Suriyaya humanitar yardım missiyasının mandatı uzadılmadı

Suriyaya humanitar yardım missiyasının mandatı uzadılmadı
 

BMT-nin Suriyaya humanitar yardım missiyasının səlahiyyət müddətinin uzadılması qurumun Təhlükəsizlik Şurasında öz təsdiqini tapmayıb.

Paralel.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında bildirib.

Sözçü qeyd edib ki, 2014-cü ildən Cilvegözü Sərhəd Qapısından Suriyanın şimal-qərbinə yardım edən mexanizmin səlahiyyət müddəti ötən günbaşa çatıb. Doqquz ay müddətində uzadılması nəzərdə tutulan qətnamə layihəsi TŞ-nin iclasında təsdiqlənməyib.

Düjarrik BMT baş katibinin mexanizmin mandatının uzadılmasının təsdiqlənməməsindən məyusluğunu qeyd edib.

Baş katibin sözçüsü Suriya rəhbərliyinin razılığı ilə yardımın avqustun 13-nə qədər Öncüpınar və Çobanbey sərhəd qapılarından göndəriləcəyini deyib.

Fevral ayında Kahramanmaraşda baş verən zəlzələlərin təsirlərinin bölgədə hələ də hiss olunduğunu vurğulayan BMT sözçüsü bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini əlavə edib.

Qeyd edək ki, BMT TŞ-nin Suriyaya humanitar yardım missiyası 2014-cü ildə təsdiqlənib. Qətnamə Suriya hökumətinin icazəsi olmadan humanitar yardım karvanlarına ölkənin dörd sərhəd məntəqəsini keçmək imkanı verir.

0.016441106796265