Tolerantlıq klassik Azərbaycan
ədəbiyyatının əsas mövzularından biridir

Tolerantlıq klassik Azərbaycanədəbiyyatının əsas mövzularından biridir
 

Əsrlər boyu bir sıra yazıçı, şair və mütəfəkkirlərimizin
əsərlərində multikulturalizm ənənələri öz əksini tapıb

 Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət olması bu gün dünyanın bütün sivil cəmiyyətlərində müsbət qarşılanır. Ölkəmizdə ta qədim zamanlardan mövcud olan tolerant və dözümlülük mühiti həyatımızın bütün sahələrini əhatə edir.

Tolerantlıq və multikulturalizm həyatımızın məişət, siyasət, iqtisadiyyat kimi sahələrinə nüfuz etdiyi kimi, həm də Azərbaycan ədəbiyyatında və incəsənətində də böyük yer tutur. Məsələn, Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvinin "Xəmsə"sində ("Beşlik") multikultural motivlərə daha çox rast gəlinir. "Xəmsə"nin beş əsərindən biri olan "Yeddi gözəl" poemasında şairin danışdırdığı gözəllərin hər birinin bir milləti təmsil etməsi, hələ o dövrdən ölkəmizin çoxmillətli bir dövlət olmasına dəlalət edir. Eləcə də, bütün Azərbaycan xalqına tanış olan "Xeyir və Şər" mənzum hekayəsinin Çin qızının dilindən səsləndirilməsini də, bu mövzunun davamı hesab etmək olar.

Onu da xüsusi vurğulamaq lazımdır ki, dahi Nizami ilə yanaşı digər mütəfəkkirlərimizin əsərlərində də, bu kimi elementlərə tez-tez rast gəlmək olar. Məsələn, müasir dönəmdə Qafqazda və Avropada məşhurlaşan, müəllifi mübahisəli olan "Əli və Nino" romanı da azərbaycanlı gənclə gürcü qızının məhəbbətindən bəhs edir. Bu da Azərbaycan xalqının tolerantlıq ənənələrinin təcəssümünə bir nümunədir.

Azərbaycanın xalq yaradıcılığı olan dastanlarda, atalar sözlərində, zərb məsəllərində də digər xalqların adları tez-tez çəkilir, onların azərbaycanlılarla qarşılıqlı münasibətlərindən söz açılır. Məsələn, "Koroğlu" dastanında əsərin qəhrəmanı Koroğlu "dəlilər"ini müxtəlif etnik qrupların nümayəndələrindən yığır və onlara hər xalqın öz adət-ənənəsinə uyğun ad qoyur. Belə ki, Dəmirçioğlu misgərlik və dəmirçiliklə məşğul olan hansısa dağ xalqlarının nümayəndəsi, halaypozan digər bir xalqın nümayəndəsi kimi təqdim edilir. Kürd xalqının nümayəndəsi isə açıq şəkildə Kürdoğlu kimi adlandırılır. Biz Azərbaycan ədəbiyyatına səyahət edərək, bu siyahını sonsuza qədər uzada bilərik. Bütün bunları sadalamaqla, sadəcə onu demək istəyirik ki, tolerantlıq, başqa xalqların mədəniyyətinə, ədəbiyyatına, adət-ənənələrinə hörmət, Azərbaycanda qədim zamanlardan mövcud olub. Bu gün isə həmin dəyərlər daha yüksək səviyyədə qorunur və inkişaf etdirilir. Bu da ondan irəli gəlir ki, ölkəmizdə multikulturalizmin qorunması və inkişaf etdirilməsi xalqımızın həyat tərzi, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Buna görə də, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumları, QHT-lər, elm və təhsil müəssisələri də, dövlətimizin prioritet hesab etdiyi tolerantlıq və mültikulturalizm dəyərlərinin inkişaf etdirilməsi üçün öz töhfələrini verməyə çalışırlar. Bu məqsədlə, AMEA-nın əsas binasında Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə 2017-ci ilin MDB məkanında "Ailə ili" elan olunması ilə əlaqədar "Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli Azərbaycanda multikultural həyat tərzinin böyük tarixi ənənələrinin olduğunu bildirərək, qeyd edib ki, qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələri birgə yaşayıblar və bu birgəyaşayış forması, eləcə də dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühiti Azərbaycan ədəbiyyatına və incəsənətinə də təsirsiz ötüşməyib və bütün dövrlərə aid örnəklərdə özünün parlaq bədii əksini tapıb. Natiq həmçini bildirib ki, əsrlər boyu bir sıra yazıçı, şair və mütəfəkkirlərin əsərlərində multikulturalizm ənənələrini özündə əks etdirən nümunələrə rast gəliniz.

Bu gün də ölkəmizdə möhkəm multikulturalı əsaslara malik tolerant mühitin mövcud olması, müasir inkişafın əsas göstəricilərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini, həmrəyliyini əks etdirir. Ümummilli lider Heydə Əliyevin "Hamımızın bir vətəni var. Bu, Azərbaycandır" dahiyanə fikri də, ölkəmizdə birlik və həmrəyliyin, millətlərarası münasibətlərin əsasını təşkil edir. Ölkəmizdə yaşayan bütün xalqların, etnik qrupların eyni dərəcədə inandığı və hörmət etdiyi vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək müstəqil dövlətimizin ən böyük nailiyyətlərindən biridir. Təməli ümummilli lider tərəfindən qoyulan bu siyasət Azərbaycan Respublikasının prezidenli İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə qaldırılıb.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da "Multikulturalizm ili" ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilib. Belə ki, Akademiyanın bir sıra institutlarında genişmiqyaslı elmi konfranslar təşkil olunub, Fəlsəfə İnstitutunda Multikulturalizm elmi-tədqiqat şöbəsi yaradılıb, əməkdaşların multikulturalizm və tolerantlıq məsələlərinə həsr edilmiş elmi əsər və məqalələrinin ictimaiyyətə təqdim edilməsinə imkan yaradılıb.

Keçən ilin sonunda isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda "Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq" mövzusunda konfrans keçirilib. Konfrans 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli"-nin elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə bağlı olub. Keçən ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilməsi dözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində dövlətin rolunu qabardan əlamətdar hadisələrdən biridir.

Azərbaycan həmrəylik, dialoq ölkəsidir və bu istiqamətdə ardıcıl dövlət siyasətinin aparılması da, ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verildiyini göstərir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə müxtəlif dinlərin mənsubları heç bir ayrı-seçkiliklə qarşılaşmadan öz ayinlərini sərbəst şəkildə həyata keçirə bilirlər.

Bu isə o deməkdir ki, Azərbaycanda multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi, beynəlxalq aləmdə artıq bir model kimi qəbul olunur. Bu gün dünyada islamafobiyanın artdığı, multikulturalizmin iflasa uradığı iddia olunduğu bir zamanda, Azərbaycan prezidentinin belə bir Sərəncam imzalamasının əsas mahiyyəti İslam həqiqətlərini, elmi dəyərlərini dünyaya çatdırmaqdır. Konfransda qeyd olunub ki, prezidentin sərəncamından irəli gələn tədbirlər çərçivəsində həm də, uşaqlar üçün İslam ensiklopediyasının hazırlanması nəzərdə tutulub.

Keçən ilin sonunda Azərbaycan ədəbiyyatı və tolerantlıq mövzusunda tədbir Gəncə şəhərində keçirilib.

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində gerçəkləşən konfrans "Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq" mövzusuna həsr olunub. Konfransda Azərbaycan dili, Azərbaycan və dünya ədəbiyyatı  kafedralarının professor -müəllim heyəti, fakültənin tələbələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, prof. Mübariz Yusifov qeyd edib ki, bu konfrans günümüzün tələbidir. Müasir dövrdə islam həmrəyliyinə çox böyük ehtiyac var. İslam dini vəhdət, birlik, sevgi və sülh dinidir. Respublikamızda İslam dünyasının həmrəyliyinə, vəhdətinə həmişə böyük önəm verir. Bunun nəticəsidir ki, bu gün dünyanın müxtəlif xalqları da tolerantlıq və mültikulturalizmlə bağlı Azərbaycan modelini öyrənirlər. Bir çox etnik azlıqların (kürdlər, talışlar, tatlar, dağ yəhudiləri, ləzgilər, avarlar, xınalıqlar, axıska türkləri) Azərbaycanda sülh əmin-amanlıq şəraitində yaşaması dünya dövlətlərinin böyük maraqla izlədikləri prosesdir. Ölkəmizdə artıq tam formalaşan multikulturalizmin Azərbycan modelinin mövcud olması, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin nəticəsidir.

Bu siyasətin tərkib hissəsindən biri də, multikulturalizmin və tolerantlığın təbliğində gənclərin maarifləndirilməsinə xüsusi önəm verilməsidir. Buna görə də, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Könüllü Gənclər" İctimai Birliyinin həyata keçirdiyi "Radikallıqla mübarizədə mənəvi dəyərlərimizin rolu" layihəsi böyük əhəmiyyət kəsb edir. Layihə çərçivəsində Bakı şəhərində ikinci maarifləndirmə seminarları həyata keçirilib. Seminarlarda ali məktəblərdə təhsil alan gənclər, orta məktəb şagirdləri və QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkədə tolerantlıq mühitinin qorunub saxlanması, gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunması, radikal dini cərəyanların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısının alınması məqsədiylə gənclərimizə milli kimliyimiz, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycan tarixində multikulturalizm mədəniyyəti, mənəvi saflıq və əxlaqi dəyərlərimiz, vətənimizə qarşı məsuliyətlərimiz, fədakarlıq və yardımlaşma mövzularında ətraflı məlumat verilib və mülahizələr aparılıb. Seminarlarda çıxış edənlər çox böyük təəssüflə qeyd ediblər ki, bu gün ölkəmizdə bəzi gənclər radikal dini cərəyanların təsiri altına düşərək, milli və mənəvi şüurdan kənarlaşır. Halbuki milli-mənəvi, o cümlədən dini dəyərlərdən düzgün faydalanmaq gəncləri bir çox zərərli vərdişlərdən, alkoqollu içkilərdən, narkotik maddələrdən, eləcə də cəmiyyətdə tez-tez rast gəlinən bir sıra sosial bəlalardan çəkindirir, onlara birlik, vətənpərvərlik hissləri aşılayır. Əslində, düzgün dini anlayış bu sahədə böyük potensiala malikdir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

2.2120800018311