Ən yeni tarix - maraqlı faktlar... -FOTO

Ən yeni tarix - maraqlı faktlar... -FOTO
 

Stalinin əmrindən imtina edən general – Puxova həbs cəzası əvəzinə general-polkovnik rütbəsi verilib.

1943-cü ildə Kursk döyüşləri başlanmazdan əvvəl Baş Qərargahda əməliyyat planı hazırlanarkən Mərkəzi cəbhədə dislokasiya olunan ordu komandanları da əməliyyat müşavirələrinə dəvət ediliblər. Onlardan biri də 13-cü ordunun komandanı Nikolay Puxov olub. Kurskun şimal istiqamətindən hücum planı məhz onun komandan olduğu orduya həvalə edilib. Bu təklif isə müşavirədə iştirak edən Ali Baş Komandan İosif Stalin tərəfindən irəli sürülüb. Qısa müzakirələrdən sonra general-leytenant Puxov ayağa qalxaraq Stalindən söz istəyib:

Yoldaş Stalin, mən sizin əmrinizi icra etməkdən imtina edirəm. İndi hazırlanan əməliyyata görə Kurskun şimal istiqamətindən hücum planı minlərlə döyüşçünün və çoxsaylı hərbi texnikanın məhvinə səbəb olacaq. Mən peşəkar hərbçi kimi buna yol verə bilmərəm. İmtinaya görə istənilən cəzanı çəkməyə hazıram.

Sözsüz ki, Stalinin əmrini icra etməkdən boyun qaçıran generalı nə gözlədiyini hamı yaxşı anlayıb. Müşavirə zalına sükut çöküb. Zalda gəzişən Stalin də bir neçə dəqiqə bu sükutu pozmayıb. Nəhayət, Ali Baş Komandan üzünü generala tutub:

Siz böyük bir əməliyyatdan əvvəl bu cür fikirlərinizlə şəxsi heyətin mənəvi-psixoloji durumuna zərbə vurursunuz. Məğlubiyyətə əminliyinizin səbəbi isə mücərrəddir. Qırmızı orduda sizin kimi özünə güvənməyən generallara yer olmamalıdır. Zalı tərk edin. Haqqınızda müvafiq qərar veriləcək.
Həmin müşavirədən sonra Baş Qərargahın rəisi marşal Aleksandr Vasilevski Stalinlə təkbətək qalaraq məsələyə aydınlıq gətirməyə çalışıb. Qeyd edək ki, Vasilevski Stalinin hərbi məsələlərdə ən çox güvəndiyi şəxslərdən biri sayılıb. Marşal general Puxovun haqlı olduğunu Stalinə anlatmağa cəhd edib:

Yoldaş Stalin, əslində, general Puxovun dediklərində və əməliyyatla bağlı verdiyi təkliflərdə böyük həqiqət var. Kursk əməliyyatı təkcə şimaldan deyil, bir neçə istiqamətdən başlanılmalıdır. Belə olan halda Vermaxt qoşunlarının ərazidəki qüvvələrini bir neçə istiqamətə yönəltməklə parçalamaq mümkün olar. Kəşfiyyat məlumatları da Puxovun əməliyyat təklifinin daha məqsədəuyğun olduğunu göstərir.
Təxminən bir həftədən sonra Kurs əməliyyatının birinci mərhələsi başlanıb. Əməliyyat marşal Vasilevskinin göstərişi ilə Puxovun düşündüyü kimi həyata keçirilib. İlkin əməliyyatların uğurlu keçirilməsi sayəsində Kursk döyüşləri sovet qoşunlarının qələbəsi ilə yekunlaşıb.

1944-cü ildə Kremldə hərbçilərin növbəti təltif mərasiminə hazırlıq görüləndə Stalin Vasilevskiyə siyahıya bir nəfərin adının salınmasını da göstəriş verib:

Aleksandr Mixayloviç, o “yaramaz”ın (Puxovu nəzərdə tutub) adını da siyahıya salın.
Təltif mərasimində Stalin general-leytenant Puxova general-polkovnik rütbələrini təqdim edib:

İkinci dəfə bağışlamayacağam, ömrünün sonuna qədər Sibirdə ağ ayıların yanında yaşayacaqsan.
Qeyd edək ki, 1895-ci ildə Kaluqada, Qrişovo kəndində anadan olan Puxov ilk təhsilini ruhani məktəbində alıb. Yeniyetməlik illərində o, ağlına belə gətirməyib ki, nə vaxtsa hərbçi olacaq, general rütbələrini daşıyacaq, Stalinlə üz-üzə dayanacaq. Puxov valideynləri kimi müəllim olmaq istəyib. O, Moskva İmperator Universitetində iki il təhsil aldıqdan sonra tarix və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Hərbi xidmətə çağrıldıqdan sonra isə Puxov fəaliyyət istiqamətini dəyişib, praporşiklər məktəbini bitirərək gələcəyini hərb sənətinə bağlayıb.

Sovet-alman müharibəsinə qədər Puxov ayrı-ayrı hərbi dairələrdə diviziya qərargahının rəisi, hərbi akademiyalarda kafedra rəisi vəzifələrində xidmət edib. Müharibə başlananda o, Müdafiə Komissarlığına (nazirliyinə) rəsmi müraciət edərək cəbhəyə göndərilməsini xahiş edib.

Müasirləri tərəfindən Puxov son dərəcə peşəkar və təcrübəli hərbçi kimi xarakterizə edilib. Marşal Georgi Jukov öz memuarlarında Puxovu aşağıdakı kimi xatırlayıb:

“General Puxov ilk baxışdan mülayim xarakterli bir insan kimi görünürdü. Hətta ilk tanışlıqda onun hərbçi olması hiss edilmirdi. Amma bu, onun görünən tərəfləri idi. Puxov döyüşlərdə olduqca sərt və tələbkar hərbçi, ən çətin və mürəkkəb situasiyalarda düzgün qərar çıxarmağı bacaran komandir idi. Onun ən üstün cəhətlərindən biri şəxsi heyətlə işləmək bacarığı idi ki, bu müharibə şəraitində ən vacib amillərdən biri sayılırdı. Puxov yeganə hərbçilərdən biri idi ki, yuxarı instansiyaların qarşısında öz fikrini söyləməyi, əməliyyat təkliflərini əsaslandırmağı bacarırdı. Çünki öz hərbi səriştəsinə əmin idi və bu əminlik heç vaxt onu çətin vəziyyətə salmırdı. O cümlədən Stalinin əmrini icra etməkdən imtina edəndə də, Puxov öz hərbi biliyinə güvənmişdi və sonda haqlı çıxmışdı. Stalinlə aralarında insident olsa da, Puxov Ali Baş Komandanın sevimli sərkərdələrindən biri sayılırdı...”

Müharibədən sonra Puxov təhsilini Voroşilov adına Ali Hərbi Akademiyada davam etdirib. Sonra Odessa, Şimali Qafqaz, Sibir Hərbi Dairələrində komandan vəzifəsində xidmət edib.

Ömrünün son illərində general “Sınaq illəri” adlı kitabını yazıb. Kitab onun vəfatından bir il sonra işıq üzü görüb.

General-polkovnik Nikolay Puxov 1958-ci ildə, 63 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbiristanlığında hərbi şərəflə dəfn edilib.

İlham Cəmiloğlu

"Paralel.az"

0.021873950958252