Mənə “oğul” dedi bayaq bir qadın Hikmət Məlikzadə

Mənə “oğul” dedi bayaq bir qadın - Hikmət Məlikzadə
 

Mənə “oğul” dedi bayaq bir qadın,
Sus, - dedim, - qulağım “toxdu” nə vaxtdı.
O sözü anamdan eşitdim tez-tez,
O, yoxdu, o söz də yoxdu nə vaxtdı.

Sən Allah, incimə, çətin bu halda
Səni anam qədər duyam... bağışla.
Məni özgə hislər ovutmur, neynim,
Mən belə adamam, buyam, bağışla.

Anam sağ olanda qayğım az idi,
İçimdə min arzu çapardı elə...
Əzrayıl qoymadı səsini duyum,
Gözüm baxa-baxa apardı elə.

Yorğun gözlərimi qəm sarıb indi,
Heç vaxt demədiyim son ağıdı o.
İndi mən onsuzam, o, mənsiz deyil,
Yuxumun ən əziz qonağıdı o.

Mənə “oğul” demə, ağbirçək qadın,
Yad gözdə eşq hissi oxunmaz qəti.
Əgər anam yoxsa, yüz yol “oğlum” de,
Mənə zərrə qədər toxunmaz qəti.

"Paralel.az"

 

0.035660982131958