Bu müəssisə Orta Dəhlizlə yüklərin daşınması müddətini azaldacaq

Bu müəssisə Orta Dəhlizlə yüklərin daşınması müddətini azaldacaq
 

Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında birgə dəmiryolu müəssisəsinin yaradılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə yüklərin çatdırılma müddətini 10 günədək azaldacaq.

Paralel.az ” xəbər verir ki, bunu Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev bildirib.

M. Karabayev qeyd edib ki, əvvəllər marşrut üzrə bu müddət 53 gün idisə, bu gün 18-23 günə endirilib: "Bu il, birgə müəssisənin fəaliyyətə başlaması nəticəsində çatdırılma müddəti 18 zəmanətli günə, daha sonra isə 10-15 günə endiriləcək".

Nazir bildirib ki, müəssisə tariflərin unifikasiyası və marşrut üzrə bütün yüklərin emalı ilə məşğul olacaq: "Onun əsas vəzifəsi Çin və Avropa arasında yük daşımalarının həyata keçirilməsidir”.

Qeyd edək ki, Qazaxıstanın baş naziri Əlixan Smailovun Bakıya rəsmi səfəri çərçivəsində iyunun 22-də “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC və “Gürcüstan Dəmir Yolları” SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş” imzalanıb.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

 

 

0.010549068450928