Nə yaxşı dünyada həyat eşqi var...
Nə yaxşı dünyada həyat eşqi var,
Ayaqda qalmağa aman saxlayır.
Ən şirin arzu da verməyəndə bar,
Bu gündən sabaha güman saxlayır.
Odur ürək verən sevən kəslərə.,
Fəda etsin canı eşq- həvəslərə.
Ümidi girdabda batan kəslərə,
Yapışıb çıxmağa saman saxlayır.
Yetməsən kamına, beləymiş yazı !
Qışdan keçər yolun , arasan yazı.
Dinin sevgidirsə , qəbul et azı,
Sevəni sədaqət, iman saxlayır .
Ürəksiz üzündən, bədxah üzündən,
Bəzən olur , dünya düşür gözündən.
İnsaf buxarlanır bu Yer üzündən,
Geri qaytarmağa duman saxlayır.
Şahlaram, ömrümü vursam da başa,
Sevgi sultanımdır, həqiqət paşam.
Mən ki dərd əhlinə dostam, sirdaşam,
Görənlər deməsin, bu, can saxlayır.
Şair Şahlar Hacıyev
"Paralel.az"