Gül, könlümün ərk qalası - Abdulla Məmməd
Bu şeiri ərinə, iki oğul balasına, mərhum atasına, anasına, qayınatasına, qayınanasına, qardaşına ömrü boyu sadiq qalan, namusunu, ismətini, şərəf və ləyaqətini həyatda həmişə hər şeydən uca tutan anam əvəzi sədaqətli əziz həyat yodaşıma ithaf edirəm.
Səni sevən ürəyimi,
Gizləmədim gözlərimdə.
Saf qəlbimin diləyini,
Gülüm, duymur gözlərin də?
Oxu, gözəl, gözlərimi,
Ürəyimdən nə keçir-gör.
Baxışım gül sözlərimi,
Ürəyinə köçürür-gör.
Gözlərimdə gül üşünür,
Gül üzünə həsrət mənəm.
Əsirgəmə gülüşünü,
Toy tutmasın həsrət mənə.
Kipriyindən asılıbdır,
Dodağında donan gülüş.
Ürəyimə qısılıbdır,
Bir vaxt üzə qonan gülüş.
Dərilməmiş qönçə gülsən,
Gözümdə yaz çiçəyisən.
Küsmə məndən, qönçə gül, sən
Eşqimin gül ləçəyisən.
Gözlərimin şeh damlası,
Qoy, gül açsın yanağında.
Gül, könlümün Ərk qalası,
Ölüm gülüş ayağında.
Azərbaycan. Quba.
14.09.2015.