Qulaq yoldaşı 

Qulaq yoldaşı 
 

(hekayə)

Solmaz Bakının qəsəbələrinin birində anadan olmuşdu. Atası Rüstəm kişi uzun illər idi ki, mağaza müdiri işləyirdi. Ən böyük arzusu qızını həkim görmək idi. Elə qız da böyüyəndə həkim olmaq istəyirdi. Elə də oldu. Solmaz məktəbi bitirdiyi il Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil oldu. Onunla bir sinifdə oxuyan Vüqar da öz arzusuna çatmış, Pedaqoji İnstitutun tarix fakültəsinə qəbul olunmuşdu.
Hələ məktəbdə oxuduqları vaxtdan Solmaz hiss etmişdi ki, Vüqarın ondan xoşu gəlir. İş elə gətirdi ki, hər gün şəhərə instituta da eyni avtobusda gedib-gəlməli oldular. Yolboyu dərslərindən danışır, ümumi mövzulardan söhbət açırdılar. Artıq avtobusun daimi sərnişinləri də onları həmişə bir yerdə görməyə adət etmişdilər. Solmaz ortaboy, qəşəng bir qız idi. Yanağındakı balaca xalı, qara saçları, ağappaq sifəti, incə gülüşü ona xüsusi gözəllik verirdi. Vüqar isə ucaboy, sarışın oğlan idi. Gözəl tərbiyəsi, səmimi, qayğıkeş rəftarı ilə ətrafdakılara xoş təsir bağışlayırdı. Hərdən səhərlər vaxt tapanda qızı instituta ötürür, dərsdən tez çıxanda isə Solmaz oxuduğu binanın qarşısına gəlir, evə birlikdə qayıdırdılar.
Beləcə hiss olunmadan illər keçir. Artıq Vüqar institutu bitirmək üzrəydi. Təyinatla onu ucqar dağ rayonlarından birinə müəllim işləməyə göndərdilər. Axırıncı günləri bir yerdə gedib-gəldiklərini hiss etsə də, heç cür ürəyindəkini açıb qıza deyə bilmirdi. Ayrılıq yaxınlaşdıqca elə bil ki, nitqı daha da tutulurdu. Nəhayət, bir gün səhər tezdən avtobusdan düşüb, metroya yaxınlaşanda addımlarını yavaşıdıb qızı səslədi:
-Səninlə söhbətim var.
-Nə söhbət, Vüqar? Elə dörd ildir ki, söhbət edirik də...
-Yox, Solmaz, bu tamam başqa söhbətdir.
Bir anlığa baxışları qarşılaşdı. Solmaz məsələni çoxdan başa düşsə də, o da özünü itirmişdi. Utandığından qıpqırmızı qızarmış Vüqar dili dolaşa-dolaşa ürəyindən keçənləri birnəfəsə deməyə çalışdı:
-Solmaz, artıq neçə ildir ki, səni sevirəm, mən səninlə ailə həyatı qurmaq istəyirəm. Düzdür, sən hələ bir neçə il də oxuyacaqsan. Nə olar, oxu qurtar. Mən də təyinatla rayonda işləyim, əsgəri xidmətimi yerinə yetirim, sonra ailə həyatı quraq. Hə, Solmaz, de görüm fikrin nədir?
Solmazın baxışları uzaqlara zillənmişdi. Handan-hana dilləndi:
-Vüqar, hələ heç nə deyə bilmərəm. Sağlıq olsun, baxarıq.
Beləcə ayrıldılar.
Əvvəlcə rayonda işləməyə, oradan da hərbi xidmətə yola düşən Vüqar müddəti başa çatdıqdan sonra Bakıya qayıdaraq orta məktəblərin birində müəllim işləməyə başlamışdı. Solmaz da institutu bitirib poliklinikaların birində sahə həkimi işləyirdi. Hər gün yanına gələn xəstələr ona müxtəlif hədiyyələr gətirir, habelə pul da verirdilər. Bir gün Vüqar onun iş yerinə gəldi, görüşdülər, ona fikrini bildirdi:
-Sabah anamı sizə göndərəcəyəm.
Ertəsi gün Vüqarın anası və iki nəfər yaxın qohumları elçiliyə gəldilər. Solmazın anası Valıdə xala məsələdən agah olandan sonra qızın fikrini bilmək üçün ona yaxınlaşdı. Qız qəti olaraq imtina etdi:
-Mən heç vaxt müəllimə ərə getmərəm. Düzdür, Vüqar yaxşı oğlandır. Ancaq nə olsun, müəllimdir, quru maaşa baxır. Mənim isə əlim pulla oynayır. Özüm kimi pul qazanan oğlanla ailə həyatı qurmaq istəyirəm.
Elçilər kor-peşiman geri qayıtdılar.
Aradan bir neçə il keçdi. Qohum-əqraba yığışaraq Vüqarı evlənməməyə görə çox danladılar və az müddətdən sonra onu iş yoldaşı olan müəllimə qızla evləndirdilər. Toya Solmaz da gəlmişdi. O, yaxın rəfiqəsi ilə toyda yeyib-içir, istehza ilə Vüqarın gələcək ailəsi haqqında danışırdı:
-Bəh-bəh! Ər müəllim, arvad müəllim. Gözəl dolanarlar, inşallah!
İkinci dəfə Solmaza elçi gələndə, yaşı otuz beşə çatmışdı. Elçi göndərən oğlan böyük bir mağazanın müdiri idi. Yaxşı evi-eşiyi, bağı, maşını var idi. Anası məsələni qızına danışanda yenə də rədd cavabı eşitdi:
-Tanıyıram onu, boydan balacadır, özünün də elə bir görkəmi yoxdur. Mən istəyirəm ki, nişanlım ucaboylu, qəşəng oğlan olsun.
Bu elçilər də beləcə geri qayıtdılar.
Artıq Vüqarın uşaqları var idi. Ailə mehriban dolanır, xoş arzularla yaşayırdı.
Bir neçə il də keçdi. Qonşu qəsəbədən Hüseynağa kişinin arvadı rəhmətə getmişdi. Övlad sarıdan iki qızları var idi ki, onlar da özlərinə ailə qurub köçdükləri üçün kişi tək yaşamağa məcbur olmuşdu. Onun tək dolana bilməyəcəyini görən qohumlar arvadın ölümündən bir il keçəndən sonra yığışaraq kişini evləndirmək qərarına gəldilər. Hərə öz tanıdığı qızın adını çəkdi. Nəhayət, Solmazın üstündə dayandılar.
Budur, yetmiş yaşlı Validə xala yenə də elçiləri qarşılayırdı. Gələnlər məsələni olduğu kimi danışdılar. –Düzdür, Solmaz Hüseynağadan yaşca xeyli kiçikdir. Ancaq nə olsun, xoşbəxtlik bəyəm yaşdadırmı?
Axşam işdən yorğun gələn qızını qarşılayan Validə xala dərhal məsələni ona açmadı. Solmaz artıq xəstəxanada baş həkimin müavini vəzifəsində işləyirdi. Özünə yaxşı cehiz düzəltmişdi. Gələcək nişanlısı üçün üzükdən tutmuş, nə lazımdırsa – hamısını almışdı. Bir vaxt həyatın mənası hesab etdiyi bu şeylər, yaş ötdükcə gözündə heçə çevrilmişdi.
Solmazın artıq qırx beş yaşı var idi. Atası artıq on il idi ki, rəhmətə getmişdi. Qoca anasının nə vaxtsa dünyadan köçəcəyini düşünəndə kövrəlir, təklikdə xısın-xısın ağlayırdı. Tək yaşayacağı isə onu narahat edirdi.
İki saatdan sonra Validə ana yenidən elçilərin gəldiyini ona xəbər verdi. Otağın ortasında dayanıb key kimi qulaq asan Solmaz heç nə deməyərək taqətsiz halda stula çökdü. O, bir neçə dəqiqə Vüqarı gözünün önünə götürdü. Ancaq artıq qulaq yoldaşının olmasını istəyirdi...
1984-cü il
Fərhad Əsgərov (Ramizoğlu)

"Paralel.az"

 

0.1417281627655