasının birinci vitse-prezideniti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliği istiqamətində böyük layihələr həyata keçirib. Parisdə Luvr Muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində də Heydər Əliyev Fondu yaxından iştirak edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də, fəaliyyətə başladığı qısa vaxt ərzində Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin həyata keçirilməsinə nail olub. "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri respublikamızın və xarici ölkələrin bir çox universitetlərində tədris olunur və onların sayı günü-gündən artır. Bu fənnlər Azərbaycan xalqının dünya svlizasiyasına bəxş etdiyi nümunəvi milli dəyərlərdən biridir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.77334785461426