“Sosial şəbəkə paylaşımları beynimizin həzz zonasını işə salır və...”  - Psixoloqdan xəbərdarlıq

“Sosial şəbəkə paylaşımları beynimizin həzz zonasını işə salır və...”  - Psixoloqdan xəbərdarlıq
 

Sosial şəbəkələr son illər həyatımızın hər sahəsində yer almağa başlayıb. Bəziləri bundan lazımi qədər istifadə etməyi bacarsa da, bəziləri atdığı hər addımı paylaşmadan dayana bilmir. Belələri hətta paylaşımlarının bəyənmə sayı az olanda əsəbləşirlər. Bəs, bu sosial şəbəkə aludəçiləri kimdir? Mütəxəssislər bunun öhdəsindən gəlməyin yollarını göstərib.

Paralel.az “Haber Global”a istinadla xəbər verir ki, türkiyəli psixoloq Özge Öztaşçı bu asılılıqdan qurtulmağın yolları barədə danışıb. O bildirib ki, sosial şəbəkənin asılılıq yaradan təsiri araşdırmalarla sübuta yetirilib:

“Sosial şəbəkə beyində dopamin ifrazını artıraraq insanların bundan daha çox istifadə etmələrinə şərait yaradır. Paylaşımlar, bəyənmələr və şərhlər narkotik və qumar aludəçilərində müşahidə etdiyimiz təsirləri beyində yaradır. Beyin bu dopamin ifrazını nə qədər çox etsə, müqavimət göstərmək bir o qədər çətinləşir və bu davranışlar asılılığa çevrilir”.

Mütəxəssislər bu asılılığı aradan qaldırmaq üçün qətiyyətli olmaq və bu vəziyyətin həddindən artıq olduğunu qəbul etmək lazım olduğunu bildirirlər. Öztaşçı sözügedən asılılığı azaltmaq üçün atılmalı addımları belə sıralayır:

“Sosial şəbəkə tətbiqlərini telefonlardan silmək və girişi yalnız kompüter kimi cihazlarda açıq qoymaq onlara sərf etdikləri vaxtın azalmasına səbəb olacaq. İş, məktəb, yemək və ictimai fəaliyyətlər zamanı telefonu söndürmək və ya sosial şəbəkə qruplarının xəbərdarlıqlarını söndürmək və ya sosial mediada vaxt təcrübələrini məhdudlaşdırmaq da asılılığın azalmasına kömək edir”.

Psixoloq həmçinin əlavə edib ki, uşaqların sosial şəbəkələrdən istifadəsi onlarda narahatlıq, içə dönüklük, güvənsizlik, stress kimi mənfi duyğulara səbəb olur:
“Bundan əlavə, uşaqların üz-üzə öyrənmələri və təcrübə etmələri lazım olan sosial bacarıqları yaşamalarına mane olur və bu bacarıqların heç vaxt inkişaf etməməsinə səbəb olur”.

Mütəxəssis və klinik psixoloq Solin Çekin sosial şəbəkə paylaşımlarımızın əhəmiyyətli bir hissəsi beynimizin həzz zonasını işə saldığını söyləyib:

“Bu, bizi daim paylaşmağa sövq edir. Zövq beynin “mükafat” mexanizmini işə salaraq dopamin ifraz edir və beyində mükafat hissini aktivləşdirir. Ona görə də da hər dəfə paylaşım edən zaman anlıq məmnunluq hissi ilə “paylaşmağa davam et” qavrayışı yaranır. Bu vəziyyət beynimizdəki “asılılıq” anlayışına uyğun gəlir”, - o deyib.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.020088911056519