Azərbaycan öz humanist və multikultural
dəyərləri ilə dünyaya nümunədir

Azərbaycan öz humanist və multikulturaldəyərləri ilə dünyaya nümunədir
 

Mədəniyyətin ən mühüm şərtlərindən biri də, mədəni müxtəliflik və ona hörmətlə yanaşmadır

 Bu gün dünyada baş verən bütün anlaşılmazlıqların və münaqişələrin kökündə ilk növbədə tolerantlığın və multikulturalizmin çatışmamazlığı amili durur.

Bu səbəbdən də dini, milli, hətta iqtisadi-sosial dözümsüzlük kimi hallar, bəşəriyyəti daha çox narahat edən problemlər sırasında yer alıb. Çünki sosial- iqtisadi sahədə baş verən ciddi fikir ayrılıqları, son nəticədə həm insanlar, həm də dövlətlər arasında qütbləşməyə, daha dəqiq desək, dözümsüzlüyə və düşmənçiliyə səbəb olur. Bu qütbləşmələr nəticəsində həm də müxtəlif qruplaşmalar meydana gəlir. Yəni, insanlar dini, irqi, siyasi, iqtisadi, sosial durumları eyni olan müxtəlif qruplarda birləşirlər. Bu mürəkkəb təbəqələşmə prosesinə məruz qalan planetimizdə insanları sadə bir sual daha çox düşündürür, biz özgələşməkdən, məhv olmaqdan necə xilas ola bilərik?

Sayından, məskunlaşdığı cografiyasından, iqtisadi-sosial imkanlarından, dini-ideoloji baxışlarından asılı olmayaraq, bu sual boyükdən kiçiyə bütün xalqları, ən azsaylı etnosları belə, çox ciddi şəkildə düşündürür. Bu sualın isə bir cavabı var- qloballaşan dünyamız multikulturalizmi, tolerantlığı və bəşəri dözümlülüyü inkişaf etdirmədən, bu problemlərin həllinə nail ola bilməyəcək.

Multikulturalizm bəşəriyyəti mədəni müxtəlifliyə, rəngarəngliyə, mədəni çoxçalarlığa dəvət edir. Multikulturalizm bəşəriyyəti insanlar, dinlər, millətlər, dövlətlər arasındakı anlaşılmazlıq və dözümsüzlük sərhədlərini aşmağa çağırır. Bəşəriyyətin inkişafı, çıçəklənməsi üçün bundan məqsədyönlü dəvət, uzaqgörən siyasət, çağırış ola bilərmi? Bu çağırışlara əməl etmək üçün hər kəs bir xalqın, yaxud kiçik bir etnosun nümayəndəsi olaraq, təmsil etdiyi xalqın kimliyi, dini, dili, tarixi, adət-ənənələri haqqında məlumatlı olmalı və özlüyündə mədəni dəyərlər konsepsiyasını yaratmalıdır. Yalnız bundan sonra hər bir etnos özünün yaşayış siyasətini formalaşdıra bilər.

Qədim hüquqi dövlətçilik ənənələri olan, demokratik prinsiplərə söykənən idarəçilik sisteminə malik müstəqil Azərbaycan respublikasında hər bir azsaylı xalq, etnos öz milli identifikasiyasını təqdim edə, mədəni özünəməxsusluğunu göstərə, daşıdığı dini-ideoloji prinsipləri ortaya qoyaraq, fəaliyyət göstərmək imkanlarına malikdir. Bu da ölkəmizdə yaşayan bütün xalqlar arasında multikulturalizmin təsir dinamikasını daha da gücləndirir.

 Azərbaycanda azsaylı xalqların, etnik qrupların dilindən, dinindən asılı olmayaraq, bütün hüquq və azadlıqları konstitusiya və qanunlarla qorunur və onlar ölkəmizin bərəbərhüquqlu vətəndaşlarıdırlar. Bu da imkan verir ki, ölkəmizdə mövcud olan müxtəlıf mədəniyyətlər arasında dialoq azadlığı yaransın. Azərbaycanda müxtəlif etnik qruplar, azsaylı xalqlar arasında mövcud olan qarşılıqlı tolerant münasibətlər onların mədəni, milli mənsubiyyətlərinin multikulturalizm dəyərlərinə uyğun inkşaf etməsinə stimul verir. Bu rəngarənglik heç şübhəsiz ki, Azərbaycan mədəniyyətinə də öz töhfəsini verir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada şoxmillətli, çoxçalarlı, çox konfessiyalı dövlət kimi tanınır.

Milli-mədəni müxtəlifliyin təməl elmi prinsip, fakt və yanaşma metodu kimi, əsaslandırılması dahi alman mütəfəkkiri İ.Herderin adı ilə bağlıdır. O özünün "Bəşəriyyətin tarix fəlsəfəsinə dair ideyalar" əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi səciyələndirib.

İ.Herderin fikrincə, məhz dində, dildə, sənətdə, elmdə təcəssümünü tapan mədəniyyət hər bir cəmiyyətin bənzərsizliyini, identikliyini şərtləndirir.

Digər bir alim-filosof Kaqan M.S. hesab edir ki, mədəniyyəti, yalnız öyrənmək deyil, eyni zamanda, başqa mədəniyyətlərin də mövcud olmasını, təbii tarixi fakt olaraq qəbul etmək lazımdır.

Bu fikirlər onu deməyə əsas verir ki, mədəniyyətin ən mühüm şərtlərindən biri kimi, mədəni müxtəliflik nəzərdə tutulur. Milli-etnik qrupları həm də "Mədəni birlik" adlandırmaq olar. "Mədəni birlik" dedikdə, hər hansı bir toplumun sosial həyatının bütün tərəfləri-siyasət, iqtisadiyyat və diğərləri nəzərdə tutulur.

"Mədəni birlik" müstəvisində hər hansı bir etnosun formalaşmasında yalnız  mədəni deyil, eyni zamanda, coğrafi mühit, sosial strukturun oxşarlığı, biososial amillər və hətta təsərrüfat faktorları da, xüsusi rol oynayır.

Bu və digər faktorlar nəticəsində təbii şəkildə insanlar arasındakı münasibətlər doğmalaşır. Eyni zamanda, dil, adət-ənənə, məişət və psixoloji cəhətlərin ümumiliyi formalaşır. Lakin bütün bu oxşarlıqlara baxmayaraq, hər bir etnos, insan birliyi milli özünüdərketmə şüuru ilə öz parametrlərini müəyyənləşdirə, özünəməxsusuluğu hiss edə bilirsə, bu, multikulturalizmin çiçəklənməsi deməkdir.

Multikulturalizm elə bir anlayışdır ki, burada hər bir toplum etnik mənsubluğuna sahib çıxaraq, öz milliliyini qoruyub saxlaya bilir. Bu zəmində toplumların etnik mənsubluğu ilə yanaşı digər paralellər də yaranır. Bunlar vətəndaşlıq hüququ və vətəndaşlıq vəzifəsidir.

Multikultural dəyərlər həm də azsaylı xalqlara özünüdərk və özünütəbliğ imkanları yaradır. Bu dəyərlərin cəmiyyətimizdə tam bərqərar olması üçün digər şərtlər də yerinə yetirilməlidir. Dilindən, dinindən, irqindən milli dəyərlərindən asılı olmayaraq, hər kəs bir Azərbaycan vətəndaşı olaraq, öz öhdəliklərini yerinə yetirməyə borcludur. Dövlət qarşısında vətəndaşlıq borcu heç kimin milli mədəniyyətini məhdudlaşdırmır. Əksinə, hər bir Azərbaycan vətəndaşı hansı mövqedən çıxış edir-etsin, həmişə azərbaycançılıq məfkurəsini uca tutmalı, olkənin əsas qanunu olan Konstitusiyanın şərtlərinə uyğun hərəkət etməlidir. Azərbaycan Respublikasının vətəndaşı olduğunu, daşıdığı "azərbaycanlı" statusunu hörmətlə qoruyub saxlamalıdır.         

Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində təsbit olunub. Burada göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi, hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs, Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda, vətəndaşlıq hüququnun təminatı ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsində göstərilir ki, Azərbaycan vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz, ikinci bir təminat, heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

 Bu da onu deməyə əsas verir ki, ümumuiyyətlə, vətəndaşlıq və milli mənsubluq ayri-ayrı meyyarlardır. Vətəndaşlıq hüququnu uca tutan, olkənin qanunlarına hörmət və məsuliyyətlə yanaşan etnik qrupların, azsaylı xalqların nümayəndələri həmin ölkənin hüdudlarında öz etnik mənsubluğunu qoruyub saxlaya bilərlər. Həm də qarşılıqlı münasibətlər formasında digər etnoslarla mədəni mübadilə apara bilərlər. Yuxarıda da qeyd etdiyimiz kimi, azərbaycançılıq böyük məfkurədir. Burada talış, ləzgi, udin, avar və digər xalqlar və etnos nümayəndələri bərabər tutulur, onların vətəndaşlıq mövqeyi nəzərə alınır. Məhz bu mütərəqqi cəhətlərinə görə, Azərbaycan bütün dünyaya öz humanist, multikultural dəyərləri ilə nümunə kimi təqdim olunur. Bu, həm də  bizim mənəvi, mədəni və elmi zənginliyimizə təkan verir. Hər kiçik etnos öz mədəniyyəti, dili, dini, məişəti və ədəbiyyatı ilə ümumilikdə Azərbaycan mədəniyyətinə yeni rəng qatır, maraqlı töhfələr verir.

  Azərbaycan dövlətinin yürütdüyü siyasətin nəticəsi olaraq, etnik mənsubluğundan asılı olmayaraq, hər bir etnos Azərbaycanı birmənalı olaraq öz vətəni hesab edir. Ölkənin Konstitusiyasını, bayrağını, gerbini və himnini əbədi dövlətçilik rəmzləri kimi sevir və təbliğ edir. Multikulturalizmin aliliyi elə məhz bundadır ki, bu ölkədə hər bir etnos, hər bir insan qruplaşması bir "mən" olaraq öz milli gerçəkliyi, mədəni təfəkkürü ilə tanınır və alqışlanır. Ölkəmizdə ən kiçik etnoslar belə, dövlətin böyük qayğı və diqqəti ilə əhatə olunub. 

 Ümummilli lider Heydər Əliyevin Azərbaycan respublikasında yaşayan milli azlıq, azsaylı xalqlar və kiçik qrupların hüquq və azadlıqlarının qorunması, dil  və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında 1992-ci il 20 sentyabr tarixli məlum fərmanı kiçik qrup və xalqların ölkəmizdə yüksək diqqət və qayğı ilə əhatə olunduğunun bariz nümunəsidir.

 Azərbaycan Konstitusiyanın 72-ci maddəsi isə insan hüquq və azadlıqlarının qorunması üçün ən tutarlı bir əsasdır. Burada göstərilir ki, irqi, milli, dini, dil, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə, insan və vətəndaş hüquq və azadlıqlarını məhdudlaşdırmaq olmaz.

 Tarixin dərinliklərindən bu günümüzə qədər, Azərbaycanda yaşayan milli azlıqlar öz milli-etnik özunəməxsusluğunu qoruyub saxlamaqla yanaşı, Azərbaycanın bir ölkə olaraq mədəni, məişət, sosial-iqtisadi həyatına qaynayıb-qarışır, öz vətəndaş mövqelərini ortaya qoyurlar. Məskunlaşdığı ərazidən, əsrlər boyu formalaşdığı yerindən-yurdundan asılı olmayarq, Azərbaycan coğrafiyası milliyyətindən asılı olmayarq hər bir azərbaycanlı üçün vətəndir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.67258906364441