Hitlerin və Stalinin sevimli mühəndisi... -Porşe nazir vəzifəsindən imtina edib
Ən yeni tarix. Maraqlı faktlar.
Hitlerin və Stalinin sevimli mühəndisi – Porşe SSRİ-də nazir vəzifəsindən imtina edib.
Onu 20-ci əsrin əfsanəvi mühəndisi adlandırıblar. O, əks qütblərdə dayanan iki diktatorun- həm Adolf Hitlerin, həm də İosif Stalinin böyük rəğbətini qazanıb. Ferdinand Porşenin müəllifi olduğu iki avtomobil, “Porsche 911” və “Wolksvagen” iyirminci yüzilliyin ən yaxşı beş avtomobilinin arasında yer alıb və Porşe iyirminci yüzilliyin ən yaxşı mühəndisi titulunu qazanıb.
Ferdinand Porşe 1875-ci ildə Çexiyanın Maffersdorf şəhərində anadan olub. Avtomobil təmiri sexinə sahib olan atası Anton Porşe yerli əhali arasında böyük nüfuz qazanıb və bacarıqlı avtomobil ustası kimi tanınıb.
Porşe 15 yaşından atasının yanında işləyib. Onun texnikaya həvəsi uşaqlıq illərindən başlayıb. Elə 15 yaşında olanda o, yaşadıqları evi fərqli bir üsulla elektrik enerjisi ilə təmin etməyə nail olub. Belə ki, Porşe iki aylıq gərgin əməkdən sonra heç kimin köməyi olmadan generator düzəldib.
Milliyətcə alman olan Ferdinand Porşe 18 yaşında Almaniyaya gedib. Texniki sahə üzrə təhsil aldıqdan sonra Almaniyanın ən böyük avtomobil şirkətlərində çalışıb. O, iş yerlərini çox tez-tez dəyişib, öz ixtiralarını reallaşdırmaq üçün şəxsi şirkət açmağa cəhd edib. Ancaq maliyyə vəziyyəti buna imkan verməyib.
25 yaşı olanda Porşe avtomobil sənayesində ilkə imza atıb. O, elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalı üçün mühəndis-layihə paketini hökumətə təqdim edib. Bu ixtiradan sonra Porşe ölkədə məşhurlaşıb.
Porşenin bir-birinin ardınca Almaniyanın ən böyük avtomobil layihələrində qazandığı uğurlar onu daha da populyarlaşdırıb və o, bu uğurlara görə Ştutqard Akademiyasından doktor elmi rütbəsini alıb.
1930-cu ildə Ferninand Porşe öz şirkətini təsis edib. İlk olaraq onun əsas fəaliyyət sahəsi idman avtomobilləri olub.
1930-cu illərin əvvəllərində Adolf Hitler sıravi Almaniya vətəndaşları üçün əlçatan olan xalq avtomobilinin istehsal olunması ilə bağlı təşəbbüs irəli sürəndə Porşe də bu layihəyə qoşulub. Onun təqdim etdiyi layihə Hitler tərəfindən qəbul olunub. Hətta fürer layihənin müzakirəsi zamanı Porşenin ixtirasına təəccübünü gizlədə bilməyib. Beləliklə, 1938-ci ildə qiyməti 400 dollar olan “Wolksvagen”i (tərcümədə avtomobilin adı xalq avtomobilidir) satışa çıxarılıb. Sıravi almanlar üçün “Wolksvagen”nin peyda olması əlamətdar bir hadisə sayılıb.
Porşenin uğurları haqqında dünya mətbuatında mütəmadi olaraq yazılar gedib və avtomobil mühəndisi təkcə Almaniyada deyil, bütün dünyada ad çıxarıb, şöhrət qazanıb.
Həmin ərəfədə, 1930-cu illərdə SSRİ-də avtomobil, kənd təsərrüfatı və hərbi texnika sahəsində vəziyyət heç də ürəkaçan olmayıb. Bunu dərk edən Stalin bu sahəyə xarici mütəxəssislərin cəlb edilməsini vacib sayıb və elə bu məqsədlə də Porşeni Moskvaya dəvət edib.
Alman mühəndisini SSRİ-də böyük hörmətlə qarşılayıblar. Səfərinin birinci günü onun Stalinlə görüşü keçirilib. Fikir mübadiləsi apardıqdan sonra Stalin göstəriş verib ki, Porşeni SSRİ-də olan avtomobil zavodları ilə tanış etsinlər. Porşe bir neçə gün zavodlarda olub, hətta onu hərbi sənayye müəssisələrinə də aparıblar. Vəziyyətlə tanış olduqdan sonra Stalinlə Porşenin növbəti görüşü keçirilib. Sovet lideri Porşeyə böyük rəğbət bəslədiyini bildirib və təklif edib ki, SSRİ-də qalsın. Ona nazir vəzifəsi də təklif olunub. Porşe bu təklifdən imtina edib.
İkinci Dünya müharibəsi ərəfəsində Hitler Almaniyada hərbi sənayeni gücləndirəndə Porşeni də bu işə cəlb edib. 1938-ci ilin sentyabrında Reyxstaqda keçirilən iclasda o, tribunadan üzünü Porşeyə tutuaraq,- “mən sizə güvənirəm”,- deyə mühəndis haqqında yüksək fikirlər söyləyib.
Porşe hərbi texnika sənayesində də böyük uğurlara imza atıb. SSRİ-də “Tiqr” adlandırılan almanların məşhur “Tiger” tankı, özüyeriyən artilleriya qurğuları Porşe tərəfindən hazırlanıb.
Sözsüz ki, SSRİ-də də hərbi texnika sahəsində durğunluq yaranmayıb. Sovet hərbçiləri almanların “Tiqr” tanklarının qarşısına “T-34” çıxarıblar. Bu tanklar çox rahatlıqla düşmən texnikalarını, o cümlədən alman “pələng”lərini məhv edib.
“T-34”-ün texniki sirlərini öyrənmək üçün Vermaxt rəhbərliyi, Almaniya kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin əməkdaşları Porşeni sorğu-suala tutublar. Porşenin SSRİ-də olduğunu, bütün zavodlarda gəzdiyini, o cümlədən tank zavodları haqqında da məlumatlı olduğunu bilən yüksək çinlilər Porşedən sirləri açmağı tələb ediblər. Porşe isə sovet hərbi sənayesi haqqında bir cümlə də olsun deməyib. “Mənim bu sirləri açmağa nə mənəvi, nə hüquqi ixtiyarım yoxdur”,- deyə o, sükut nümayiş etdirib.
Müharibə sona çatdıqdan sonra, 1945-ci ilin dekabrında Porşe Fransa Ədliyyə Nazirliyinin qaldırdığı cinayət işi ilə həbs edilib. O, nasist fəaliyyətində ittiham olunub. 20 ay Fransada həbsxanada qaldıqdan sonra mühəndis bəraət qazanaraq azadlığa buraxılıb.
Ferdinand Porşe ömrünün sonuna qədər öz adını daşıyan şirkətdə avtomobil sənayesi ilə məşğul olub. O, 1951-ci ildə, 75 yaşında vəfat edib. Ölümündən öncə şirkətini oğluna vəsiyyət edib.(c)
İlham Cəmiloğlu
"Paralel.az"