Yollar - Qalib Arif
(“Yol düşüncələri” silsiləsindən)
Allahın adını salıb yada, düşürəm Bakıdan Qaxa aparan yollara… Elə bil ki, yerdən göylərə uzanır yollar… Gah düşür, gah qalxır, gah da qaralır yollar…
Yollar ayrıcında bizim Şamaxı - Azərbaycanın dünəni, sabahı… Tarixlərə meydan oxuyan diyar, dünyaya Nəsimilər, Şirvanilər, Sabirlər bağışlayan diyar...
Göz oxşayır Ağsu dolamaları, güllər, çiçəklər, hər döngədən yeni mənzərələr valeh edir adamı… Gülüstani-İrəmi xatırladır, yam-yaşıldır İsmayıllı yolları. Daş dövründən axır dağların sirdaşı Girdman çayı...
Cavanşiri bələkdə görüb, xəzərləri beşikdə... Tarixlərdən boylanır, bizə baxır meşələr içindən qədim Qəbələ. “Çuxur”u var, kəndi, şəhəri var – Cəngavərlər dövründən bizə yadigar…
Dayanıb dağların döşündə Şəki, Qalalıdır, Marxallıdır dağ təki. Burda dayanmağımız, Şəki pitisindən dadmağımız, halvasından almağımız, pay aparmağımız bir qaydadır. Ruhumuza istirahət, canımıza faydadır. Yollarsa dağlara qalxır, bizi uzaqlara aparır... Şəkinin qoynuna sığınıb Oğuz diyarı, tarixi, dəyəri, gözəlliyi sonsuz diyarı…
Şəkidən keçir, Əyridən su içir… Deyirlər burda yolların da, adamların da əyriliyi bitir… Yaşıl tunellərə girir, günəşin də gözündən itir, adamın qəlbini titrədir yollar... Bu da bizim dağlar, bizim qaxlılar - qonaq qarşılamağa hazır onlar... Dünyada Qaxdan gözəl yer var?!
-Yazında gül açır, hər yanı gülüstandır, yayında bulaqları dərmandır, dağları yaylaq, düzləri arandır. Fındıqlı, qozlu, qonaqlı-qaralı payızı var Qaxın... Qışında aranları qışlaq, dağları ağ-appaq qardır... Allaha şükür, qışın da sonu bahardır...
Qalib ARİF
"Paralel.az"